Bu dünyada mənalı, zəngin ömür yaşamaq hər kəsə nəsib olmur. O kəslər xoşbəxtdirlər ki, Tanrıdan taleyinə düşən ömür payını gözəl və mənalı yaşayırlar. Bir də o kəslər xoşbəxtdirlər ki, özlərindən sonra iz qoyub gedirlər bu dünyadan. Müsahibimiz tanınmış məşqçi-idmançı, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov taleyinə düşən ömür payını mənalı yaşayan insanlardandır. Bu insan haqqında çox xoş sözlər söyləmək olar -alicənab, qayğıkeş, təvazökar, sadə, səmimi, əsil ağsaqqal. Cavanşir müəllim vətənini, xalqını, dövlətini ürəkdən sevən insandır. Səbirli, təmkinli, ağsaqqal insanlara cəmiyyətimizdə hər zaman hörmət və ehtiram var. Ölkəmizin idman həyatında özünəməxsus dəsti-xətti olan insanların fəaliyyətinə geniş yer ayıran "Olimpiya dünyası” qəzeti və "Olimpnews.az" saytı bu dəfə ömrünün 71-ci yayını yaşayan Cavanşir Qurbanovun zəngin ömür yolundan söhbət açacaq.
- Cavanşir müəllim, ölkəmizin idman həyatında tanınmış mütəxəssislərindənsiniz. Necə oldu ki, həyatınızı idmana həsr etdiniz?
- Mən 1947-ci ildə dekabrın 6-da Bakı şəhərində anadan olmuşam. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlarının nəslindən olduğum üçün qürur duyuram. Yəqin bu səbəbdəndir ki, zorxanaya, güləş idman növünə sevgim böyükdür. Vaxtilə Mərkəzi Ordu İdman Klubunda (MOİK) sərbəst güləşlə məşğul olmuş, dəfələrlə Bakı və respublika çempionu adını qazanmışam. 1969-1972-ci illərdə Bakı Xalq Maarifi Şöbəsinin güləş məktəbində məşqçi, 1972-1990-cı illərdə həmin məktəbin direktoru işləmişəm. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan İqtisadiyyat Universiteti) qəbul oldum. Amma idmana olan həvəsim məni sonunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna (indiki AzDBTİA) gətirdi. 1968-1972-ci illərdə bu ali təhsil ocağında idmanın sirrlərinə yiyələndim. 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi Şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışdım. Uzun müddət Azərbaycan Güləş Federasiyasında (AGF) işləmişəm. 1998-2007-ci illərdə AGF-nin I vitse-prezidenti, 2007-2017-ci illərdə AGF-nin regionlar üzrə vitse-prezidenti kimi fəaliyyət göstərmişəm. İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifiyəm. SSRİ-nin idman ustası, ümumittifaq dərəcəli, eyni zamanda, beynəlxalq dərəcəli hakiməm. Yetirmələrimin arasında, dünya və Avropa çempionları az deyil.
- Hansı mükafatlarınız vardır?
- İdman sahəsində əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adlarına layiq görülmüşəm. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını almışam. 2017-ci ildə isə idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətimə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” Ordeni ilə təltif edilmişəm.
"İnsan elə ömür yaşamalıdır ki, özündən
sonra bir iz qoyub getsin”
- Siz bir el ağsaqqalı kimi çoxlarına arxa, kömək olmusunuz...
- İnsan elə ömür yaşamalıdır ki, özündən sonra bir iz qoyub getsin. Bu dünyada ancaq yaxşılıq qalır və edilən yaxşılıqlar sonda insanın özünə qayıdır. Özünə qayıtmasa da, balalarının, nəvələrinin qabağına çıxır. İnsan öləndən sonra qəbiristanlığa 3 şeylə gedir- qohumları, tabutu və əməlləri ilə. Əməllər qəbirə girir, qalanları isə geri qayıdır. Ömrüboyu çalışmışam ki, ətrafımda olanlara və ümumiyyətlə, ehtiyacı olan insanlara kömək edim, əl tutum. Nə gizlədim, çoxlarına ümid, pənah yeri olmuşam. Dəfələrlə mənə kömək üçün müraciət edən insanların problemləri ilə bağlı müvafiq orqan və təşkilatlar qarşısında məsələ qaldırmışam və həmin məsələ öz həllini tapıb. Köməyə ehtiyacı olan idmançılara, dərs dediyim tələbələrə təmənnasız yardım etmişəm. Uzun müddətdir idman sahəsində çalışan bir insan kimi gənclərlə, tələbələrlə çox ünsiyyətdə olmuşam. Tələbələrimlə həmişə dost kimi davranmışam. İnsan xeyirxah işlər görəndə mənən zənginləşir, saflaşır, özünü rahat hiss edir.
