Dostluqda sadiq, işində peşəkar olan boks veteranı

Dostluqda sadiq, işində peşəkar olan boks veteranı

"Olimpiya dünyası” qəzeti hər zaman yeniyetmə və gənclərin idmana marağını özündə əks etdirən müxtəlif səpkili yazılar hazırlayır. Bildiyiniz kimi, bu sahəyə maraq uşaq vaxtından başlayır. İdmanın bu günü olduğu kimi, həm keçmişi, həm də gələcəyi var. Bizi o günlərə veteran idmançılarımız aparır, gələcəyə isə müasirlərimiz çatdıracaq. Veteran idmançılardan söz düşmüşkən, ölkəmizdə güclü və tanınmış mütəxəssislər çoxdur. Onların təcrübələri bugünkü nəsil üçün əsl məktəbdir. Bu sahədə sözünü demiş şəxslərin keçdiyi həyat yolu oxucular üçün də maraqlı olur. "İdman veteranları” rubrikasının budəfəki qonağı SSRİ idman ustası Paşa Əliyevdir. O, 2000-2005-ci illərdə Azərbaycan Boks Federasiyasının Veteranlar Şurasının sədri olub. 10 il (2006-2016-cı illər) ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında işləyib. Ailəsi repressiyaya məruz qalan veteran redaksiyamızın qonağı olaraq, keçdiyi həyat yolunu bizimlə birlikdə səhifələdi.

- İstərdik, oxuculara özünüz haqda məlumat verəsiniz.

- 1934-cü il sentyabrın 16-da Gürcüstanın Batumi şəhərində anadan olmuşam. Uşaqlığım çətinliklər içərisində keçib. Bunun əsas səbəbi ailəmin repressiyaya məruz qalmasıdır. 1938-ci ildə atam İbrahim Əliyev Sibirə sürgün olunub. Ondan sonra vəziyyətimiz daha da çətinləşib. Anam 5 körpə uşağı tək böyütmək məcburiyyətində qalıb. 1950-ci ildə yenidən sürgün olunaraq Qazaxıstanın Canbul vilayətində məskunlaşmışıq. Orta məktəbi başa vurduqdan sonra Alma-Atı şəhərindəki Qazaxıstan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşam.


- Boksla nə vaxtdan məşğul olmusunuz?

- 1954-cü ildən boks idman növü ilə mütəmadi məşğul olmağa başlamışam. Cəmi 3 ildən sonra Qazaxıstan yığma komandasına dəvət olundum. Turnirlərdə yüksək səviyyədə çıxış edirdim. 1957-ci ildə Alma-Atı çempionu oldum. Komanda ilə birlikdə Qırğızıstan, Özbəkistan, Ukrayna və s. yerlərə yarışlara gedirdik. 1958-ci ildə Moskva şəhərində keçirilən tələbələrin Ümumittifaq çempionatında ikinci yeri tutmuşam.

- Necə oldu ki, Azərbaycan yığmasına dəvət aldınız?

- Həmin illər Azərbaycanın yığmasının baş məşqçisi Abbas Ağalarov mənim döyüşlərimi izləyirdi və xoşuna gəlmişdi. Yarışdan sonra Abbas müəllim mənə yaxınlaşıb, Azərbaycan millisinin heyətində çıxış etməyi təklif etdi. Bu təklifi müsbət dəyərləndirdim. Çünki əslən Azərbaycandan olduğuma görə, tarixi torpaqlarımız məni özünə çəkirdi. Həmin vaxt ikinci kursda oxuyurdum. Təhsil aldığım institutun rektoru məni buraxmaq istəmirdi. Amma nədənsə sonra fikrindən daşındı. 1959-cu ilin oktyabrında sənədlərimi alıb, Bakıya gəldim. Bakıdakı institutun rektoru Ənvər Babayev idi. O, məni çox yaxşı qarşıladı. Qeyd edim ki, ilk dəfə idi Azərbaycana gəlirdim.

- Əldə etdiyiniz nailiyyətləri necə xatırlayırsınız?

- 1960-cı ildə keçirilən Azərbaycan birinciliyində 2-ci yerlə kifayətlənmişdim. Həmin yarışdan sonra məni güclü rəqib kimi tanımağa başladılar. Bundan iki il sonra Tbilisi şəhərində təşkil olunan Ümumittifaq Oyunlarında bürünc medal qazandım. Bu illər ərzində Bakı çempionu, Azərbaycan millisinin heyətində Krasnodar, Tbilisi, Lvov, Vilnüs görüşlərinin, Zaqafqaziya, Orta Asiya və Qazaxıstan turnirlərinin qalibi olmuşam.
Əldə etdiyim yüksək nəticələrə görə, 1962-ci ildə SSRİ idman ustası fəxri adına layiq görülmüşdüm. 1966-ci ildən yarışlarda Respublika dərəcəli hakim kimi iştirak edirdim, münsiflər heyətinin üzvü olmuşam. Hazırda isə turnirlərdə texniki hakim kimi fəal iştirak edirəm. 60 ildən çoxdur ki, bu idman növündəyəm. Bir sözlə, gənc boksçulara öz köməkliyimi əsirgəmirəm.

