Nəcəf Novruzov: “Gənclər bizim ümidimiz, gələcəyimizdir”

Nəcəf Novruzov: “Gənclər bizim ümidimiz, gələcəyimizdir”







İdmanın kütləviliyi insanların sağlamlığı, sağlam həyat tərzi deməkdir.

İlham Əliyev



Ölkədə gənclərlə iş sahəsində fəallıq nümayiş etdirən təşkilatlar kifayət qədərdir. Bu sahədə əsas məsuliyyət gənclər və idman idarələrinin üzərinə düşür. Nərimanov rayon Gənclər və İdman İdarəsi (Gİİ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi rayon ərazisində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini uğurla həyata keçirir. İdarə öz fəaliyyətini Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı, bələdiyyə orqanları, huquq-mühafizə orqanları, hökumət və qeyri-hökumət təşkilatları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə qurub.
"Olimpiya dünyası” qəzetinin "Uşaq və gənclərin fiziki inkişafı” layihəsi çərçivəsində budəfəki qonağı Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzovdur. Nəcəf müəllim işlədiyi qurumun fəaliyyəti, görülən işlər və gələcək planları barədə danışdı.

- Nəcəf müəllim, Nərimanov Rayon Gənclər və İdman İdarəsi fəal işləyən qurumlardan biridir. Yaxşı olar ki, bu barədə oxucularımıza da məlumat verəsiniz.

- Bizim işimiz çox maraqlıdır. Çünki gənclərlə işləyirik. Gənclər özləri maraqlıdırlar, yaratmaq həvəsi, sevgi ilə doludurlar. İnsan hansı sahədə çalışırsa çalışsın, işini sevməlidir, işləməyə həvəs olmalıdır. Gənclərlə milli qəhrəmanların, Olimpiya, dünya və Avropa çempionlarının görüşlərini təşkil etmək, hansısa şairin və ya yazıçının gecəsini keçirmək, eləcə də, hərbi xidmətə gedən çağırışçıların yolasalma və qarşılanma mərasimləri, anım günlərinin təşkili onların tərbiyəsində böyük rol oynayır. Belə görüşlər gənc nəslin əsl şəxsiyyət kimi formalaşmasına müsbət təsir edir. Bundan başqa, orta məktəblərdə müxtəlif mövzularda inşa və rəsm müsabiqələrinin təşkili istedadlı şagirdlərin üzə çıxarılmasına yol açır. Bir sözlə, iş çoxdur, əsas həvəs olsun.

- Özünüz haqda məlumat verərdiniz.

- 1981-ci il yanvarın 8-də Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində anadan olmuşam. İlk təhsilimi elə həmin kəndin orta məktəbində almışam. Uşaqlığım çətin illərə təsadüf edib. Mənfur qonşularımızın bizimlə ərazi iddiasına qalxması səbəbindən Naxçıvan blokada şəraitində yaşayırdı. Ulu öndər, ümummilli lider Heydər Əliyev belə bir çətin gündə köməyə gəldi, əhalini ağır vəziyyətdən qurtardı. Blokadada olan Muxtar Respublikada orta məktəbi yaxşı qiymətlərlə bitirmək asan deyildi. Orta məktəbi bitirdikdən sonra sənədlərimi Naxçıvan Dövlət Universitetinə vermək istəsəm də, sonra fikrimi dəyişdim. Ali təhsil almaq üçün paytaxt Bakıya üz tutdum. 1998-ci ildə Azərbaycan Bədən Tərbiyə və İdman İnstitutuna (indiki AzDBTİA) qəbul oldum. 3-cü kursda oxuyanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində çalışmağa başladım. Artıq 20 ildir ki, idman sahəsində çalışıram. 2015-ci ildə Gənclər və İdman Nazirliyinin 20 illik yubileyində ölkə rəhbərinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişəm. Bu, mənim üçün böyük şərəfdir.



- Görünür, fəal tələbələrdən olmusunuz.

