“Mirpaşa Nuriyev peşəkar idman jurnalisti, gözəl insan, yaxşı ata idi”

“Mirpaşa Nuriyev peşəkar idman jurnalisti, gözəl insan, yaxşı ata idi”






Unutsaq, unudularıq


Azərbaycan mətbuatında özünəməxsus dəsti-xətti olan, peşəkar jurnalistlər kifayət qədərdir. Müasir qələm sahibləri yazmağı, yaratmağı, bu peşənin incəliklərini ustadlardan öyrənirlər. Belə ustadlardan biri də Azərbaycan idman jurnalistikasının banilərindən olan 1950-ci ildən 1987-ci ilədək "İdman” qəzetinə rəhbərlik etmiş, tanınmış qələm sahibi, Əməkdar jurnalist, Prezident təqaüdçüsü, Mirpaşa Miriyev idi.
Ölkənin idman jurnalistikası tarixində öz savadı, analitik biliyi, istedadı və qayğıkeşliyi ilə milyonların rəğbətini qazanan Mirpaşa Miriyevin ruhu qarşısında baş əyirik!. Milli Mətbuat Günü münasibətilə Mirpaşa müəllimin əziz xatirəsini yad etmək üçün onun sevimli qızı Ulduz Miriyeva ilə redaksiyada görüşdük.




"Onun anama və bizə kobud bir söz dediyini eşitməmişdim”

-Ulduz xanım, atanızı necə xatırlayırsınız?

- Atam haqqında çox danışa bilərəm. Onun haqqında ancaq xoş xatirələrim var. O, peşəkar idman jurnalisti, gözəl insan, yaxşı ata idi. Qohumlar, dostlar, tanışlar onu çox mədəni, təvazökar, alicənab insan kimi tanıyırdılar. Mən heç vaxt evdə onun anama və bizə kobud bir söz dediyini eşitməmişdim. Atamla anam hədsiz dərəcədə biri-birilərinə hörmət edirdilər. Bacımla mən onları daim anırıq. Xəyalımda tez-tez o günlərə qayıdıb, atamla anamın şirin söhbətlərini, xatirələrini yada salıram.
Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda, İçərişəhərdə doğulub. Ailədə 6 uşaq olublar- 2 oğlan 4 qız. Atam onların ən böyüyü olub və özündən balaca bacı və qardaşlarının orta və ali təhsil almalarında böyük köməklik göstərib. Babam vaxtından tez rəhmətə getdiyi üçün ailənin yükü atamın üstündə olub. Amma buna baxmayaraq öz təhsilini də yaddan çıxarmayıb.
Mirpaşa müəllm orta təhsilini 132 saylı orta məktəbdə alıb. Sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö¬bəsinə verib və qəbul olub. Universitetdə təhsil aldığı illərdə "Azərnəşr”də korrektor kimi çalışıb. Atam həmin dövrdə həm də "Gənc işçi”qəzeti ilə əməkdaşlıq edib. Məqalələri redaksiya tərəfindən bəyənildiyiinə görə, sonra əmək fəaliyyətini burada davam etdirib. Bir sözlə, atam çox zəhmətkeş, səmimi, qayğıkeş insan idi.

-İkinci Dünya Müharibəsi çoxları kimi Mirpaşa müəllimin də həyatında öz izini buraxıb?

- İkinci dünya müharibəsi ilə əlaqədar olaraq ölkədə redaksiyaların çoxu bağlandı. Atamın işlədiyi ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Atam da daxil olmaqla, redaksiyanın üç işçisi cəbhəyə gedən işçiləri əvəz etmək üçün radio verilişləri komitəsinə göndərildi. Mirpaşa müəllim bir müddət ”Azərbaycan gəncləri” qəzetində redaktor və redaktor müavini vəzifələrində çalışıb.
Atam "Azərbaycan gəncləri” qəzetində çalışarkən maraqlı yazıları ilə idman ictimaiyyətinin diqqətini cəlb edib. İdman sahəsinə yaxşı bələd olmağı onu 1950-ci ildə "Azərbaycan bədən tərbiyəçisi” və "Fizkulturnik Azerbaydjana” qəzetlərinə redaktor vəzifəsinə gətirib çıxarıb. Mirpaşa müəllim dərin zəkası, istedadlı qələmi və peşəkarlığı ilə bu qəzetlərə fasiləsiz olaraq 37 il rəhbərlik edib. Atam təqaüdə çıxandan sonra bir müddət "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin sədr müavini vəzifəsində çalışıb.

