Taekvondoçumuz Fəridə Əzizova 1/2 finalda rəqibinə məğlub olaraq finala çıxa bilməyib. O, bürünc medal uğrunda döyüşəcək.
Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında təmsilçimiz Fəridə Əzizova dayanq üzərinə çıxıb.
Turnirdə 67 kq çəki dərəcəsində qadınların mübarizəsində yarışan idmançımız Fəridə Əzizova 1/8 final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. London-2012 Olimpiadasının və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.
İdmançımız növbəti mərhələdə Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) qarşılaşmasının qalibi ilə üz-üzə gəlib.
Fəridə Əzizova 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Fəridə Əzizova (67 kq) 1/2 finalda Oh Hye-Ri (Cənubi Koreya) ilə yarışıb. İdmançımız 5:6 hesabı ilə uduzaraq finala çıxa bilməyib. O, bürünc medal uğrunda döyüşəcək.
Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edən Fəridə Əzizova Rio-2016-ya lisenziyanı bu il Türkiyədə təşkil edilmiş Avropa Olimpiya təsnifat turnirində əldə edib.
Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir