Hər bir gənc orduda xidmətə hazır olmalıdır

Hər bir gənc orduda xidmətə hazır olmalıdır



 Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. Təkcə ona görə yox ki, Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edir. Məhz Heydər Əliyev Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdır. Danılmaz faktdır ki, dövlətimizin formalaşması, bütün dünyada tanınması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.
Heydər Əliyevin möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran etmiş, onun fenomen şəxs olduğunu göstərmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, bütün dünyada tanınmışdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirmişdir.
1970-ci illərin əvvəllərində - Heydər Əliyevin birinci hakimiyyəti dövründə respublika həyatının bütün sahələrində bir oyanış, dirçəliş, canlanma baş vermişdir. Sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil, mədəniyyət, idman və səhiyyə yüksək sürətlə inkişafa qədəm qoymuşdu. Respublikada başlayan bu quruculuq işlərində əvəzsiz rolu olan Heydər Əliyevi unudulmuş bir sahə də ciddi narahat edirdi. Dahi insan hesab edirdi ki, hərb sənətində böyük tarixi ənənələrə malik olan Azərbaycanda milli hərbi kadrları yetişdirmək məqamı gəlmişdir.
Məhz buna görə də Azərbaycan KP Mərkəzi Komitəsinin bürosu "Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında” qərar qəbul etdi. Qərarın bir maddəsində qeyd olunurdu ki, yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verilsin. 1938-ci ildə repressiya qurbanı olmuş Azərbaycanın görkəmli oğlunun, şöhrətli general, həm də xan nəslinə mənsub Cəmşid Naxçıvanskinin adını əbədiləşdirməklə Heydər Əliyev vətənin, millətin ləyaqətli övladına bəraət qazandırdı. Bu qərarla C. Naxçıvanski təkcə respublikada deyil, bütün keçmiş Sovet İttifaqında tarixi şəxsiyyət, hərbi xadim kimi yaxından tanındı. O dövr üçün bu, çox cəsarətli bir addım idi.
1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında” xüsusi qərar qəbul etdi. Yeni yaradılmış məktəbi həmin ilin noyabr ayında ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək demişdir: "Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azırbaycanlılar Xəzərin dibindən "qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xədmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir”.
Moskva isə Heydər Əliyevin Azərbaycanda milli hərbi kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü və respublika KP MK Bürosunun qərarını böyük narazılıqla qarşıladı. Təsadüfi deyil ki, bir neçə dəfə məktəbə SSRİ Maarif Nazirliyindən yoxlama komissiyaları göndərildi, məktəbin fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq, hətta onun bağlanması təşəbbüsü də irəli sürüldü. Lakin vətənpərvər bir insan olan Heydər Əliyevin qətiyyəti və məntiqi arqumentləri hərbi məktəbi qorudu və bir neçə ildən sonra bu məktəbin şan-şöhrəti bütün Sovetlər İttifaqına yayıldı.
Heydər Əliyev 1972-82-ci illər ərzində hər il C.Naxçıvanski adına hərbi məktəbi ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla görüşmüş, problemlərlə maraqlanmış, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılması qayğısına qalmışdır. Bütün bunlar burada təhsil alan gənclərimizi daha da həvəsləndirmiş, onların vətənpərvər ruhda yetişməsnə əvəzsiz kömək etmişdir. 1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işə başlayan Heydər Əliyev özünün doğma övladı hesab etdiyi bu məktəbi daim diqqət mərkəzində saxlamışdır.
1984-cü ildə Bakıya gələn Heydər Əliyev C. Naxçivanski adına Respublika Hərbi Təyinatlı Orta Məktəbini ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla səmimi görüş keçirmiş, məktəbin 15 illiyinin yüksək səviyyədə, layiqincə qeyd olunması barədə respublika rəhbərliyinə müvafiq tapşırıqlar vermişdir.
Xatırladaq ki, 1988-ci ildə respubikada başlayan siyasi böhran, gərgin kriminogen vəziyyət bu məktəbdən də yan keçməmiş, məktəb bağlanma təhlükəsi ilə üzləşmişdir. Bu dövrdə məktəbin rəisi işləyən və Heydər Əliyevin sədaqətli hərbi kadrlarından olan general- leytenat Valeh Bərşadlı böyük cəsarət və zəhmət bahasına məktəbi 1993-cü ilədək siyasi fırtınalardan və xaos burulğanından qoruya bilmişdir.
