Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi dinimiz və müqəddəs kitabımızdır. İslamın yayılmasından sonra formalaşan müsəlman mədəniyyəti dünya elminə misilsiz töhfələr verib. İslam təkcə din kimi deyil, güclü və mütərəqqi elm kimi tədqiqatçıların diqqətini cəlb edib.
İslam dini insanların fiziki sağlamlığının qorunması və möhkəmləndirilməsini də hər zaman ən vacib məsələ kimi önə çəkib. Peyğəmbərimizin hədislərinin birində deyilir: "Övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin”. Mənbələrdə göstərilir ki, Hz.Davud peyğəmbər padşahlıqla yanaşı, ən mahir "sapand daş atmaq” bacarığına malik olmuşdur. İdman mövzusunun öyrənilib araşdırılması, o cümlədən İslam dini ilə əlaqəsinin tədqiq edilməsi, bu mövzunun elmin bir hisssi kimi öyrənilməsinin zəruriliyini meydana çıxarır. Bu baxımdan dinlə idmanın əlaqəsi, İslamda idman mövzusunun araşdırılmasında təəccüb doğuracaq heç nə yoxdur.
Ulu öndər Heydər Əliyev İslamın yalnız sülhə, əmin-amanlığa xidmət etdiyini vurğulayaraq demişdir: "İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik”. Ulu öndərin ideyaları əsasında inkişaf edən Azərbaycanda tolerant və multikultural mühit daha da möhkəmlənib. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Prezident İlham Əliyev Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu qeyd edib: "Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
Dünyada mövcud olan dinlər özünəməxsus inanclara malikdir. Hər bir imanlı insan da bu inanclara əməl etməyə məsuldur. Dünya dinlərinin inanc və önəmli mövzularını araşdıran alimlər İslam dinində idmana böyük önəm və əhəmiyyət verildiyini təsdiqləyirlər. İslam kamil və mükəmməl bir din olaraq həyatın bütün sahələri üzrə bəzi tələb və qadağaları özündə əks etdirir.
İdman müxtəlif məqsədlərə çatmaq və sağlam bədən quruluşuna malik olmaq üçün bədənin proqramlaşdırılmış formada və ardıcıl hərəkətlərindən ibarətdir. Beləliklə, proqramlaşdırılmadan yerinə yetirilən və insan sağlamlığına zərər vuran hərəkətlər əslində idman sayılmır. İslama görə insanın bədəni təkamülə çatmaq üçün bir vasitədir.
Bu gün idmana və yarışlara, dünyada baş verən siyasi, iqtisadi və ictimai məsələlər kimi önəm verilir. Uzaq keçmişdə insanlar idmanın yalnız bir neçə növləri ilə məşğul olurdular. Amma müasir dövrümüzdə idmanın növləri kifayət qədər çoxdur. Keçmişdə insanlar idmandan müəyyən məqsədlərlə istifadə edirdilər. Onlar münasib bədən quruluşuna malik olmaq, döyüş bacarıqlarını nümayiş etdirmək, tayfalararası yarışlarda iştirak etmək üçün bədən tərbiyəsi ilə məşğul olurdular. Bəzən də idmana azyaşlıların və yaşlı nəslin istirahət vaxtlarının səmərəli keçirmələri və müalicə məqsədilə müraciət olunurdu. Miladdan 2500 il əvvəl çinlilər tərəfindən idmandan xəstəliklərin müalicəsi və uzunömürlülük məqsədilə istifadə edilirdi. İdman aşurlular, babillilər, misirlilər və iranlılar arasında da genis yayılmışdı. Amma idman əsasən yunanlıların vasitəsi ilə daha geniş yayılmağa başlayaraq özünün yüksək səviyyəsinə çatıb. İnsan ta qədim zamanlardan cisminin, ruhunun və psixologiyasının təkamülü üçün çalışıb. Yaşam və həyat uğrunda mübarizədə idman qədim insanın çox köməyinə gəlib. Belə ki, meşə, dəniz və dağlardan qida əldə etmək, düşmənlə mübarizədə qalib gəlmək, yenilməmək üçün güclü və sağlam bədənə malik olmaq mühüm şərt idi. Deməli, insan yer üzünə ayaq qoyan gündən öz sağlamlığına böyük önəm verib.
Məşhur yunan tarixçisi Herodot deyirdi ki, bir çox xalqlar öz övladlarına beş yaşından at çapmağı, ox atmağı və düzgün danışmağı öyrədiblər. Uşaqlar gün doğandan axşama kimi qaçmaq, nizə və daş atmaq, at çapmaq, ov etməklə məşğul idilər. Digər yunan alimi Hensteyn isə demişdir: "Partalılar döyüş və ov etməyi çox sevirdilər. Bu tayfa uşaq vaxtlarından ox atmaq, ov və çətin döyüş üslubları ilə məşğul olublar”. Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, qədim yunanlar övladlarının gözəl bədən quruluşuna malik olmalarına, qüvvətli, sağlam böyümələrinə böyük önəm verirlərmiş.