- Düşünürəm ki, cəmiyyətimizdə hər zaman fəal və savadlı tələbələrə, ümumiyyətlə, gənc kadrlara ehtiyac vardır. Həmin idarədə yarım ştat vahidi ilə işçiyə ehtiyac var idi və bu işə məni məsləhət görmüşdülər. O vaxt Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idi.

- Ötən il rayonda hansı tədbirlər həyata keçirilib?

- 2017-ci il ərzində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 174 tədbir keçirilib. Bu tədbirlərdə 16 mindən çox uşaq, yeniyetmə və gənc iştirak edib. Dövlətin gənclər və idman siyasətini əsas tutan tədbirlər proqramı çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə mühüm diqqət yetirilib. Bu istiqamətdə gənclərin vətənpərvərlik ruhda tərbiyə olunmasına yönəldilən görüş və seminarlar, onların zərərli vərdişlərdən uzaqlaşmaları və sağlam ruhda böyümələri üçün maarifləndirici tədbirlər təşkil edilib. Bundan başqa, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üçün müxtəlif yarış və çempionatlar keçirilib.
Ötən il 1825 nəfər uşaq, yeniyetmə və gənc idarəmiz tərəfindən diplom, sertifikat, fəxri fərman və təşəkkürnamə ilə təltif olunub. İl ərzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən 70-ə yaxın mühüm əhəmiyyətli tədbir 30-dan artıq KİV-də işıqlandırılıb.

- Bəs bu ilin 6 ayı ərzində hansı işlər görülüb?

- Nərimanov Rayon Gənclər və İdman İdarəsinin bu il keçirdiyi müxtəlif tədbirlərdə 9200 nəfərdən çox uşaq, yeniyetmə və gənc iştirak edib. Cari ilin 6 ayı ərzində İdarə tərəfindən 1020 nəfər uşaq, yeniyetmə və gənc diplom, sertifikat, fəxri fərman və təşəkkürnamə ilə təltif olunub. Ümumiyyətlə, il ərzində təhsildə, idmanda fəqrlənən uşaq və gənclər idarəmiz tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.
Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında daim maarifləndirmə işləri aparılır, onların zərərli vərdişlərdən uzaqlaşdırılaraq bədən tərbiyəsi və idmana cəlb edilməsi istiqamətində mühüm işlər görülür.



"Vətəni qorumaq hər birimizin borcudur”

- Ölkəmiz Ermənistanla münaqişə şəraitində yaşayır. Belə bir vaxtda gənclərdən nə tələb olunur?

- Bu Vətən hər birimizindir və onu qorumaq borcumuzdur. Azərbaycanın əzəli və əbədi torpaqlarının Ermənistan və onun havadarları tərəfindən işğalı yolverilməzdir və beynəlxalq normalara sığmır. Torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və düzgün siyasəti nəticəsində düşmən işğalından azad ediləcək və biz tezliklə qələbə gününü qeyd edəcəyik. Çünki bizim güclü ordumuz və öz torpağını, Vətənini sevən gənclərimiz vardır. Hamımız inanırıq ki, tezliklə, bu xalqın təqvimindəki hüznlü tarixləri zəfər dolu şanlı günlər əvəz edəcək.
Gənclərimizdə vətənpərvərlik hissi çox yüksəkdir. Bu, bizi çox sevindirir. Aprel döyüşlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin qarşısı gənclərlə dolu idi. Təsəvvür edin, təxminən 3700 nəfər gənc könüllü hərbi xidmətə getmək üçün bizə müraciət etmişdi. Azərbaycanın mərd və bilikli gənclərinin sayının çox olması bizim qürurumuzdur.



- İdmanın təbliği və kütləviliyi istiqamətində rayonda hansı işlər görülür?

- Dövlət proqramına uyğun olaraq, uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirmələri, idmana cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə çalışırıq. Elə olur ki, tədbirlər proqramında nəzərdə tutulduğundan çox tədbirlər təşkil edirik. İdmanın təbliğinə gəlincə, xüsusilə, orta məktəb proqramına daxil edilən idman növlərinə daha çox diqqət yetiririk. Gənc nəslin ümumi fiziki hazırlığı baxımından atletika, üzgüçülük, futbol, şahmat, gimnastika çox önəmlidir. Bu idman növlərinin sirrlərinə yiyələndikdən sonra karate, güləş, taekvondo və s. məşğul olmaq olar. Düşünürəm ki, idman növünün seçimi ilə bağlı 10 yaşdan sonra qərar vermək mümkündür.
Nərimanov rayonu ərazisində Gənclər və İdman Nazirliyinin 3, Təhsil Nazirliyinin isə 4 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərə dövlət büdcəsindən vəsait ayrılır. Rayon ərazisində yaşayan hər bir uşaq, yeniyetmə və gənc burada ödənişsiz idmanla məşğul olmaq imkanına malikdir. Bunlardan başqa, rayonda özəl idman klubları da vardır. Özəl klublarda məşğul olmaq istəyən şəhid, əlil, aztəminatlı ailələrin, idmançıların uşaqlarına güzəşt edilir.
Düşünürəm ki, orta təhsil məktəblərdə bədən tərbiyəsinin tədrisinə xüsusi diqqət yetirilməlidir. Çünki şagirdlər günün çox hissəsini məktəbdə keçirirlər. Təəssüflə qeyd etməliyəm ki, bəzi orta məktəblərdə idman dərsləri yükəsək səviyyədə tədris olunmur.

- Yəni demək istəyirsiniz ki, peşəkarlara hər yerdə ehtiyac vardır?

- İdmanda uğur əldə etmək, onun kütləviliyini artırmaq üçün həm də savadlı, peşəkar kadrlara böyük ehtiyac vardır. Yəni orta məktəblərdə, idman məktəblərində öz işini bilən müəllimlər çalışmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Bu yerdə rayonumuzun ərazisində yerləşən 82 saylı orta məktəbin bədən tərbiyəsi və idman müəllimi Coşqun Əliyevin, 258 saylı tam orta məktəbin bədən tərbiyəsi və idman müəllimi Əli Kərimovun, "Ankara məktəbi” məktəb-liseyin bədən tərbiyəsi və idman müəllimi Şahin Abdullayevin adlarını çəkməyə bilmərəm. Bu insanlar həm öz işini, həm də idmanı sevirlər. Hər biri müxtəlif yaşlarında olmaqlarına baxmayaraq yorulmaq nə olduğunu bilmirlər. Mütəmadi olaraq yarışlar təşkil edirlər, şagirdləri idmana həvəsləndirirlər. Müəllim tədris etdiyini fənni sevdirmək üçün özü də nümunə olmalıdır.

"Futbol əzələləri, şahmat isə zehni inkişaf etdirir”

- Futbol və şahmatın inkişafı və təbliği ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Ölkə rəhbəri tərəfindən futbol və şahmat idman növlərinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Burada məqsəd hər iki idman növünün ölkəmizdə daha da inkişaf etdirilməsidir. Futbolu uşaqlar və gənclər çox sevirlər. Həyətlərdə, küçələrdə top qovan uşaqları hər birimiz görürük. Futbol əzələləri, şahmat isə zehni inkişaf etdirir. Şahmat üzrə dövlət proqramının nəticəsi idi ki, Azərbaycan komandası dalbadal iki dəfə Avropa çempionu adını qazanıb. Düşünürəm ki, futbolda da uğurlarımız olacaq. Bunu Qurban Qurbanov "Qarabağ”ı klubunu UEFA Çempionlar Liqasına çıxartmaqla sübut etdi.
Nərimanov rayonunda mütəmadi futbol yarışları keçirilir. Bu il 10-a yaxın futbol yarışı keçirmişik. Futbol yarışlarında təqribən 15-20 komanda iştirak edir. Növbəti belə tədbirimiz iyunun 4-6-da 2006-2007-ci illər təvəllüdlü məktəblilər arasında keçirilən mini-futbol turniri oldu. Belə turnirlərin təşkili məktəbliləri futbol idman növünə cəlb etməklə, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasına xidmət edir. Məktəb-Lisey Kompleksində keçirilən yarışda 16 komandanın iştirakı ilə 160 nəfər məktəbli iştirak etdi. Yarışda I yerə Məktəb-Lisey Kompleksin komandası layiq görüldü. II yeri 291 saylı Ekologiya liseyinin komandası, III yeri isə 57 saylı tam orta məktəbin komandası tutdu. Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olundular. Biz həm də məhəllə futbolunun inkişafına da diqqət yetirir, müxtəlif yarışlar təşkil edirik.



- Paşam Əlizadə haqqında nə deyə bilərsiniz?

- Paşam Əlizadə Nərimanov rayonunda yerləşən "Ağ top” şahmat klubunun yetirməsidir. O ötən il keçirilən yarışda 9 oyunda 7 xal toplayaraq uğura imza atıb. Bu uşaq ilk dəfə 5 yaşında birinci dərəcəni toplayan ilk azərbaycanlıdır. Yeri gəlmişkən, bu il iyunun 7-də "Ağ Top” şahmat klubunun yeni tədris binasının açılışı oldu. Klub öz fəaliyyətinin daha da genişləndirərək, həm rayon ərazisində yerləşən orta məktəblərdə nümayəndiliklərini açdı, həm də şahmatla məşğul olanlarının sayını artırdı.
Valideynlər övladlarına düzgün istiqamət göstərməyi bacarmalıdırlar. Belə olan halda uğur da olacaq, nəticə də. Uşaqları kiçik yaşlarından rəsm və müsiqiyə cəlb etmək lazımdır. Əvvəllər keçirilən uşaq yaradıcılıq festivallarının çox böyük əhəmiyyəti var idi. Belə festivalların yenidən bərpa edilməsi yaxşı olardı.

- Gənclər problemləri ilə bağlı sizə tez-tez müraciət edirlərmi?

- Rayonda 26 orta məktəb, 9 ali təhsil ocağı, 6 kollec fəaliyyət göstərir. Tələbələrin əsas problemi yataqxana ilə bağlıdır. Biz çalışırıq ki, fəal, savadlı gəncləri işlə təmin edək ki, müəyyən problemlərini həll edə bilsinlər. Bizim təqdimatımızla onlarla gənc tələbə İcra Hakimiyyətində, Gənclər və İdman İdarəsində fəaliyyət göstərir. Belə gənclər çox savadlı, bilikli və çalışqandırlar. 650 bal toplayan tələbələrə İcra Hakimiyyəti tərəfindən təqaüd ayrılır. İl ərzində 30-35 nəfər bu təqaüdü alır. Ötən il 2 tələbəmiz, bu il isə 1 tələbəmiz 700 bal toplayıb. Tələbəmiz var ki, ona bu gün Avropa və Amerikanın məşhur universitetlərindən dəvətlər gəlir. Belə gənclərlə fəxr edir, qürur duyuruq.
Fəal gənclərin ad günlərini, mötəbər yarışlarda uğur qazanan idmançıların qələbələrini qeyd edirik. Fəal tələbələrin ailələrinə təşəkkür məktubu göndəririk. Təşəkkür məktubu alan tələbələrin valideynləri övladı ilə fəxr edir və onların cəmiyyətə gərəkli olduğuna sevinirlər. Tələbə də özünün cəmiyyətə gərəkli olduğunu anlayır. Cəmiyyətə gərəkli olmaq yaşamaq, var olmaq deməkdir.



- Eşitdiyimizə görə, Bilik fondu ilə sıx əməkdaşlıq edirsiniz?

