Radik İsayev Azərbaycana ilk qızıl medal qazandırdı - FOTOLAR + VİDEO

Radik İsayev Azərbaycana ilk qızıl medal qazandırdı - FOTOLAR + VİDEO





Taekvondoçumuz Radik İsayev finalda Niger təmsilçisi Əbdülrazaka İssufu Alfaqa üzərində qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının çempionu adına layiq görülüb.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan medal sıralamasında 39-cu yerə yüksəlib.

Qeyd edək ki, bu Azərbaycanın Rio-2016-da qazandığı ilk qızıl medaldır.

Olimpiya turnirində kişilər arasında 80 kq-dan yuxarı çəki dərəcəsində yarışan taekvondoçumuz Radik İsayev səkkizdəbir final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.

Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev dörddəbir final mərhələsinə adlayıb.

Azərbaycan taekvondoçusu Radik İsayev dörddəbir final mərhələsində gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin-2008 Olimpiadasının çempionu Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Radik İsayev yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşdən də qalib ayrılaraq olimpiadanın finalına yüksəlib. Bununla da idmançımız ən azı Rio-2016-nın gümüş medalını təmin edib.
Təmsilçimiz qızıl medal uğrunda döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Niger) ilə qarşılaşıb.

Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.

Mükafatlandırma mərasimindən sonra Radik İsayev jurnalistlərin suallarını cavablandırdı.
















Murad Fərzəliyev,
Fotolar, video müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir