Avqustun 21-də Rio-2016 Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.
"Olimpnews.az” xəbər verir ki boks yığmamızın üzvü Lorenzo Sotomayor 64 kq çəkidə həlledici döyüşə çıxıb.
Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz XXXI Olimpiadanın gümüş medalını qazanıb.
Boksçumuz yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyan üzərində inamlı qələbə (3:0) qazanmaqla finala yüksəlmişdi. L. Sotomayor rəqibini mübarizədən kənarlaşdıraraq, həm də boks tariximizdə yeni səhifə açmağı bacarıb. Çünki hələ bu vaxta qədər olimpiadada finala çıxan boksçumuz olmayıb.
31 yaşlı təcrübəli boksçu yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasniel Toledonu mübarizədən kənarlaşdırıb.
Bundan əvvəl boks yığmamıza daha bir medalı (bürünc) Kamran Şahsuvarlı qazandırıb.