"İstəyirik ki, nə vaxtsa aba güləşi Olimpiya oyunlarının proqramına daxil edilsin”
Bu gün dünyada ən çox idmançı kütləsinə malik olan idman növlərindən biri də güləşdir. Bizim eradan əvvəl Yunanıstanda keçirilən Qədim Olimpiya oyunlarından dövrümüzə qədər olimpiadaların hər birində güləş üzrə yarışlar keçirilib. Bu idman növünün miqyası qısa zaman ərzində genişlənib. Tezliklə müxtəlif qitələrdə güləşin xüsusiyyətlərini özündə əks etdirən növlər yaranmağa başlayıb. Belə ki, Yaponiyada "sumo”, "puroresu”, Monqolustanda "monqol güləşi”, ABŞ-da "peşəkar”, Hindistanda "pehlvani”, Meksikada "luça libre” və s. geniş vüsət alıb.
Qədim tarixə malik olan Azərbaycanda isə "Zorxana” adı altında güləş formalaşmağa başlayıb. Bu barədə əvvəlki saylarımızda ətraflı məlumat vermişik. Güləşin ən çox yayıldığı ölkələrdən biri də Türkiyədir. Böyük tarixi dövr yaşayan bu ərazidə güləş yarışları keçirilmiş, bu növ yerli əhali tərəfindən sevilmişdir. Nəticədə, indiki Türkiyə ərazisində "yağlı”, "qaraqucaq” və "aba” güləşi inkişaf edərək, günümüzə qədər gəlib çıxıb. Qədim türklərin məşğul olduğu güləş növləri arasında aba güləşi daha çox sevilir. Bu barədə məlumatları araşdırdıqda, bir sıra maraqlı məqamlar üzə çıxdı. Aba güləşi barəsində daha dolğun məlumatı isə biz beynəlxalq federasiyanın prezidentindən aldıq. Belə ki, Türkiyə Olimpiya dərnəyinin rəhbəri, Dünya Aba Güləşi Federasiyasının prezidenti, professor İbrahim Öztək bugunlərdə ölkəmizdə olmuş, idman sahəsində fəaliyyyət göstərən rəsmilərlə görüşmüşdür. Hər zaman səhifələrində idmanın bütün növlərinə geniş yer ayıran "Olimpiya dünyası” qəzetinin əməkdaşı federasiya prezidenti ilə görüşərək, onun rəhbərilk etdiyi federasiyanın fəaliyyətindən, bu növün tarixindən bəhs edən yazı hazırlayıb. İbrahim Öztək bizi maraqlandıran suallara ətraflı cavab verib.
- İbrahim bəy, ölkəmizə xoş gəlmisiniz. Səfərinizin məqsədi barədə məlumat verərdiniz .
- Təşəkkür edirəm. Əvvəlcə bildirim ki, Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Burada özümü öz evimdəki kimi hiss edirəm. Səfərim zamanı Bakını gəzdim. Gözəl, tarixi və müasirliyi ilə könülləri sevindirən şəhərdə olmaqdan çox məmnunam. Paytaxtınızı gəzdikdən sonra idman rəsmiləri, Milli Olimpiya Komitəsinin nümayəndələri, idmançılarla yaxından tanış olub, onlarla fikir mübadiləsi apardıq. Onu da xüsusi qeyd edim ki, səfərim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf etdi. Bu gözəl günlərdə sizinlə birlikdə bayram əhval ruhiyyəsində olmaqdan qürur duyuram.
- İdmançı kimi bir sıra uğurlarınız olub. Əsas uğurlarınız cüdoda olub.
- Uzun illərdən bəri idman sahəsində yorulmaz fəaliyyət göstərmişəm. Cüdo, aykido, karate, uşu və kunq-fu kimi idman növləri ilə məşğul olmuşam. Cüdo üzrə Balkan çempionuyam. Qitə miqyaslı yarışlarda mükafatalayiq nəticələrim olub. Hazırda Türkiyə Olimpiya Dərnəyinin prezidenti vəzifəsindəyəm.
- Dünya Aba Güləşi Federasiyasının prezidenti kimi məsul vəzifədə də çalışırsınız. Bir qədər idman növünün tarixi barəsində məlumat verərdiniz.
- Aba güləşinin böyük tarixi var. Bu idman növü iskit, saxa, uyğur, qaraxan, moğol, özbək, Qazax, Cağatay və digər xalqlar arasında geniş yayılıb. Türkiyə ərazisində yaşayan Qaziantəp, Antakya bölgələrində yaşayan Qızıq türkləri də bu növə maraq göstəriblər. Orta Asiyada da bu növ qısa zaman ərzində öz miqyasını genişləndirib. Hazırda bütün dünyada sevilən idman növü olan cüdo, necə deyərlər mənşəyinə görə aba güləşinin müasirləşmiş formasıdır.