Cismin güclü olması və sağlamlıq əsas amillərdir
İslam dini idmana xüsusi önəm verir. Dinimiz təkamülə çatdıracaq hər bir əməli dəyərləndirir. İnsanın yaradılışında məqsəd Allaha çatmaqdırsa, idmanın da bu yolda nə qədər təsirə malik olmasını anlamaq çətin deyil. Təbii ki, cihad və oruc kimi ilahi əmrləri yerinə yetirmək üçün, insanda sağlamlıq, güc və taqət lazımdır. İslam dini kamil bir din olduğu üçün, insanın xeyrinə olan hər bir şey barəsində fikrini bildirib. İslamın idman haqqında fikirlərini bilməkdən ötrü gərək Qurana, peyğəmbərlərin və imamların həyatına nəzər salaq.
Əsl güc islam əmrlərini yerinə yetirə bilmək üçün sağlam bədənə malik olmaqdan ibarətdir. Quran islam düşmənlərinin qarşısında dayanıb döyüşməyi istəyir: "Bacardığınız qədər düşmən qarşısında dayanın” (Ənfal surəsi, 60-cı ayə). Təbii ki, güclü və qüvvətli olmaq üçün xüsusi bədən hərəkətlərinə ehtiyac duyulur.
Müqəddəs kitabımız Qurandan da aydın olur ki, idman islamdan əvvəl yaranıb. İslam peyğəmbərindən (s) öncə yaşamış Talut, Davud, İsa, Musa və digər peyğəmbərlər, güclü bədənə malik olmalarının sayəsində, din və dövlət vəzifələri baxımından yüksək pilləyə çatmışdılar. Tarix də sübut edir ki, ənənəvi döyüş növlərindən olan güləş peyğəmbərlər və canişinlərindən bizlərə yadigar qalıb. Bunu Vaiz Kaşifi adlı islam tədqiqatçısı, alimi də sübut edir: "Əgər səndən soruşsalar ki, güləş nə vaxtdan və kimdən qalmışdır, de ki, Yəqub peyğəmbərin övladlarından. Çünki Yəqub bu güləşi bilirdi və onu öz övladlarına da öyrətmişdir. O, oğullarına bu elmi düşmənlərdən qorunmaq üçün gözəl vasitə hesab edirdi”. Deyilənlərə görə, Adəm peyğəmbər dörd yüz qırx sənət (peşə) bilirdi ki, onlardan biri də məhz güləş idi.
Quran və hədislərdə müsəlmanın sağlam bədənə və güclü olmağa ehtiyacı olduqları dəfələrlə vurğulanır. İnsan fitrəti pisliyə nifrət, yaxşılıq etməyə meyl, ata - anaya qarşı mehriban olmağa çalışdğı kimi, sağlam bədənə və güclü olmağa da meyillidir. Elə bir insan tapılmaz ki, sağlam olmaq və güclü olmaq istəməsin. Güləş məhz elə idman növüdür ki, gözəl insani keyfiyyətləri, təvazökarlığı, fədakarlığı, qarşı tərəfə hörmət etməyi və s. xüsusiyyətləri özündə əks etdirir.
Etimad göstərilən ölkəmiz
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərik ki, idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfüzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamız Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına ev sahibliyi edir. Azərbaycanda bu günədək "Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, Bakı-2015 ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 üzrə Avropa Qran-pri yarışları yüksək səviyyədə keçirilib. Bu il isə paytaxtımız daha bir mötəbər tədbirə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin bir rəmzi mənası da var. Bu Oyunların ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də özündə simvolizə edəcək. Həmçinin İslam Oyunlarını ölkəmizdə gənc nəslin idmana olan marağını yüksəldəcək. Eləcə də, gənclərimizin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır
İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam ölkələrini birləşdirən beynəlxalq təşkilat kimi İƏT (2011-ci il iyun ayının 28-nə kimi bu təşkilatın adı İslam Konfransı Təşkilatı olub) 1969-cu il sentyabrın 25-də müsəlman ölkələrinin konfransında təsis edilib. Bu təşkilatın yaradılmasında əsas məqsəd islam həmrəyliyinə nail olmaq, eləcə də müsəlman dövlətləri arasında birgə əməkdaşlığı təmin etmək, iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində birgə fəaliyyət göstərmək, iştirakçı ölkələrin sabit inkişafına nail olmaqdır. İslam Əməkdaşlığı Təşkilatının mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsinə 4 qitədən 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir. Federasiyasının əsas işi islam ölkələrində idmanın inkişafına dəstək verməkdir. Yarışlar Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirilir.
2013-cü il iyulun 21-25-də İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Ciddə şəhərində keçirilən 8-ci Baş Assambleyasında Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi barədə namizədliyi irəli sürülüb. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi böyük səs çoxluğu ilə ölkəmizə verilib. Yarışlar bu il mayın 12-22-də keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il sentyabrın 17-də 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.
