Azərbaycan idmanında kifayət qədər tanınan insanlardan biri də "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifovdur. Hicran müəllim ömür yolunu şərəflə, zəhmətlə yaşayıb. Əməksevərliyi, vətənpərvərliyi ilə, necə deyərlər, öz ayaqları üzərində durmağı bacaran və ölkəmizi xaricdə şərəflə təmsil edən həmyerlimiz Hicran Şərifovun böyük uğurları hələ qabaqdadır. Səhifələrində hər zaman idmançılara, idman xadimlərinə geniş yer ayıran "Olimpiya dünyası” qəzeti Əməkdar məşqçi, Olimpiya kateqoriyalı hakim Hicran Şərifovla ad günü ərəfəsində görüşdü. Hicran müəllim bizə şərəfli ömür yolundan, xatirələrindən danışdı.
- Hicran müəllim, Sizi tanıtdıran və məşhurlaşdıran nədir?
- Bu gün məni ölkəmizdə və dünyada məşhurlaşdıran hakimliyimdir. Əldə etdiyim uğurlara görə məhz hakimlik peşəsinə minnətdaram. Güləş idman növü üzrə ölkəmizi Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında şərəflə təmsil etməyə çalışıram. Hakim kimi 3 dəfə -Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında ədaləti qorumuşam. Bu missiyanı yerinə yetirmək Azərbaycanda mənə qədər heç kəsə nəsib olmayıb. Bundan başqa, Surdo (lal-kar idmançıların yarışı) Olimpiya və Hərbçilərin Olimpiya Oyunlarında da yarışları idarə etmişəm. Hakim kimi xidmətlərim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi” medalı və "Şöhrət” ordeninə layiq görülmüşəm. London-2012 Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakim” kimi "Qızıl Fit” mükafatı ilə təltif olunmuşam.
"Olimpiadada ədaləti qorumaq böyük
məsuliyyətdir”
- Olimpiya Oyunlarında yarışları idarə etmək çoxmu məsuliyyətlidir?
- Olimpiya Oyunları dünyanın mötəbər idman tədbiridir. Bu yarışlarda iştirak etmək o qədər də asan deyil. Hakimlər də idmançılar kimi olimpiadada iştirak etmək üçün lisenziya qazanmalıdırlar. Bunun üçün ədaləti qoruyanlar müəyyən kriteriyalar əsasında bir sıra mərhələdən keçməlidirlər. Təbii ki, olimpiadada ədaləti qorumaq böyük məsuliyyətdir.
-Rio-2016 Olimpiadasında Monqolustan idmançıları ilə bağlı epizodla bağlı nə deyə bilərsiniz?
- (Gülür). Düşünürəm ki, məni daha da məşhurlaşdıran səbəblərdən biri də bu hadisə oldu. Rio-2016 Olimpiadasında Monqolustan təmsilçiləri ilə bağlı məsələ uzun müddət müzakirə mövzusu idi. Hadisə belə olmuşdu: sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində bürünc medal uğrunda yarışlar keçirilirdi. Monqolustan güləşçisi döşək üzərində Özbəkistan təmsilçisi ilə yarışırdı. Bu görüşdən sonra Olimpiya çempionumuz Toğrul Əsgərov finalda güləşəcəkdi. Bütün Azərbaycan bu yarışı televiziya qarşısında maraqla izləyirdi. Rəqiblərin xalları demək olar ki, eyni idi. Özbəkistan təmsilçisi 6:4 hesabı ilə artıq yarışı udmaq üzrə idi. Monqolustanlı güləşçi parterlə rəqibindən 2 xal aldı. Hesab 6:6 oldu və Monqolustan güləşçisi bürünc medalın bir addımlığında idi. Özbəkistan tərəfi hakimlərin qərarına etiraz etdi. Münsiflər heyəti görüşün video ilə təkrarına baxandan sonra orta hakim kimi mənim tərəfimdən qərarın ədalətli verildiyini bildirdi. Bunu yan və döşək hakimləri də təsdiqlədilər. Yekunda hakimlər Monqolustan idmançısına əlavə bir xal da verdilər. Bundan sonra görüşün bitməsinə cəmi 18 saniyə qalmışdı. Fit veriləndən sonra irəlidə olan rəqib güləşmək əvəzinə, ora-bura qaçmağa başladı. Mən ona xüsusi xəbərdarlıq etdim. Yarışın bitməsinə 2 saniyə qalmış özbəkistanlı idmançıya 1 xal verdim. Görüş 7:7 hesabı ilə başa çatdı. Monqolustanlı idmançıya xüsusi xəbərdarlıq edildiyi üçün olimpiadanın bürünc medalına Özbəkistan təmsilçisi layiq görüldü. Bu, mənim hakimlik karyeramda ən çətin qarşılaşma idi.