1990-cı ilin qanlı yanvar hadisələrinə kəskin etirazını bildirən Heydər Əliyev elə həmin ilin iyulunda Moskvadan doğma diyarı Naxçıvana gəldi. Ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda məskən saldı, 1990-cı ilin sentyabrında ümumxalq səsverməsi ilə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçildi.
Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayaraq xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul etdi.
Özünün müdrik sədrini seçdikdən sonra MR Ali Məclisi muxtar respublikada, həmçinin Azərbaycanda və bütövlükdə ökədə yaranmış gərgin siyasi, ictimai-siyasi vəziyyəti geniş müzakirə edərək mühüm qərərlar qəbul etmişdir.
Bunlardan ən əhəmiyyətlisi "Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında” qərar oldu. Bu, o zaman Sovet İttifaqı miqyasında ilk mili hərbi qurum idi. Bu təşkilat, eyni zamanda, o vaxt SSRİ-də ilk və yeganə olan milli ordunu formalaşdıran bir orqan idi. Çünki 1991-ci ilin sonunadək mövcud imperiyanın heç bir respublikasında və ya regionunda milli ordu yox idi.
MR Dövlət Müdafiə Komitəsinin yaradılması ilə məhz Naxçıvanda müstəqil Azərbaycan Respublikasının ilk mütəşəkkil hərbi hissələrinin təməli qoyuldu. Bu məqamda Naxçıvan MR Ali Məclisinin daha bir tarixi əhəmiyyətli qərarını yada salmaq yerinə düşər. Həmin qərar Ali Məcisin sədri Heydər Əliyevin uzaqgörən siyasətinin və məqsədyönlü fəaliyyətinin parlaq nəticəsi idi. Şəxsən onun imzası ilə "Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqında” qərar qəbul edən MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 25 iyul tarixli iclasında Heydər Əliyev böyük fəxrlə məlumat vermişdir ki, aparılan danışıqlar nəticəsində Rusiyanın Müdafiə Nazirliyi muxtar respublikada yerləşən 75-ci motoatıcı diviziyanın ləğv olunması və onun bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında yazılı razılıq verilmişdir.
Həmin il avqustun 18-də keçmiş Sovet Ordusunun 75-ci motoatıcı diviziyası komandanlığının, zabit heyətinin və son hərbi dəstələrinin təntənəli yolasalınma mərasimində diviziyaya məxsus olan əmlak, hərbi texnika, silah və sursat Azərbaycan Milli Ordusunun Naxçıvandakı 5-ci əlahiddə motoatıcı briqadasına təhvil verildi. Sənədlərin imzalanmasından sonra qərargahın həyətində ilk dəfə Azərbaycan dilində "farağat” komandası eşidildi. Böyük sevinc və qürurla Azərbaycan əsgərini salamlayan Heydər Əliyev həmin təntənənin qalib sərkərdəsi kimi çıxış etdi.
Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci ilin sentyabr ayında keçirilən iclasında hərb tariximizə daha bir töhfə verən mühüm əhəmiyyətli qərar qəbul olundu. Heydər Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının mühafizəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərara əsasən, sentyabr ayının 29-da sonuncu rus sərhədçiləri Naxçıvan MR sərhədlərini tərk etdilər. Onların bütün hərbi və təsərrüfat əmlakı Azərbaycan Respublikasının Naxçıvandakı 1-ci sərhəd dəstəsinə təhvil verildi. Həmin gün bütün sərhəd məntəqələrində üçrəngli bayrağımızın qaldırılmasını naxçıvanlılar, həmçinin Arazın o tayında yaşayan soydaşlarımız böyük sevinclə qarşıladılar.