- Cavanşir müəllim, siz həm də gözəl ailə başçısı, nümunəvi atasınız?
- Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan və "kiçik dövlət” adlandırılan ailə dövlətin əsasını təşkil edir. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərimizə məhəbbət, düşmənə isə nifrət ruhunda böyüsün. Ailədə uşağa başa salınmalıdır ki, vətənpərvərlik hissi bütün şəxsi maraqlardan üstün olan bir hissdir. Hələ qədimdən hər bir azərbaycanlı üçün ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Halal ömür sürmüşəm, harama əl uzatmamışam. Halal süfrənin bini-bərəkəti kəsilməz. Artdıqca artar. Həyatı zənginləşdirən xeyirxah əməllər, halal işlərdir.
Düşünürəm ki, milli mənəvi dəyərlərimiz qorunmalı, öz əhəmiyyətini itirməməlidir. El ağsaqqalı ağsaqqalığa öz evindən başlamalıdır. Özünü elə aparmalıdır ki, ailəsindəki dəyəri cəmiyyətə inteqrasiya edə bilsin. Çalışmışam ki, övladlarıma düzgün tərbiyə verim, onları vətənə, xalqa layiqli övlad kimi yetişdirim. Həmişə cəhd etmişəm ki, onlar xeyirxah, tədbirli, mehriban, ağsaqqala hörmət, kiçiyə məhəbbət ruhunda tərbiyə olunsunlar.İnsan cəmiyyətdə nüfuzlu yer tutmaq üçün əvvəlcə övladlarına nümunə olmalıdır. Xoşbəxtəm ki, ağıllı, tərbiyəli övladlarım var və mənim yolumu gətirirlər.
- Neçə övladınız var?
- İki öğlum, bir qızım var. Oğlum Cəlal Qurbanov şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vətənpərvərlik mövzusu onun şeirlərinin ana xəttini təşkil edir. "Mən azərbaycanlıyam”, "Azərbaycan”, "Qarabağın səsi”, "Zəfərə doğru” kimi şeirləri insanlar tərəfindən çox sevilir. Cəlalın 20-dən çox şeirinə mahnılar bəstələnib. Digər oğlum Samir gömrük sahəsində çalışır. Qızım Samirə isə müəllimədir.Övladlarımdan çox razıyam.
- Eşitdik, Həcc ziyarətində olmusunuz?
- Həcc ziyarətinə getmək çoxdankı arzum idi. Ötən il Tanrı mənə bu xoşbəxtliyi nəsib etdi. Hər zaman Allaha yaxın insan olmuşam. Şükür edirəm ki, o müqəddəs ziyarət yerini, Kəbəni dolanmaq bir müsəlman kimi mənə də qismət oldu.
"Hər zaman öz gücümə arxalanmışam”
- Bu gün həyatda sahib olduqlarınıza görə kimə borclusunuz?
- 71 yaşım var. Qazandığım uğurlar göz qabağındadır və hər zaman həyatda nəyəsə nail olmaq üçün öz gücümə arxalanmışam. Bu gün nail olduğum bu mərtəbəyə halal zəhmətim, işgüzarlığım sayəsində gəlib çatmışam. Bu gün Azərbaycan idmanında nəsə deyə bilmişəmsə, nəsə bir iş görmüşəmsə, özümü xoşbəxt hesab edirəm.
- Siz həm də uzun müddət Azərbaycan Güləş Federasiyasında yüksək vəzifələrdə çalışmısınız.
- Uzun müddət Azərbaycan Güləş Federasiyasının (AGF) regionlar üzrə vitse-prezidenti olmuşam. 1996-2006-cı illərdə federasiyanın I vitse-prezidenti vəzifəsində çalışmışam. Bir müddət "Təfəkkür” Universitetində bədən tərbiysi və idman kafedrasının müdiri işləmişəm, tələbələrə idmanın sirrlərini öyrətmişəm.
- "Cavanşir” idman klubunun yaranmasında məqsəd nə idi?
