Rio-2016: Xetaq Qazyumov gümüş medal qazanıb - FOTOLAR

Rio-2016: Xetaq Qazyumov gümüş medal qazanıb - FOTOLAR

Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, sərbəst güləşçimiz Xetaq Qazyumov XXXI Yay Olimpiya Oyunlarının finalında ABŞ idmançısı Kayl Frederik Snayderə uduzaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəkidə yarışan təmsilçimiz ilk görüşündə Polşadan Radoslav Baranı məğlub edib. Ardınca İran təmsilçisi Reza Yazdanini mübarizədən kənarlaşdıran Xetaq Özbəkistan idmançısı Maqomed İbrahimovdan da üstün olub.

Yarımfinalda Ukrayna təmsilçisi Valeriy Andriytsevin öhdəsindən asanlıqla gələn güləşçimiz finala yüksəlib.

Finalda Xetaq Qazyumov son dünya çempionu olan ABŞ idmançısı Frederik Snayderlə qarşılaşıb. Görüş rəqibin minimal hesablı üstünlüyü ilə başa çatıb və Xetaq Qazyumov Rio-2016 Olimpiadasını gümüş medalla başa vurub.

Qeyd edək ki, Rioda çıxışını başa vuran sərbəst güləşçilərimizdən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada tamamlayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan güləşçiləri Rio-2016 Olimpiadasında 9 (3 gümüş, 6 bürünc) medal qazanıblar. London-2012 Olimpiadasında isə pəhləvanlarımız 7 (2 qızıl, 2 gümüş və 3 bürünc) medala sahib olmuşdular.









Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir