Mütəxəssislər Rio-2016-da cüdoçularımızın çıxışlarını necə dəyərləndirirlər?

Mütəxəssislər Rio-2016-da cüdoçularımızın çıxışlarını necə dəyərləndirirlər?

Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında cüdoçuların çıxışları artıq başa çatıb. Olimpnews.az saytının məlumatına görə, yekunda 6 cüdoçumuzdan ikisi - Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yalnız finalda büdrəyərək gümüş medalları ilə bizi sevindirdilər.

Təmsilçilərimizdən Orxan Səfərov 5-ci yerlə kifayətlənib. Nicat Şixalizadə, Məmmədəli Mehdiyev və Uşangi Kokouri isə mübarizəni erkən dayandırıblar. Əldə etdiyimiz nəticələrlə bağlı cüdo mütəxəssisləri və idmançılarla görüşüb onların fikirlərini öyrəndik. Onlar "Olimpiya dünyası" qəzetinə gələcək yarışlar barəsində də fikirlərini bildirdilər.

«Rio-2016-dakı uğurlar yetirmələrimizin
 nəyə qadir olduğunu bir daha göstərdi»

Tərlan Həsənov ("Cüdo-2012” klubunun məşqçisi, Əməkdar məşqçi): «Mən uzun illərdir cüdodayam və demək olar ömrümü bu idman növünə həsr etmişəm. Təcrübəli bir mütəxəssis kimi deyim ki, nəticələr məni qane etdi. Nəzərə alaq ki, London Olimpiadasında cüdoçularımızın heç bir nəticəsi olmamışdı. Rio-2016-nın təmsilçilərimiz üçün çox uğurlu olduğunu deyə bilərəm. Rio-da bütün təmsilçilərimizin rəqibləri çox təcrübəli cüdoçular idi. 60 kq çəki dərəcəsində tatami üzərinə çıxan Orxan Səfərov öz səhvi nəticəsində yapon idmançısına məğlub oldu və 5-ci yerə çıxdı. Baxmayaraq ki, beşinci yer sahibinə medal verilmir. Amma onlara xüsusi sertifikat təqdim olunur. Bu da beşinci yerin Olimpiya Oyunları kimi mötəbər turnirdə uğurlu nəticə olduğunu göstərir. Nicat Şixalizadə (66 kq) birinci görüşü uğurla başa vursa da, ikinci görüşdə italyan rəqibinə üstün gələ bilmədi. Amma o, bu görüşdə qalib gəlsə idi, fikrimcə, finala doğru inamla addımlaya bilərdi. Medalçımız Rüstəm Orucov isə doğrudan da, çox bacarıqlı və perspektivli idmançıdır. Rüstəm üçün ilk görüş çox çətin oldu. Sonrakı görüşlərində isə inamlı qələbələri ilə bizi sevindirdi. Finalda yorğunluq öz sözünü dedi və ikinci yerə sahib çıxdı. Eyni zamanda, unutmayaq ki, finaldakı rəqibi də həddindən artıq güclü yapon idmançısı idi. Həmin görüşdə Rüstəmin əlinə qalib gəlmək üçün fürsət düşsə də, o, bundan maksimum istifadə edə bilmədi.

90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Məmmədəli Mehtiyev mənim tələbəmdir. Onun nəticəsi məni çox sevindirdi. İlk görüşdə Avropa Oyunlarının çempionuna iki "şido” ilə uduzmağına baxmayaraq, "Golden scor”da təmiz qələbə qazandı. Bundan sonrakı görüşündə Braziliya təmsilçisinə də qalib gəldi. Üçüncü rəqibi ilə bacara bilmədi və 7-ci yerlə kifayətləndi. Amma o hələ cavandır. Mən Məmmədəlinin böyük nailiyyətlər qazanacağına inanıram.

Elmar Qasımovun (100 kq) uğurunu isə xüsusi qeyd etmək istərdim. Həmin çəkidə çox güclü idmançılar olmasına baxmayaraq, Elmar psixoloji cəhətdən çox hazırlıqlı idi. O, qətiyyən tələsmirdi, təmkinli idi və bu ona çox kömək oldu. Təmsilçimizin finalda qalib gələ bilməməsinin səbəbi isə sadəcə rəqibin daha çox hazırlıqlı olması idi. Uşangi Kokourinin isə sadəcə bəxti gətirmədi.