- Biz Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə sıx əməkdaşlıq edirik. Fondun fəaliyyətindən, onun icraçı direktoru Oqtay Səmədovun işindən çox razıyıq. Ötən ay Fondun təşkilatçılığı ilə 2 tədbirimiz keçirilib. İyunun 12-də "Saf rənglər” beşinci beynəlxalq rəsm yaradıcılıq festivalının açılış mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində təşkil edilib. Tədbir ənənəvi olaraq 2013-cü ildən keçirilir. Festivalda 2 yaşdan 16 yaşadək olan uşaq və yeniyetmə rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində bacarıqlarını nümayiş etdirirlər.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən ikinci tədbirimiz "Sağlam olmaq güclü olmaq deməkdir” mövzusunda oldu. İyunun 13-də təşkil edilən tədbir "Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100-cü ildönümü ərəfəsində keçirilirdi. Burada gənclərin fiziki sağlamlığının və hazırlıq dərəcəsinin ordu quruculuğunda önəmi xüsusilə qeyd olundu.

- Kikboksinq Federasiyası Nərimanov rayonu ərazisində yerləşir. Bu federasiya ilə əlaqələrinizi necə qurmusunuz?

- Kikboksinq Federasiyası Nərimanov rayonunda yerləşir. Federasiyanın prezidenti Adil Əliyev həm də Nərimanov rayonundan millət vəkili seçilib. Federasiyanın fəaliyyətindən çox razıyıq. Rəhbərlik tərəfindən mütəmadi olaraq sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı tədbirlər çərçivəsində yarışlar həyata keçirilir. Kikboksinq Federasiyası "Hər ailədə bir idmançı yetişsin” şüarını əsas götürərək idmanın təbliğinə xidmət edir. Təbii ki, hər ailədə olmasa da, iki ailədən birində idmançının yetişməsi bu millətin sağlam gələcəyi, genofondun qorunması deməkdir.

- Şans həyatda böyük rol oynayırmı?

- Şansı yüksək qiymətləndirirəm. Amma şansı yetişdirən, doğuran zərurətlər də var. İnsan öz üzərində işləməsə, tənbəl olsa, şans ona heç vaxt yaxın gəlməyəcək. Düşünürəm ki, şansa yol açan zərurətləri özümüz yaratmalıyıq. Bəzən insanlar zəhmətkeş insanın irəli getdiyini görəndə, bunu şans kimi dəyərləndirirlər. Bu, belə deyildir. Axı həmin insan bu mükafatı almaq üçün əziyyət, zəhmət çəkib. Bax, bunu heç kəs demir.



- Dostlarınız çoxdur?

- Gənclər və idman sahəsində dostlarım çoxdur. Mənim üçün yaş fərqi yodur. Əsas odur ki, fikirlərimiz üst-üstə düşsün.

- Yorulanda necə istirahət edirsiniz?

- Gənclərlə işləməkdən yorulmuram, əksinə bu mənə güc, stimul verir. Rayon İcra Hakimiyyətində bir neçə şura və komissiyanın üzvüyəm. İşim çoxdur, amma yorulmuram.

- Sonuncu oxuduğunuz kitab?

- Bədii kitabları çox sevirəm. Vaxt tapan kimi mütaliə edirəm. Tarixi romanları daha çox xoşlayıram. Hazırda Ernest Hemunqeyin "Qoca və dəniz” əsərini oxuyuram. Sonra Qabriel Qarsiya Markesin "Gözlənilən bir qətlin tarixçəsi” əsərini oxumaq istəyirəm.

- Gənclərimizə nə tövsiyə edərdiniz?

- Gənclərimiz öz üzərində çox işləməlidirlər. Özlərinə, öz güclərinə inanmalı, güvənməlidirlər. Onlar tariximizi yaxşı bilməli, bir neçə xarici dil öyrənməlidirlər. Tərbiyə mühüm şərtdir və gəlin etiraf edək ki, hər birimiz cəmiyyətdə, ictimaiyyət arasında tərbiyəli, mərifətli gəncləri görəndə necə sevinirik. Uşaq və gənclərin əsil bir insan kimi yetişməsində ona verilən təlim-tərbiyədən əlavə onun düşdüyü mühit və şəraitin də çox böyük rolu vardır. Valideynlər övladlarının kiminlə oturub-durduqlarına nəzarət etməlidirlər ki, sonra peşmançılıq çəkməsinlər. Gənclər bizim ümidimiz, gələcəyimizdir.




Səadət Hakıyeva