Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında yarışlar davam edir.
"Olimpnews.az" xəbər verir ki, bədii gimnastımız Marina Durunda Rio-2016 Yay Olimpiya Oyunlarında 26 idmançı arasında ilk 8-liyə düşərək finalda iştirak etmək hüququ qazanıb.
Marina Durunda yarışa həlqə ilə hərəkətlə start verib. Xalçaya üçüncü çıxan idmançımız bu mərhələdə hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayiş etdirib. Gimnastımızın bu çıxışı da eyni xalla qiymətləndirilib.
Durunda üçüncü cəhddə gürzlə hərəkətlər nümayiş etdirərək bu dəfə 17,683 xal toplayıb. Sonuncu hərəkətdə isə lentlə bacarığını göstərən Marina Durunda 17,733 xalla qiymətləndirilib.
8 gimnastın iştirakı ilə keçiriləcək final mərhələsi bu gün saat 22:20-də başlayacaq.