Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
"Olimpnews.az” xəbər verir ki, yarışların 4-cü və 5-ci günündə qadın güləşçilər arasında qaliblərin adlarına aydınlıq gəlib.
3 güləşçi ilə təmsil olunan Azərbaycan komandası yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub. Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı beşinci sırada tamamlayıb.
Medal sıralamasına görə yığmamız 6-cı sırada qərarlaşıb. İlk sıranı 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız dördüncü yeri tutub. Komanda hesabında 23 xal toplayan yığmamız, Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.
Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiya Oyunlarında qazandığı medalların sayını 5-ə çatdırıblar. Bunlardan 2-si gümüş, 3-ü bürüncdür.