1999-cı ildə Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşam. Bundan başqa, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Boks Federasiyasının birgə hazırladığı yubiley medallarına da (2004-cü və 2014-cü illər) layiq görülmüşəm.

- Ağacan Abıyevlə sizi 50 illik dostluq telləri bağlayır. Bu dostluq necə yaranıb?

- Bakıya ilk dəfə gələndə Ağacan Əbiyevlə yaxından tanış oldum. Həmin dövrdən etibarən birlikdə yığma komandanın heyətində boksla məşğul olmağa başladıq. Tezliklə onunla dostlaşdıq. O, mənə çox kömək edirdi. Hətta hamı gedəndən sonra qalıb, birlikdə məşq edirdik. İnstitutu bitirdikdən sonra mən sənədlərimi Azərbaycan Dövlət Universitetinə (indiki BDU), o isə Politexnik İnstitutuna (AzTU) verdi. Fərqli təhsil ocaqlarında olsaq da, bu dostluq münasibətimizə təsir etmirdi. Əksinə çalışırdıq daha çox görüşək, bir-birimizlə hal-əhval tutaq. Ağacan müəllimlə spartakiadalarda da çox iştirak etmişəm. Yarışlara bir yerdə gedirdik. Onu da deyim ki, Ağacan müəllimin rəssamlıq qabiliyyəti var idi. 1963-cü ildə mənim dostluq şarjımı çəkmişdi. Şarjın altından bu sözləri yazmışdı: "Dil bilən”. Bunu çox dil bildiyimə görə belə adlandırmışdı. Ağacan Əbiyev mən hakimlik edəndə də vaxtaşırı əlaqə saxlayır, problemlərimlə yaxından maraqlanırdı. Dünya şöhrətli alim olan Ağacan müəllim istənilən sahədə böyük bilgiyə malikdir. Onunla söhbət edəndə insan yorulmur. Buyaxınlarda Ağacan Əbiyevin 80 illik yubileyi qeyd edildi.

- Son vaxtlar hansı turnirlərdə texniki hakimlik etmisiniz?

- Qeyd edim ki, 20 ildən çoxdur texniki hakim kimi yarışlara dəvət olunuram. Buyaxınlarda Bakıda keçirilən iki boks turnirində texniki hakim kimi çıxış etdim. Əvvəlcə yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyinə nəzarət etdim. Həmin birincilikdə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da iştirak edirdi. Yarış çox maraqlı və gərgin keçdi. Boksçuların nəticələri bir-birindən fərqlənmirdi. Buna görə də biz hakimlər daha diqqətli olmalı idik. Yekunda 14 çəki dərəcəsi üzrə ən yaxşıları müəyyənləşdirdik.
Bundan bir neçə gün sonra gənc boksçular arasında Azərbaycan birinciliyi keçirildi. Yarışda paytaxt və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə aparırdı. 10 çəki dərəcəsi üzrə təşkil olunan birincilikdə 140 idmançı qüvvəsini sınadı. Ölkə birinciliyi də tamaşaçıların marağına səbəb oldu.

- Yeniyetmə və gənc boksçularımızın çıxışlarını izləyirsiniz. Onların çıxışlarını necə qiymətləndirirsiniz?

- Boks idman növü ölkəmizdə ildən-ilə inkişaf edir. Dövlət tərəfindən bu idman növünə qayğı yüksək səviyyədədir. Təmsilçilərimiz arasında Olimpiya mükafatçıları, 3 qat dünya çempionu, Avropa çempionatının qalibləri var. Bu, onu göstərir ki, respublikamızda boks idman növü sevilir və populyarlığı ilə digərlərindən geri qalmır.

Yeniyetmə və gənclərimiz arasında istedadlı idmançılar çoxdur. Qeyd etdiyim kimi, hər iki turnirdə də onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Amma çatışmayan cəhətlər də az deyil. Gənc boksçular son illər döyüş zamanı ardıcıl zərbələrdən az istifadə edirlər. Zərbələri ancaq başa vurmaqla kifayətlənmək olmaz. Rəqibi məğlub etmək istəyirsənsə, qarın nahiyyəsinə də yumruq vurmaq lazımdır. Bundan başqa, əksər boksçular müdafiəyə bir o qədər də fikir vermirlər. Halbuki bu, boksda əsas məsələlərdən biridir.

- Bu il 84 yaşınızı qeyd edəcəksiniz. Bu müddət ərzində hansı arzunuzu həyata keçirə bilməmisiniz?

- Geriyə baxanda idmanda qazandığım nailiyyətlər gözümün qabağına gəlir. Dostlarımla, tələbə yoldaşlarımla keçirdiyim günlər xoş xatirə kimi yadıma düşür. Əlbəttə, indiyədək qazandığım nailiyyətlər məni sevindirir. Buna baxmayaraq, gerçəkləşməyən arzularım da çoxdur. Hazırda təqaüdçüyəm, daha çox diqqətə ehtiyacım var. Boksun inkişafında göstərdiyim xidmətlərin nəzərə alınacağına ümid edirəm.

Rahib Səmədov