- Bəs ananız yadınızda necə qalıb?

- Anam ziyalı ailəsində dünyaya gəlib, əsilləri Oğuz rayondandır. Anamın atası Saleh Qazıyev Azərbaycanda arxeologiya elminin əsasını qoyanlardan biri olub. Anam Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirb. Cəfər Xəndan, Mikayıl Rəfili, Məmmədhüseyn Təhmasib, Əkrəm Cəfər kimi dahilərdən dərs alıb. Anam ali məktəbi əla qiymətlərlə bitirsə də, heç yerdə işləməyib. Ömrünü atama, bizə həsr edib.



"Atam musiqini çox sevirdi”

- Övladlarından heç biri Mirpaşa müəllimin yolunu davam etdirməyib?

- Atam musiqini çox sevirdi. Muğamlarımızı, xalq mahnılarımızı həvəslə dinləyirdi. Özü də pianoda çalmağı bacarırdı. Onun arzusu məni musiqiçi görmək idi: "Ulduz, atamın imkanı olmadığından mənə musiqi təhsili verə bilməyib. Amma mən həmişə musiqi təhsili almaq arzusunda olmuşam. Arzum budur ki, sən musiqi müəllimi olasan”.

- Siz atanızın arzusunu yerinə yetirdiniz?

- Bacım da, mən də 1 saylı 7 illik musiqi məktəbinin fortepiano şöbəsini bitirdik. Mən atamın arzusunu yerinə yetirdim, bacım Gülər isə həkimlik peşəsini seçdi. Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra 10 il 20 saylı musiqi məktəbində fortepianodan dərs dedim. Sonra isə təhsilimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirdim. Aktyorluq sənətinə böyük həvəsim var idi. Hazırda İncəsənət Gimnaziyasında "səhnə danışığı” və "aktyor sənəti” fənlərini tədris edirəm. 15 il burada şöbə müdiri kimi işləmişəm. 46 il əmək fəaliyyətim var. Pedaqogika üzrə fəlsəfə doktoruyam, istedadlı tələbələrim çoxdur. Onlardan Gənc Tamaşaçılar Teatrının aktyorlarından Elnur Hüseynovun, Elnur Kərimovun, Günel Məmmədovanın və başqalarının adlarını çəkə bilərəm. Tələbələrimdən Ceyhun Əli ATV telekanalında "Xəbərlər” proqramının aparıcısıdır.



- 2007-ci il sizin ailənizə kədər və üzüntü gətirdi?

- Həmin il beş ayın ərzində mənə əziz olan iki insanı- atamı və anamı itirdim. Təsəvvür edin, iyunun 12-də atam, noyabr ayının 12-də isə anam dünyasını dəyişdi. Anam atamın yoxluğuna cəmi 5 ay dözdü.
- Maraqlıdır ki, Mirpaşa müəllim son müsahibəsini məhz "Olimpiya dünyası”na verib?
- Bəli. Səhv etmirəmsə, bu müsahibə qəzetin 25-27 noyabr 2006-ci il tarixli nömrəsində getmişdi. Çox maraqlı müsahibə alınmışdı. Mirpaşa müəllim söhbətində Azərbaycanda idman jurnalistikasının tarixindən, ənənələrindən və eləcə də, problemlərindən danışmışdı. Onun dövründə qəzetlərdə daha çox tənqidi və təhlili materialların dərc edildiyini vurğulayan Mirpaşa müəllim bunu müasir jurnalistikanın problemlərindən biri kimi dəyərləndirirdi. Peşəkar jurnalist tövsiyə edirdi ki, idman jurnalistləri tənqidi və təhlili yazılara üstünlük versinlər, yazdıqları idman növlərini öyrənsinlər. Atam qəzetə verdiyi müsahibəsində müasir dövrdə ictimai-qəzetlərdə də idman xəbərlərinə geniş yer ayrılmasından məmnunluğunu ifadə edirdi.

- Nəvələrindən Mirpaşa müəllimin yolunu davam etdirən varmı?

- Təəssüf ki, xeyr. Mənim bir qızım, iki nəvəm var. (Gülür) Hamısı da qızlardır. Onların heç biri jurnalistika sahəsində çalışmır. Böyük nəvəm Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində oxuyur. Kiçik nəvəm 11-ci sinfi bu il bitirib, ali məktəbə qəbul imtahanlarını müvəffəqiyyətlə verib. 



- Ölkədə idman jurnalistlərinin yetişməsində Mirpaşa müəllimin böyük əməyinin olduğu danılmazdır…


- "İdman” qəzetinin respublikada idman jurnalistlərinin yetişməsində böyük rolu vardır. Azərbaycan və rus dillərində nəşr olunan "İdman” və "Спорт” nəşrləri çox populyar idi.
Atam qəzetin adı ilə bağlı xatirələrində danışırdı: "Bir gün məni Mərkəzi Komitəyə çağırdılar. Komitə nümayəndələrinin məndən qəzetin "Azərbaycan bədən tərbiyəçisi” adı xoşuna gəlirmi? sualına "xeyr” cavabını verdim. Belə olan halda qəzetin adını seçməyi mənə məsləhət gördülər. Mən "İdman” adını təklif etdim”. Beləliklə, atamın təklifi ilə "Azərbaycan bədən tərbiyəçisi” qəzeti "İdman” adlanıb.
Mirpaşa müəllim idmanla məşğul olmasa da, bu sahəni yaxşı bilirdi. Məşqçinin təsadüfən dilindən qaçırdığı bircə kəlməsi ilə yarışın uğurlu olub-olmayacağını ustalıqla müəyyənləşdirirdi. Hansısa yarışın uğurlu olacağını hiss edəndə qəzetin müxbirini dünyanın lap o başına da göndərirdi.

- Mirpaşa müəllim, həm də bir neçə kitabın müəllifidir.

- Atam müəllim məqalələr yazmaqla bərabər, həm də yazıçılıq fəaliyyəti ilə məşğul olub. Onun "Dəmir qala”, "Bir zavodun idmançıları”, "Kənd idmançıları”, "Çempionlar”, "Birləşən yollar” və digər kitabları çapdan çıxıb. Atam Əməkdar jurnalist, Prezident təqaüdçüsü idi.




"Atamın xatirəsinə ikinci kitabı yazmaq barədə düşünürəm”

- Atanız haqqında kitab yazmaq fikri necə yarandı?

- Atam haqda kitab yazmaq hər zaman fikrimdə olub. Arzularımda fikirləşdiyim kitab atamın ölümündən düz 5 il sonra yarandı. Bir dəfə tərəddüdlə atamın kabinetinə girdim. Ürəyimdə nisgil, ağrı və acı var idi. Sanki hər şey onun sağlığındakı kimi idi. Bu saat məni gülümsər üzü ilə salamlayacaq və məndən sakitcə soyumuş çayını dəyişməyi xahiş edəcəkdi… Gözlərim doldu. Qeyri-ixiyari yazı stolunun üstündəki yazıları və məqalələri oxumağa başladım. Gözlərimdən yaş süzülməyə başladı və o an mən atam haqqında kitab yazmaq qərarına gəldim. Düşündüm ki, bir övladı kimi mənim və həmkarlarının xatirələrini bir yerə toplamaq Mirpaşa müəllimin ruhunu şad edərdi. Bunları düşündüyüm an atamın işıqlı üzü, gülər siması gözlərim önündə canlandı. Atamın xatirəsinə yazdığım "Bizim təmkinli əzizimiz” adlı kitabı, bax beləcə, yarandı. Kitabın ərsəyə gəlməsində Gənclər və İdman Nazirliyinə, şəxsən nazir Azad Rəhimova minnətdarlığımı bildirirəm. Göstərdiyi dəstəyə görə "İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevə təşəkkür edirəm.