1992-ci il oktyabrın 9-da Naxçıvan şəhərində keçirilən ilk milli hərbi paradda Ali Məclisin sədri Heydər Əliyevin etdiyi çıxış bir il ərzində muxtar respublikada hərbi quruculuq sahəsində görülmüş işlər barəsində hesabat xarekteri daşıyırdı: "Biz indiyədək Naxçıvan torpağını cəsarətlə qorumuş bütün vətənpərvər oğullarımıza, bütün könüllü dəstələrə öz minnətdarlığımızı bildiririk, onların gördükəri işləri layiqincə qiymətləndiririk. Eyni zamanda, onu da bəyan etmək istəyirik ki, artıq Naxçıvanda Milli Azərbaycan Ordusunun nizami hissələri mövcuddur. Bu hissələr lazımi gücə malikdir və Naxçıvan torpaqlarını müdafiə etməyə qadirdir. Eləcə də Naxçıvanın sərhədlərini mühafizə etmək üçün öz milli sərhəd dəstəmiz vardır. Ona görə də bütün könüllü dəstələrə minnətdarlığımızı bildirməklə, onlara tövsiyə edirik ki, bundan sonra öz vətəndaşlıq vəzifələri ilə məşğul olsunlar.
Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”.
Bu dövrdə - 1991-1993-cü illər arasında müstəqil Azərbaycan Respublikasında milli ordu quruculuğunu genişləndirmək, torpaqlarımızı müdafiə etmək əvəzinə Bakıda "kresloların” müdafiəsi uğrunda əsl savaş gedirdi.
Həmin dövrdə (1992), məlum olduğu kimi, respublikada hərc-mərclik baş alıb gedirdi, torpaqlar işğal olunurdu, ölkə həyatında xaos idi, təsərrüfat, sənaye dağılmışdı. Ölkə, demək olar ki, dağılmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları Naxçıvan Ali Məclisinin sədri, dünya şöhrətli, geniş həyat təcrübəsinə malik olan Heydər Əliyevə müraciət etdilər. Çünki Azərbaycanı real parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı.
Ölkə rəhbərliyinə qayıdışının ilk günlərindən Heydər Əliyevin zəkası və gərgin əməyi itirilmiş torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü təmin edib xalqımız üçün əmin-amanlığa və firavanlığa nail olmaq qayəsinə xidmət etmişdir. Bütün bunları əldə etmək üçün Azərbaycana qüdrətli Milli Ordu, bunun üçün də güclü iqtisadiyyat lazım idi. Güclü iqtisadiyyatı əldə etmək üçün isə döyüş əməliyyatlarının dayandarılmasına, ölkənin nəfəs almasına, xalqın dinc quruculuğa qayıtmasına ehtiyac duyulurdu. Heydər Əliyev özünün qətiyyətli addımları ilə bu tələblərin öhdəsindən gəldi.
1993-cü ilin oktyabrında xalqın iradəsi ilə Prezident seçilmiş Heydər Əliyev həmin il noyabrın 2-də televiziya ilə geniş çıxış edərək, Ali Baş Komandan kimi əsgər və zabitləri vahid komandanlıq altında birləşdirməyə, xalqı isə ordu quruculuğunda fəal olmağa, xalqla ordunun monolit birliyinə nail olmağa səslədi. Bu müdrik rəhbərliyin nəticəsində xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və ehtiram bərqərar edildi. Hərbi təhsilə önəm verilərək hərbi məktəblərə qəbulun sayı xeyli artırıldı, maddi-texniki baza möhkəmləndirildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğu, mili ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri ilə, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış və bununla da ölkəmizə diqqət və maraq qat-qat artmışdır. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Bütün bunlar Azərbaycan xalqının, gənc, müstəqil respublikanın tarixi nailiyyəti idi.
Eyni zamanda, Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür. Belə ki, 1994-cü il mayın 12-də atəşkəsin elan olunması problemin sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addım idi.



Dahi şəxsiyyətin atdığı hər bir addım gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, onlarda milli şüurun inkişafına yönəldilmişdi. Ulu öndər gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycan gəncliyinin milli şüurunun formalaşması istiqamətində əlindən gələni əsirgəməmişdir. 1996-cı il fevralın 2-də Respublika sarayında müstəqil Azərbaycan gənclərinin birinci forumu keçirildi. Forumda xalqımızın ümummilli lideri Heydər Əliyev çox məzmunlu nitqlə çıxış edərək, gənclərin qarşısında duran vəzifələrdən danışdı: "İndi ordumuzun 90 faizini gənclər təşkil edir, gənclər təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq, Müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır.
Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual olmuşdur. Bunsuz xalqın milli yaddaşını inkişaf etdirmək qeyri-mümkündür. Müstəqil dövlət şəraitində böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki, o, əzabla əldə edilmiş müstəqilliyi qoruyub inkişaf etdirməyə qadir olsun. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim əsas vəzifələrimizdən birinə çevrilməli və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı, orduda xidmət etməyi özünə şərəf kimi qəbul etməlidir”.
Hərbi-fiziki tərbiyə gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır. Erməni təcavüzkarlarının respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir. Dahi şəxsiyyət bu məsələləri hər zaman diqqətdə saxlayırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci il mayın 22-də ölkədə hər il iyun ayının 26-nın Milli Ordu Günü kimi qeyd olunması barədə fərman imzaladı. Elə həmin il Prezident Heydər Əliyevin dəstəyi və himayəsi ilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı. 1996-cı ildə ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qalmışdır. Sonrakı illərdə Naxçıvanda olan ümummilli ider müxtəlif hərbi hissələrə gələrək, ordakı yeniliklərlə maraqlanmış, kursantlara, müəllim-zabit heyətinə, döyüş bölgələrinin əsgərlərinə dərin minnətdarlıq etmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
2002-ci ilin iyununda Naxçıvana səfər edən Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını ziyarət edərək, kollektivlə səmimi görüş keçrmiş və kursantlara müraciətlə demişdir: "Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi doğrultmalısınız, İnanıram ki, doğruldacaqsınız.
Mən sizə cansağlığı arzu edirəm. Sizə yaxşı təhsil almağı, peşəkar hərbçi olmağı, vətəni qorumaq peşəsinə yaxşı yiyələnməyi, yüksək rütbəli zabit olmağı arzulayıram”. 
Elə həmin il noyabr ayının 19-da Heydər Əliyev "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında” sərəncam imzalamışdır. 2003-cü il aprelin 19-da yubiley münasibətilə Hərbi Liseydə olan Heydər Əliyev qazanılan son nailiyyətlərə xeyli sevindiyini bildirmiş, aprelin 21-də isə Respublika Şurasındakı yubiley tədbirində böyük nitq söyləmişdir: "Bu lisey mənim üçün doğma övlad kimidir. 1971-ci ildə mən çox çətinliklə bu liseyin əsasını qoydum və hərbi sahədə ixtisaslaşdırılmış orta məktəb yaratdım. Mən bu gün xoşbəxtdəm ki, bir vaxtlar çətinliklə yaratdığım bu məktəb indi yüksək səviyyədədir. Hərbi lisey həmişə mənim qəlbimdədir. 1971-ci ildən başlayaraq hər il mən buraya gəlmişəm, kursantlarla, müəllimlərlə, zabitlərlə görüşmüşəm. Nə üçün? Çünki Azərbaycanın rəhbəri kimi mən diqqəti buraya cəlb edəndə, təbiidir ki, digər təşkilatlar da buna qoşulurdular. İnsanlar hərbi liseyin dəyərini anlayırdılar. Cəmşid Naxçıvanski adına məktəbin o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz işinin nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi bir hadisədir. Məktəbin əsasını qoyanda mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, nə üçün bizim gənclər orduda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax bu günümüzə görə də mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm, 30 yaşa çatdırdım”.
Qurtuluş Günü ilə başlanan müasir tariximizdə əldə olunmuş nailliyyətlərə görə xalqımız xilaskar liderimiz Heydər Əliyevə minnətdardır. Bugünkü sabitliyi, əmin-amanlığı xalqımıza məhz Heydər Əliyev bəxş etmişdir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi, müstəqil Azərbaycanı bütün dünyada tanıtdı.
Xalqımız gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliklə bağlı əməli işlərini bu gün də yüksək qiymətləndirir.

Dilqəm Quliyev