"Mənim üçün
döşəkdə yalnız göy və qırmızı rənglər var”
- Hakimlik etdiyiniz zaman idmançının hansı ölkədən olmasının Sizin üçün fərqi varmı?
- Həmişə çalışımışam ki, idmançıların hansı ölkədən olmasına fikir verməyim. Hakim kimi mənim üçün döşəkdə yalnız göy və qırmızı rənglər var, vəssalam.
- Yenidən həyata gəlsəydiniz, yenə də idmanı seçərdinizmi?
- Yenə də deyirəm, hakim olaraq, ölkəmizi xarici ölkələrdə idman aləmində təmsil etdiyim üçün fəxr edirəm. Mən bu peşəni çox sevirəm. Amma uşaqlıqda polis olmaq istəmişəm. Xoşbəxtəm ki, bu arzuma da çatmışam. 1993-cü ildən daxili işlər orqanlarında işləyirəm. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda, həmin akademiyada fiziki hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərirəm.
- Həyatda arzulayıb çata bilmədiyiniz nədir?
- Çətin uşaqlığım olub. Güləşə gələndə arzum olub ki, dünya və Avropa çempionu adını qazanım. Amma bu mənə qismət olmayıb. Güləşdə, ümumiyyətlə, idmanda nəticə qazanmaq asan məsələ deyil. Burada bir çox məsələlər mühüm rol oynayır. Ailə, mühit, məşqçi və s...
- Hakimlik karyeranızda ən yaddaqalan qarşılaşma hansıdır?
- İran və ABŞ ölkələri arasında vəziyyət yaxşı deyildi. Hardasa 16-17 il bundan əvvəl İranın Məşhəd şəhərində güləş üzrə yarış keçirilirdi. Belə bir dövrdə ABŞ komandasının İrana gəlməsi özü bir möcüzə idi. Yarışların finalında Olimpiya və dünya çempionu olan ABŞ və İran güləşçiləri görüşürdülər. O qədər həyəcanlı an yaranmışdı ki, yarış döşəyi hər tərəfdən operatorlarla, azarkeşlərlə əhatə olunmuşdu. Hətta hakimin döşəyə çıxmasına belə imkan yox idi. Bu qarşılaşmanı həmişə xatırlayıram. Çox həyəcanlı görüş oldu. Hesab bərabər olsa da, görüş iranlı güləşçinin qələbəsi ilə başa çatdı.
Hakimlik etdiyim bir dünya çempionatında 60 kq çəki dərəcəsində final yarışları yadımdadır. Rusiya və Gürcüstan təmsilçiləri finalda görüşürdülər. Mən bu yarışda döşək rəhbəri idim. İdmançılar o qədər hərəkətli və intensiv güləşirdilər ki, yan hakim xalları hesablamaqda çətinlik çəkirdi. Final qarşılaşması 19:18 hesabı ilə Rusiya güləşçisinin xeyrinə başa çatdı. Bu görüş sonra xalların hesablanması məsələsinə görə Dünya Hakimlər Kollegiyasının seminarında müzakirə olundu. Mənə həmin seminarda döşək rəhbəri kimi ədalətli və düzgün mövqe tutduğum üçün təşəkkür etdilər.
- Güləşdə edilən dəyişikliklərə münasibətiniz?
- İstənilən idman növündə edilən dəyişikliklər onun baxımlılığını artırmaq üçündür. Bir ara güləşi Olimpiya proqramından çıxarmaq istədilər. Amma gördülər ki, bu düzgün fikir deyil. Məsələn, elə götürək, Olimpiya proqramında edilən dəyişiklikləri. Yeni idman növləri daxil edilir, köhnələri proqramdan xaric edilir.
"Səbirli insanlar
qalib gəlirlər”
- Hicran Şərifov haqsızlıq görəndə nə edir?
