Sərbəst güləşçilərimiz Rio-2016-da komanda hesabında 1-ci olublar
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. Yarışların son üç günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
"Olimpnews.az" xəbər verir ki, olimpiadada tam heyətlə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanaraq ilkə imza atıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıblar.
Qazanılan medalların sayına görə, yığmamız bütün komandaları qabaqlayıb. Altı pəhləvan ilə təmsil olunan komandalardan heç biri 5 medal qazana bilməyib. Belə ki, Rio Olimpiadasında Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst güləş komandaları da tam heyətlə iştirak ediblər. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan 2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş yığması Olimpiadanı medalsız tərk edib.
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş yığmamız birinci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz olimpiadalarda qazandığı medalların sayını 11-ə çatdırıb. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.