Cəsarəti ilə gənclərə örnək olan qəhrəman idmançı

Cəsarəti ilə gənclərə örnək olan qəhrəman idmançı

Ey Vətən oğlu, düşün, bil ki,
sənindir bu Vətən,
Sabahın, həm bu günün,
həm dünənindir bu Vətən.
Sənin öz dövlətin,öz millətin,
öz cəddin var
Vətən uğrunda ölənlər
ölümündən doğular.

Məhəmməd Peyğəmbər (S.ə.s) buyurmuşdu: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canlarını əsirgəmirlər.1988-ci ildən bəri zorla cəlb edildiyimiz Qarabağ münaqişəsi bir daha göstərdi ki, Azərbaycan oğulları müqəddəs torpaq, vətənin azadlığı və müstəqilliyi uğrunda igidliklə döyüşməyə və lazım gələrsə bu yolda ölümə getməyə hər zaman hazırdırlar. Onlar sübut etdilər ki, xalqımız azğın düşmənə boyun əyməyəcək, işğal altında olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında düşməndən azad olunacaq.

Azərbaycanın Milli QəhrəmanıÇingiz Qurbanov da vətən uğrunda canını fəda edən igidlərimizdən biridir. 22 yaşlı Çingiz Qurbanov dekabrın 29-da dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Fevral ayının 6-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Çingiz Qurbanovla keçirilən vida mərasimində Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hökumət nümayəndələri, generallar və millət vəkilləri, hərbçilər iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Şəhid Çingiz Qurbanov Azərbaycan Texniki Universitetinin "Optik cihazlar” fakültəsini 2016-cı ildə əla qiymətlərlə bitirib. Hərbi xidmətdə olduğundan onun diplomunu atası Salman kişi alıb. Çingiz ordu sıralarına ali məktəbi bitirdikdən sonra, iyul ayının 11-də gedib. Gəncədə təlimləri başa vurandan 3 ay sonra özü könüllü ərizə yazaraq, ön cəbhədə qulluq etmək istədiyini bildirib.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov fiziki cəhətdən sağlam bir gənc idi. O, kikboksinq idman növü ilə məşğul olurdu.



***
"Olimpiya dünyası” qəzeti olaraq şəhid idmançımızın atası, həmçinin onu yaxından tanıyanlarla əlaqə saxladıq. Onlar Çingizin idmana sonsuz həvəs göstərdiyini, boş vaxtlarını idman zalında keçirdiyini dedilər.

"Çingizin idmanla məşğul olması məni çox sevindirirdi”

Salman Qurbanov (Milli Qəhrəmanın atası):
- Azərbaycan xalqı özünün qəhrəman oğulları ilə hər zaman fəxr edib. Tarix bu qəhrəmanları heç vaxt unutmayacaq. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Oğlum Çingiz də doğma yurdunu sevən vətənpərvərlər sırasında idi. Çingiz Azərbaycanı ürəkdən sevirdi. Torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Çingiz idmanın kikboksinq növü ilə məşğul olurdu. Bakıda ali təhsil alarkən boş vaxtlarını mütləq idmana həsr edirdi. O, yaxın qohumu Vüsal Səfiyevin yanında bu növün sirlərinə yiyələnirdi. Dərsdən çıxan kimi dərhal zala yollanırdı. Çingizin idmanla məşğul olması məni çox sevindirirdi. Sevinirdim ki, övladım fiziki cəhətdən sağlamlığını qorumaq üçün əlindən gələni əsirgəmir. Onun idmanla məşğul olması səngərdə öz müsbət təsirini göstərdi. Oğlumun döyüş bölgəsində göstərdiyi şücaət, idmandan bəhrələnirdi desəm, yanılmaram. Çünki vətənin keşiyində fiziki cəhətdən sağlam, qəlbində vətən sevgisini yaşadan gənclər dayanır.

"Onun göstərdiyi rəşadət və qəhrəmanlıq hər birimiz üçün örnəkdir”

Vüsal Səfiyev (Çingiz Qurbanovun məşqçisi):
- Çingiz mənim tələbəm olub. Biz qohumuq. Onun atası Salman mənim dayımdır. Bir sözlə, mən onu körpəlikdən tanıyıram. Çox alicənab və mehriban uşaq idi. Hər zaman idmana və hərbiyə böyük maraq göstərirdi. Onu tanıyanların hamısı Çingizi layiqli dost və etibarlı yoldaş kimi qəbul etmişdi.