- Düşünürəm ki, hər şəraitdə səbirli insanlar haqsızlıqlara, ədalətsizliklərə qalib gəlirlər. Gənclərə tövsiyəm budur ki, çılğın olmasınlar, baş verənlərə səbirlə, təmkinlə yanaşsınlar. Nəyə isə nail olmaq üçün insan öz üzərində çox çalışmalıdır. Özünə qiymət, hesabat verməyi, hətta tənqid etməyi bacarmalıdır. Təhlil etmək bacarığı mühüm şərtdir. Çox oxumaq, mənən zənginləşmək insanı başqalarından fərqləndirən keyfiyyətlərdir.
- İnsanlara etibar edirsinizmi?
- Ağıllı, təmkinli, müdrik insan bəzən özünə belə inanmır. Özünü sığorta etmək üçün inanmamışdan əvvəl yoxlamaq lazımdır. Bu, çox incə məsələdir. İnsanlara inandığın qədər də, yoxlamalısan.
"Hər birimiz Vətənə xidmət edirik”
- Sizin bir məşqçi kimi güləşdə yetirmələriniz kifayət qədərdir. Onlardan kimlərin adlarını çəkə bilərsiniz?
- Tələbələrimdən Rövşən Bayramov Olimpiya Oyunlarının ikqat gümüş mükafatçısı, dünya və Avropa çempionudur. Hazırda Azərbaycan güləş yığmasının məşqçisidir. Yetirmələrimdən Elman Muxtarov, Namaz Rüstəmov, İlham Muxtarov, Fariz İsgəndərov, Elşad Məmmədov, Elnur Hüseynov, Seymur Hüseynov, Səbirə Əliyeva, Səbinə Əhmədova ölkədə və xaricdə kifayət qədər tanınan güləşçilərdirlər. Hər birimiz vətənə, Azərbaycan dövlətçiliyinə xidmət edirik. Gənclərimizi də dövlət bayrağımıza, himnimizə məhəbbət ruhunda tərbiyə edirik. Bir zabit kimi Vətənimə xidmət etməkdən qürur duyuram.
- Siz həm də pedaqoji və elmi fəaliyyətlə məşğulsunuz?
-Pedaqogika üzrə fəlsəfə doktoruyam. Hazırda doktorluq dissertasiyası üzərində işləyirəm. Bayaq da dediyim kimi, Polis Akademiyasının Fiziki hazırlıq kafedrasında müəllim kimi çalışıram. Həm də "Neftçi” İdman Sağlamlıq Mərkəzində müəllim, "Cəngi” GK-da məşqçi-müəllim kimi fəaliyyət göstərirəm.
- "Zəhmətlə zəfərə doğru” kitabınız yubiley ilinizdə ərsəyə gəldi?
- Mənim üçün fəxrdir ki, 2015-ci ilin noyabrında 50 illik yubileyimlə Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Zəhmətlə zəfərə doğru” kitabımın təntənəli təqdimatı oldu. Bu kitabda mənim keçdiyim ömür yolu əks olunub.
- Dönüb arxaya boylananda nə görürsünüz?
- Arxada çətinliklər görürəm, həm şəxsi həyatımda, həm də ölkəmizin inkişaf tarixində belə anlar olub. Vətənim Azərbaycan müstəqilliyini çətinliklə, vətənpərvər igidlərin qanı bahasına qazanıb. O gündən bu günə mühüm irəliləyişlər əldə olunub. Ölkəmiz idman da daxil olmaqla, bütün sahələrdə yüksək səviyyədə inkişaf edib. Mən fəxr edirəm ki, Azərbaycanda doğulmuşam və yaşayıram. Qazanılanları əldə saxlamaq daha da çətindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyada sayılıb-seçilən dövlətlər sırasında ön mövqelərdədir. Biz hamımız bu yolda ölkə rəhbərinə dəstək olmalıyıq.
- "Olimpiya dünyası” qəzetinə nə arzu edərdiniz?
- Milli Olimpiya Komitəsinin mətbu orqanı olan "Olimpiya dünyası” qəzeti ölkədə kifayət qədər nüfuza malik olan idman nəşrlərindən biridir. "Olimpiya dünyası” öz işini Olimpiya Hərəkatına, idmana, onun kütləviliyinə həsr edib. Nəşrin səhifələrində ölkədə və xaricdə baş verən idman hadisələri geniş işıqlandırılır, uğur qazanan idmançılar cəmiyyətə tanıdılır. Qəzetə daim yaradıcılıq uğurları arzu edirəm.
Səadət Hakıyeva