- Bu növ üzrə beynəlxalq yarışlar keçirilirmi? Hansı ölkələrdə daha geniş yayılıb?
- Türkiyənin Hatay, Kahramanmaraş, Qazıantəp vilayətlərində sevilən aba güləşi artıq Türkiyənin sərhədlərini aşa bilib. Təxminən 60-a qədər ölkədə bu növlə məşğul olurlar. Elə bu məqsədlə ötən il aba güləşi üzrə dünya çempionatı keçirdik. Monqolustandan Almaniyaya, Əfqanıstandan Sibirə qədər 40-dan artıq ölkənin idmançıları mübarizə apardılar. Biz çalışırıq ki, həmin ölkələrdə bu idman növünü təbliğ edək. Bunun üçün orada yerli mütəxəssislər yetişdirək. Vaxtaşırı olaraq seminarlar keçirib, onlara sertifikatlar təqdim edirik. Qeyd edim ki, Avropa ölkələri arasında Almaniyada aba güləşi daha çox nüfuza malikdir. Təkcə bu ölkədə 4 dəfə ölkə çempionatı təşkil edilib. Bundan başqa Rumıniyada da yarışlar keçirilib. Düşünürük ki, qısa zaman ərzində aba güləşinin miqyası bütün dünyada geniş yayılacaq.
- Qeyd etdiniz ki, Hatay aba güləşinin yarandığı yer sayılır. Yəqin ki, yarışlar elə bu vilayətdə keçirilir.
- Bəli. Ötən il Hatayda keçirilən yarış yüksək səviyyədə təşkil olunmuşdu. Qaliblərə təşkilatçılar tərəfindən mükafat olaraq "Cümhuriyyət qızılı” təqdim etdik. Bununla yanaşı onların yarış dövrü ərzində bütün xərcləri bizim tərəfdən həll edilmişdi. Qeyd edim ki, qalibə verilən mükafat bir gəncin və ya bir tələbənin illik xərcini qarşılaya biləcək bir səviyyədədir. Bu işi ənənə halına salmağı düşünürük.
- Güləşin bu növü hansı xüsusiyyətlərə malikdir?
- Aba güləşi ilk baxışdan çox çətin görünür. Amma tədricən bu sirlərə yiyələnmək mümkündür. Qaydaya əsasən, güləşçilər fəndləri əsasən ayaqüstə yerinə yetirirlər. Çalışıb, fürsət düşən kimi rəqibin kürəyini yerə vurmalısan. Dirsəkləri yerə toxunan idmançı mübarizəni məğlubiyyətlə başa vurur. Kəmərdən tutmaq sərbəstdir. Ayaqlardan tutmaq sərbəstdir. Bu növdə bütün komandalar türkcə adlandırılıb: salam, başla, bitdi, cəza vs.
- Necə düşünürsüz, aba güləşi Olimpiya Oyunlarının proqramına salına bilərmi?
- Hədəfimiz çox böyükdür. Biz istəyirik ki, yaxın gələcəkdə bütün dünyada aba güləşi üzrə yarışlar təşkil olunsun. Hamı bü növlə yaxından maraqlansın. Təbliğat nəticəsində yeni uğurlara nail olaq. İstəyirik ki, nə vaxtsa aba güləşi Olimpiya oyunlarının proqramına daxil edilsin. Bu arzudur. Arzunun həyata keçməsi üçünsə mütərəqqi işlər görülməlidir.
- Bu idman növünün Azərbaycanda yayılması üçün nə etmək lazımdır?
- Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. İdmançılarınızın uğurları saysız-hesabsızdır. Bu bizi də sevindirir. Hər zaman müxtəlif miqyaslı idman tədbirlərində, xüsusilə Olimpiya oyunlarında Azərbaycan idmançılarının uğurlarına şərik olmuşuq. Azərbaycanda idmanın əksər növləri inkişaf edib. Burada idmançılar üçün hər bir şərait yaradılıb. Əminliklə deyə bilərəm ki, Azərbaycan Qafqazın parlayan ulduzudur. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı yüksək səviyyədədir. Əgər bir idmançının sosial vəziyyəti yaxışdırsa, onun uğur qazanmaq üçün imkanları daha çox olur. Biz istərdik ki, aba güləşi Azərbaycan da geniş yayılsın. Bunun üçün bu idman növünə maraq olmalıdır. Hesab edirik ki, burada bu növü təbliğ edə bilsək, yaxın gələcəkdə Azərbaycan idmançıları bu növ üzrə beynəlxalq yarışlarda iştirak edəcəklər.
Anar Əhmədov