Azərbaycan Prezidenti IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini böyük ictimai hadisə adlandıraraq demişdir: "Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
"Gücümüz həmrəylikdədir”
Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir.
Yarışlara hazırlıqlarla bağlı mütamadi olaraq ölkəmizdə tədbirlər keçirilir və məsul şəxslər paytaxtda təşkilati məsələlərə qiymət verirlər. Belə ki, İslam Həmrəyliyi İdman Federasiyasının 2015-ci il noyabrın 4-də Bakıda təşkil olunan Baş Assambleyasında 40-dan çox ölkədən 90-dək nümayəndə iştirak edib. Baş Assambleya IV İslam Həmrəyliyi Oyunlarının Bakının 14 idman qurğusunda keçirilməsi haqqında təklifi bəyənib. Əsas şüarı "Gücümüz həmrəylikdədir” olan Oyunlar zamanı idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Bu il dekabrın 8-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində şef-demissionların seminarı baş tutub. Seminarda Azərbaycanın idman qurğularının yarışalara tam hazır olduğ, həmçinin İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq ölkənin iştirak etməsinin ilk yüksək göstərici olması vurğulanıb.
Xatırladaq ki, Oyunların proqramında 20 idman növü yer alıb. Milli idman növü kimi proqrama zorxana daxil edilib. Beləliklə, idmançılar yarışlarda atletika, su idman növləri (suya tullanma, üzgüçülük, vaterpol), basketbol 3x3, futbol, gimnastika (bədii və idman gimnastikası), taekvondo, stolüstü tennis, həndbol, cüdo, güləş (sərbəst və yunan-Roma), atıcılıq, tennis, voleybol, boks, ağırlıqqaldırma və karate idman növlərində qüvvələrini sınayacaqlar. Paralimpiyaçılar atletika və cüdo növlərində ən güclüləri müəyyənləşdirəcəklər. Bundan başqa proqrama uşu (nümunəvi çıxışlar) da daxil edilib.
İslam Həmrəyliyi Oyunlarının Ciddə şəhərindən başlayan tarixi
İslam Həmrəyliyi Oyunlarının yaranma tarixinə nəzər salsaq görərik ki, bu yarışlar ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. Təntənəli açılış mərasimi Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda təşkil olunub. Mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edib. Aprelin 8-dən 20-nə qədər keçirilən I İslam Həmrəyliyi Oyunlarında dünyanın 55 müsəlman ölkəsindən 32-si medalçılar siyahısında yer alıb. 23 müsəlman ölkəsi isə yarışları mükafatsız başa vurub. Azərbaycan yığma komandası yarışlarda 12 idman növündə 103 atletlə qüvvəsini sınayıb. Komandamız 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) medal qazanan ölkələr siyahısında 8-ci yeri tutub. Açılış mərasimində ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparırdı. Yarışda Azərbaycana qızıl medalları Ceyhun Ağasıyev (75 kq, karate), Natiq Həsənov (85 kq, ağırlıqqaldırma), Nizami Paşayev (105 kq, ağırlıqqaldırma) qazandırdılar. Komanda idman növlərində baksetbolçularımız qızıl medala layiq görüldülər. Gümüş medalı isə ölkəmizin hesabına karateçilərimiz Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (70 kq) və ağırlıqqaldırma yarışlarında Natiq Həsənov (85 kq, 2 medal) yazdırdı. Karateçimiz Rəfael Ağayev (65 kq) və taekvondoçumuz Babək İsgəndərov (63 kq) bürünc mükafata sahib çıxdılar. Ağırlıqqaldırma yarışlarında mübarizə aparan Əlibəy Səmədov (94 kq) və Nizami Paşayev (105 kq) hərəyə 2 bürünc medal əldə etdilər. Qılıncoynatma yığmamız da I İslam Həmrəyliyi Oyunlarını 3-cü pillədə başa vurdu.
II İslam Həmrəyliyi Oyunlarının əvvəlcə 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salınıb və sonradan ləğv olunub. III İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil edilib. Sentyabrın 22-dən oktyabrın 2-dək keçirilən III İslam Həmrəyliyi Oyunlarında 2500-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak edib. Oyunlarda iştirak edən idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Oyunlarında iştirak etmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə Oyunların müsəlman aləmində əlamətdar hadisə olduğunu qeyd etmişdir: "Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır. Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın”.
Oyunların keçiriləcəyi idman arenaları
Bakı-2015 Avropa Oyunlarının təşkili üçün nəzərdə tutulan idman obyektlərindən Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında da istifadə ediləcək. Həmin idman obyektləri ən müasir texniki tələblərə cavab verir. IV İslam Həmrəyliyi Oyunları Bakı Olimpiya Stadionu, "Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, "İnter Arena”, Bakı Olimpiya Kompleksi, "Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Dilqəm Quliyev