- "Cavanşir” idman klubu ötən il istifadəyə verilib. Klub Abşeron rayonunun Qobu qəsəbəsində yerləşir və yunan-Roma güləşi üzrə fəaliyyət göstərir. Bu idman klubunun açılmasında məqsəd uşaq və gəncləri idmana cəlb etmək, gələcəkdə onların peşəkar idmançı kimi yetişməsinə kömək etməkdir. Hazırda "Cavanşir” klubunda 100 nəfərdən çox uşaq və yeniyetmə güləşin sirrlərinə yiyələnir.
- Siz həm də "Cabir Novruz” Mədəniyyət Fondunun prezidentisiniz. Fondun fəaliyyəti nədən ibarətdir?
- "Cabir Novruz” Mədəniyyət Fondu mədəniyyət sahəsində fəaliyyət göstərən tanınmış ziyalıların, elm xadimlərinin, şairlərin yubiley və gecələrini təşkil edir.Fondun rəhbərliyi və təşkilatçılığı ilə xeyli iş görülüb,vacib və əhəmiyyətli tədbirlər həyata keçirilib. Təkcə onu deyim ki, "Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə mərhum vokal ifaçımız, müğənni Hüseynağa Hadıyevin 70 illik yubuleyi, cərrah-alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Bəybala Abbasovun 80 illiyi yüksək səviyyədə qeyd olunub. Bu ilin mart ayında görkəmli şairimiz Cabir Novruzun 85 illik yubileyi ilə bağlı tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Bundan başqa, fondumuzun təçkilatçılığı ilə Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Məmməd Arif, Cabir Novruza həsr olunmuş müxtəlif səpkili tədbirlər keçirilib. Qeyd edim ki, Cabir Novruzun oğlu və fondumuzun işində həmişə yaxından iştirak edən Müşfiq Novruzovun bugünlərdə qəfildən vəfat etməsi bizi çox kədərləndirdi. Allah ona rəhmət eləsin.
"Digər qardaşlarım da idmana yaxın insanlardırlar”
- Deyəsən, Qurbanov qardaşlarından ömrün idmana həsr eləyən təkcə Siz deyilsiniz?
- Qardaşım Xanlar Qurbanov Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. Tələbəlik illərində sərbəst güləş üzrə beynəlxalq yarışların iştirakçısı olub, bir sıra mükafatlara layiq görülüb. 1970-ci ildə idman ustası, 1982-ci ildən ümumitifaq dərəcəli hakim adını alıb. İnstitutu bitirdikdən sonra həmin ali təhsil ocağının güləş kafedrasında müəllim kimi işləməyə başlayıb. O, Azərbaycan Milli İdman Assosasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvüdür. Xanlar müəllim elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib. Hazırda güləş kafedrasının müdiridir. Bir sıra kitab və məqalələrin müəllifidir. Nəinki, Xanlar, digər qardaşlarım Əlpənah, Ağayusif və Xanmurad Qurbanovlar da idmana çox yaxın insanlardırlar.
- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı barədə nə deyə bilirsiniz?
- Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı ümummilli, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin əsasını qoyduğu idman siyasəti Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə idmana, bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Sağlam gənc nəslin yetişdirilməsi dövlətimizin prioritet istiqamətlərindəndir. Deyirlər, sağlam bədəndə sağlam ruh olar. Uşaq və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün idman vacib şərtdir. Uşaq və gənclərin idmanla məşğul olmaları üçün paytaxt və regionlarda mümkün olan bütün şərait yaradılıb.
Gəns nəslin tərbiyə olunması üçün onlara düzgün istiqamət göstərilməlidir. Savadlı, bilikli gənclərimiz çoxdur. Amma bəzən onların arasında zərərli vərdişlərlərə meyilli olanları da görürük. Uşaq və gəncləri bu yoldan qaytarmaq üçün ailə, təhsil ocaqları əlbir işləməlidirlər. Kitablara qarşı onlarda maraq oyadılmalıdır. Son vaxtlar gənclər kitabdan, mütaliədən daha çox sosial şəbəkələrə, mobil telefonlara üstünlük veririlər.
- Cavanşir müəllim, gənclərə daha çox nəyi tövsiyə edərdiniz?
- İnsan bu dünyaya yaşayıb yaratmaq, gərəkli olmaq üçün gəlir. İnsanın həyatda ən başlıca amalı cəmiyyətə, dövlətə faydalı olmaqdır. Mən gənclərə daha çox bu keyfiyyətlərə yiyələnməyi tövsiyə edirəm.
Səadət Hakıyeva