Samur Novruzovun 80 illik yubileyi qeyd olunub

Samur Novruzovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tanınmış ictimai-siyasi xadim, məşhur basketbolçu Samur Novruzovun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, dövlət xadimləri, Milli Məclisin deputatları, yubilyarın dostları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Samur Novruzovun müstəqil Azərbaycan dövlətçiliyinin tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizdə xaos və anarxiyanın, hərc-mərcliyin mövcud olduğu vaxtlarda xalqın yeganə ümidinin təkcə ulu öndər Heydər Əliyev olduğunu bəyan edərək onun Naxçıvandan Bakıya dəvət edilməsi üçün çalışan qabaqcıl ziyalılardan biri də məhz Samur Novruzov idi. Ümumiyyətlə, Samur Novruzov ömrünün sonunadək ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini dəstəkləyib, dövlətçiliyimizin möhkəmlənməsi yolunda Ulu Öndərin ən fəal müdafiəçilərindən biri olub.
"Samur Novruzov hələ gənclik illərindən idmançı karyerasında böyük uğurlar qazanıb. Dəfələrlə Azərbaycan çempionu titulunu qazanan və keçmiş İttifaq miqyasında tanınmış basketbolçu olan Samur Novruzov SSRİ idman ustası adına layiq görülüb. Bu gün Samur müəllimin yubiley mərasiminin məhz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qeyd edilməsi təsadüfi deyil. Çünki bacarıqlı idman mütəxəssisi Samur Novruzov uzun illər bu təhsil ocağına rəhbərlik edib, bədən tərbiyəsi və idman sahəsində minlərlə kadrın yetişməsində müstəsna xidmətlər göstərib”, - deyə Azad Rəhimov əlavə edib.
Samur Novruzovun ölkəmizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən mədəniyyət naziri Əbülfəs Qarayev onun yüksək insani keyfiyyətlərindən danışaraq deyib: "Dəfələrdə Samur müəllim ilə görüşlərim olub. Bir çox hallarda onunla fikir mübadiləsi aparıb zəngin həyat təcrübəsindən yararlanmışam. O, Bədən Tərbiyəsi və İdman
 Akademiyasına rektor təyin olunduqdan sonra ali təhsil ocağında yaxşılığa doğru mühüm dəyişikliklər müşahidə olundu. Qətiyyətliliyi və dönməzliyi ilə seçilən Samur müəllimin rəhbərliyi altında ali təhsil müəssisəsində çoxlu sayda peşəkar kadr hazırlanıb.
Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Xarici Turizm Şurası ləğv olunaraq nazirliyin tabeliyinə verildi. Həmin vaxt Şuraya Samur Novruzov rəhbərlik edirdi. Mən düşündüm ki, Samur Novruzovsuz bu sahədə işləmək çətin olacaq. Həmişə onunla turizmin inkişafı haqqında müzakirələr aparırdım. Sevindirici haldır ki, hazırda qüvvədə olan "Turizm haqqında” Qanun hazırlanmasında Samur Novruzovun müstəsna xidmətləri olub”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Samur Novruzovla bağlı xatirlərindən danışaraq bildirib ki, o, daim mərdliyi ilə seçilib. Onun qəbul etdiyi düzgün qərarlar, atdığı addımlar həmişə ölkəmizin çiçəklənməsinə xidmət göstərib. Dostcanlı insan olan Samur müəllim həmişə yaxınlarının və dostlarının problemləri ilə maraqlanır, onlara kömək etməyə çalışırdı.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və parlamentin deputatı Ağacan Abiyev Samur Novruzovla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən danışıblar.

Yubilyarın oğlu Namiq Novruzov atasının xatirəsinin yad olunmasına və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarına Samur Novruzovun həyat və yaradıcılığından bəhs edən "Şəxsiyyətin həyat hekayəsi” kitabı təqdim olunub.Tədbir konsert proqramı ilə davam edib.
AZƏRTAC