- İkinci kitab haqqında düşünmürsünüzmü?

-(fikirləşir) Əlbəttə, atamın xatirəsinə ikinci kitabı yazmaq barədə düşünürəm, özü də çox. Bu dəfəki kitabda Mirpaşa Miriyevin yazdığı məqalələri, oçerkləri bir yerə toplamaq istəyirəm. Sonra onun haqqında yazılan yazıları vermək istəyirəm bu kitabda. Bir də atamın bir bacısı həyatdadır, 80 yaşı var. Onun da atam haqqında xatirələrini bura daxil edəcəm. Artıq işə başlamışam. Ömür vəfa etsə, atamın yubileyində yeni kitabımı idman ictimaiyyətinə təqdim etmək istəyirəm. Mən atamın məqalələrini hələ sağlığında, gənc ikən yığırdım. Bu da atamın çox xoşuna gəlirdi.

- Aqşin Kazımzadə atanızı həmişə özünə mənəvi ata bilib. Bu barədə nə deyə bilərsiniz?

- Atam nəinki Aqşin Kazımzadənin, çoxlarının mənəvi atası idi. 1963-1993-cü illərdə "İdman” qəzetində redaktor müavini və baş redaktor Aqşin Kazımzadə Mirpaşa müəllimin əməyini hər zaman yüksək qiymətləndirirdi. Atam da ona bir istedadlı jurnalist kimi böyük dəyər verirdi.
Aqşin müəllim 24 il atamla bir yerdə işləmişdi və onları 35 illik dostluq telləri bağlayırdı. Çox yaxın idilər, sözləri-söhbətləri bir idi. Aqşin müəllim atamla bağlı xatirələrində yazır: "Əminəm ki, ikinci belə adam tapılmaz ki, redaksiya kollektivinə belə həssaslıqla yanaşsın və kollektivi belə idarə etsin. Çətin belə adam tapılar ki, əlinə yenicə qələm alan gəncə atalıq qayğısı göstərsin, onun qeydinə qalsın. Bir dfəf görmədim ki, o kiməsə acıqlansın və yaxud hirsini kiminsə üstünə töksün. Ucadan danışmaq, səsini qaldırmaq bu insanın təbiətinə zidd idi.
Mən aramızdakı dostluq münasibətlərinə baxmayaraq, onu heç vaxt adı ilə çağırmamışdım. O mənim və bir çoxları üçün Mirpaşa müəllim idi. Çünki o sözün əsl mənasında, müəllim adına layiq idi və həmişə də müəllim olaraq qalacaqdır. Mirpaşa müəllim təkcə mənim üçün yox, Azərbaycan idman jurnalistikası məktəbini keçənlər və keçməkdə olanlar üçün müəllim olaraq qalacaqdır”.

- Ulduz xanım, bu gün bizimlə birgə Mirpaşa müəllimi yada saldığınız üçün sizə təşəkkürümüzü bildiririk.

- Mən də atamı yada saldığınız üçün Azərbaycan Milli Olimpiya Komitəsinə, "Olimpiya dünyası” qəzetinə öz minnətdarlığımı bildirirəm. İnsan hansı sahədə çalışmasından asılı olmayaraq özündən sonra bir iz qoyub getməlidir. Mən çox şadam ki, Mirpaşa müəllim Azərbaycan idman jurnalistikasında dərin iz qoyub gedib. Bu gün ölkə mətbuatında kifayət qədər savadlı, zəngin biliyə, dünyagörüşünə malik jurnalistlərin olması çox sevindiricidir. Çox istəyirəm ki, atam haqqında sənədli film çəkilsin, veriliş hazırlansın.







Səadət Hakıyeva