Bir daha deyirəm ki, qazanılan nəticələr məni çox sevindirdi. Bu uğurların qazanılmasında isə heç şübhəsiz ki, federasiya rəhbərliyinin, o cümlədən, Mövlud Mirəliyev, Fərhat Məmmədov, Mehman Əzizov kimi məşqçilərin böyük əziyyətləri var. 2018-ci ildə keçirilən dünya çempionatında da idmançılarımızın böyük nailiyyətlər qazanacağına inanıram. Rio-2016-dakı uğurlar yetirmələrimizin nəyə qadir olduğunu bir daha göstərdi. Onu da deyim ki, çempionatın keçirilməsinin məhz Azərbaycana həvalə edilməsi də təsadüfi deyil. Ölkəmizin bir çox Qran-pri kimi nüfuzlu yarışlara uğurla ev sahibliyi etməsinin nəticəsidir».

«Bu, bizim hər birimizin uğurudur»

İbadulla Şahbanov (qadınlardan ibarət yığma komandamızın baş məşqçisi): «Cüdoçularımızın çıxışlarından çox razı qaldım. Rüstəm Orucov və Elmar Qasımov öz nailiyyətləri ilə bizi çox sevindirdilər. Onların timsalında bütün cüdo ailəsini, federasiya kollektivini təbrik edirəm. Bu, bizim hər birimizin uğurudur. Orxan Səfərova görə heyfsləndim. Perspektivli idmançıdır, ondan medal gözləyirdim. Nicat Şıxəlizadə də bacarıqlı idmançıdır. Sadəcə bu dəfə alınmadı. Ağır çəkidə tatami üzərinə çıxan Uşangi Kokourinin ikinci görüşdəki rəqibi - yapon idmançısı çox güclü idi. Uşanginin qalib gələ bilməməsini başa düşmək olar.

Müəyyən səbəblərə görə, bu dəfə ancaq kişi idmançılarımız ölkəmizi təmsil elədilər. İnanıram ki, 2020-ci ildə Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında qadın cüdoçularımız da mübarizə aparacaq və bizi sevindirəcəklər. 2017-ci ildə ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına qədər qadın idmançılarımız texniki-taktiki cəhətdən daha çox təcrübə qazanacaqlar. Bildiyiniz kimi, 2018-ci ildə ölkəmizdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Bu cür böyük idman yarışına ev sahibliyi etmək çox şərəflidir. Nəzərinizə çatdırım ki, dünya çempionatı heç də Olimpiya Oyunlarından geri qalmır. Olimpiya Oyunlarından fərqli olaraq dünya çempionatlarında «nəhəng» ölkələrdən eyni çəkidə iki idmançı da mübarizə apara bilər. Bu da mübarizəni daha gərgin edir. Həm də keçmiş SSRİ məkanında Azərbaycan Qazaxıstandan sonra cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək ikinci ölkədir. Həmin çempionatda da idmançılarımızın böyük nailiyyətlər qazanacaqlarına əminəm. Sonra isə bütün diqqətimizi Tokioda keçirilən Yay Olimpiya Oyunlara yönəldəcəyik».


"Növbəti yarışlarda idmançılarımıza uğurlar arzulayıram”

Zülfiyyə Hüseynova (cüdo və sambo ustası): «Rio Olimpiadasında qazanılan uğurlar məni qane etdi. Avropa Oyunlarındakı çıxışlarımızdan müsbət mənada çox fərqlənirdi. Əlbəttə, bu da yeni federasiyanın atdığı əsaslı addımların nəticəsidir. Ümid edirəm ki, 2020-ci ildə Tokioda keçirilən növbəti Olimpiya Oyunlarında nəticələrimiz daha da yaxşı olacaq. Eyni zamanda qadın idmançılarımız da ölkəmizi təmsil edəcək və bizi sevindirəcəklər. İdmançılarımıza gələcək yarışlarda, o cümlədən 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında, 2018-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi dünya çempionatında uğurlar arzulayıram».


«Həm Rüstəmi, həm də Elmarı təbrik edirəm»

Aişə Qurbanlı (qadınlardan ibarət yığma komandamızın üzvü): «Əfsuslar olsun ki, reytinq xalım çatmadığına görə mən bu Olimpiya Oyunlarında iştirak edə bilmədim. Amma inanıram ki, Tokio-2020-də mübarizə aparacağam. Bunun üçün çox çalışacam. O vaxta kimi isə gərgin hazırlıqlarla yanaşı, növbəti il keçiriləcək İslam Həmrəyliyi Oyunlarında, 2018-ci ildə təşkil olunacaq dünya çempionatında və XXXII Yay Olimpiya Oyunlarına lisenziya xalı verən turnirlərdə iştirak edəcəm. İnanıram ki, qazanacağım nailiyyətlərlə hamını sevindirəcəyəm. İdmançılarımızın uğurlarına gəldikdə isə, həm Rüstəmi, həm də Elmarı təbrik edirəm. Onlar bu nəticələrə layiq idmançılardır. Daha böyük uğurlar qazanmalarını arzulayıram».

Kənan Novruzov