Bu günə qədər xatırlayıram. Hərbi xidmətə yollanmazdan əvvəl mənə dedi ki, istəyirəm sənin yanında məşq edim. Doğrusu heç bir etiraz etmədim. Mən Yasamal rayonunda yerləşən "Plamya” klubunda məşqçilik edirəm. Qeyd etdiyim kimi, hərbi xidmətə bir il qalmış Çingiz bizim zalda məşqlər başladı. O, mənə dedi ki, heç bir yarışda iştirak etmək istəmirəm. Sadəcə kikboksinqlə özünü müdafiə üçün məşğul olacağam. Ola bilsin ki, orduda köməyimə çatsın. İlk günlərdən etibarən ona diqqət yetirirdim. Gördüm ki, məşqlərə məsuliyyətlə yanaşır. Çətinliklərdən qorxmur. O idmançıya məxsus olan xüsusiyyətlərə malik idi. Cəldlik, böyük-kiçiyə hörmət, mehribanlıq və fiziki güc kimi xüsusiyyətlər onda yetərincə idi. Sanki o, bunun üçün böyümüşdü. Doğrudan da, Çingiz vətəni çox sevirdi. Onun göstərdiyi rəşadət və qəhrəmanlıq hər birimiz üçün örnəkdir. Çingiz bu vətənin övladıdır. Vətən belə oğulların sayəsində müqəddəsləşir. Onun ruhu və əziz xatirəsi daim bizimlədir.

"O, səmimi, mehriban bir gənc idi”

Emil Əmirmətov (Qusar Rayon Gənclər və İdman İdarəsinin rəisi):
- Milli Qəhrəmanımız Çingiz Qurbanovu uşaq yaşlarından tanıyıram. O, səmimi, mehriban bir gənc idi. Orta məktəbdə əla qiymətlərlə oxuyurdu. Uşaq yaşlarından idmana çox böyük həvəs göstərirdi. Yaxşı yadımdadır, rayonumuzun məktəbliləri "Sərhədçi” adlı idman yarışlarında tez-tez iştirak edərdilər. Çingizin doğulub böyüdüyü Həzrə kənd orta məktəbinin komandası bu yarışlarda həmişə mübarizə aparardı. 5 nəfərdən ibarət komandanın tərkibində Çingiz Qurbanov da yer alırdı. Bu komanda dəfələrlə "Sərhədçi” idman yarışının qalibi seçilmişdi.

Komandanın qələbəsində Çingizin hər zaman xüsusi əməyi olardı. Dediyim kimi, o, idmana böyük maraq göstərirdi. Ali məktəbdə oxuyanda kikboksinqlə məşğul olurdu. Çingiz zirək, çevik, cəsur bir gənc idi. Doğma vətənimizi ürəkdən sevirdi və bu yurdun azadlığı uğrunda döyüşdə şəhidlik zirvəsinə ucaldı.

"Məşqlərə gecikməz, həvəslə məşq edərdi”

Eduard Məmmədov (kikboksinq üzrə 22 qat dünya çempionu):
- Çingizin kikboksinqə böyük həvəsi var idi. Yasamal rayonundakı "Dağlılar məhəlləsi” adlanan yerdə idman zalında bu növlə məşğul olurdu. 4 il bundan əvvəl cüdo üzrə məşqçi Azər Bağırovla birgə idman zalı açmışıq. Bura cüdo və kikboksinq üzrə məşğul olmaq istəyənlər gəlir. Çingizi şəxsən tanıyırdım. Çox bacarıqlı və zəhmətkeş, ürəkli oğlan idi. Ali məktəbdə oxuduğundan məşqlərə axşamlar gəlirdi. Həftədə 3 dəfə, hardasa saat 8-9 radələri arası zalda olurdu. Məşqlərə gecikməz, həvəslə məşq edərdi. Çingizin hərbi xidmətə gedəcəyini bildiyimizdən çalışırdıq ki, ona daha çox vaxt ayıraq. Güclü idmançı həm də güclü əsgər deməkdir. Bizim hamımız Çingiz Qurbanov kimi qəhrəmanlarla fəxr edirik.