Alim həyatı çox gərgin və çətin keçir. İllərlə bir sahədə çalışıb, yeni yaradıcılıq məhsulları bəxş edən insanların həyatı bir örnəkdir.
Onlar keçmişi araşdırıb bu günlə uzlaşdırıb, gələcək nəsillər üçün yeni əsərlər yaradırlar. Gənclər isə bunlardan faydalanır və bəhrələnir. Yaradıcılıq sahəsində yeni araşdırmaları ilə böyük bir tarixi bir araya gətirən insanlardan biri də Dilqəm Quliyevdir. Öz həyatını elmə, idmana və həmin sahədəki araşdırmalara həsr edən bu mütəxəssisin gördüyü işlər təqdirəlayiqdir. Çəkdiyi zəhmətə görə "Tərəqqi” medalına, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülən Dilqəm müəllim bu yaxınlarda idman tarixi sahəsindəki araşdırmalarına görə yeni bir elmi ad alıb. Ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 iyul 2018-ci il tarixli qərarı ilə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi verilib. Elə bu məqsədlə Dilqəm Quliyevlə görüşüb, onun elm sahəsindəki fəaliyyəti barəsində söhbət etdik.
- Dilqəm müəllim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında böyük fəalliyyəti ilə seçilən peadaqoqlardan birisiniz. Bu barədə qısa məlumat verərdiniz.
- 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirərək, təyinatla həmin institutun "Güləşmə və onun metodikası” kafedrasında baş laborant vəzifəsində çalışmağa başladım. 1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim, 1991-2001-ci illərdə akademiyanın tərbiyə işləri üzrə prorektoru, 2001-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışam. 2016-cı il fevralın 1-dən AzDBTİA-da yeni yaradılmış "Şərq güləşi və əlbəyaxa döyüş növlərin nəzəriyyəsi və metodikası” kafedrasına (müsabiqə keçirilənədək) kafedra müdiri vəzifəsinə təyin edilmişəm. 2016-cı il iyunun 22-dən rektorun idman işləri üzrə müşaviri vəzifəsinə təyin edilmişəm. Bu Akademiyanın idman həyatında yaddaqalan hadisələrin bir hissəsidir.
- Kitablarınız və dövrü mətbuatda çıxış etdiyiniz yazılarınız minlərlə oxucu kütləsi qazanıb. Buna ən qiymətli vaxtlarınızı sərf etmisiniz. Buna görə heyfislənmirsiniz ki?
- Doğrusu, elmi-tədqiqat işlərinə başlamaq mənim həyatımda bir sirr olaraq qalır. 1984-cü ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil İnstitutu) dissertantı oldum. Ümumiyyətlə mənim elmi həyatım enişli-yoxuşlu olub. Lakin yazıb-yaratmaq, idman tarixini araşdırmaq mənim üçün həmişə maraqlı olub. İndiyədək dövrü nəşriyyatda 400-ə yaxın əsərim və 300-ə yaxın elmi-pedaqoji və publisistik qəzet məqalələrim çap olunub. Onlardan 6-sı dərslik, 22-si kitab, 19-u monoqrafiya, 14-ü dərs, 2-i proqram, 31-i metodiki, 17-si metodiki göstəriş, 13-ü isə tədris vəsaiti olub. Bundan başqa 3-ü metodik tövsiyə, 137-si jurnal məqalə (31-i xarici ölkədə), 135 tezis (26-sı xarici ölkədə), orta ümumtəhsil məktəbinin dərsliklərində isə 5 məqalənin müəllifiyəm. Elmi məqalələrim Rusiya, Almaniya, Yunanıstan, Bolqarıstan, Polşa, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna, Estoniya və digər ölkələrin mətbu orqanlarında çap olunub. - Bu yaxınlarda yeni nüfuzlu elmi ada layiq görülmüsünüz. İstərdik, bu barədə fikirlərinizi bildirəsiniz.
- Əvvəlcə, onu qeyd edim ki, 1994-cü il iyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışam.
2008-ci il iyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin tarix üzrə problemlər şurasının qərarına əsasən "Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında Heydər Əliyev mərhələsi (1970-2003-cü illər)”adlı doktorluq dissertasiyasının mövzusu təsdiq olundu.
2017-ci il iyunun 12-də Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində elmlər doktoru elmi dərəcəsi almaq üçün seminardan keçdim. Elə həmin ilin noyabrın 7-də isə doktorluq dissertasiyasını müdafiə etdim. Bu il iyul ayının 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika üzrə elmlər doktoru diplomu təsdiq olundu.
İyulun 13-də isə həmin diplom mənə təqdim olundu.
- Elmi araşdırmalarınızın dərc olunduğu kitablarda böyük oxucu kütləsi qazanıb.
- Yazdığım əsər və elmi-pedaqoji məqalələrdən Bədən Tərbiyəsi və İdman Akademiyasında, liseylərdə, ali təhsil ocaqlarında, habelə müəllimlərin ixtisasartırma kurslarında pedaqoji fikir tarixi, bədən tərbiyəsi və idman tarixi fənlərindən mühazirə kursu kimi istifadə edilir. Müəllifi olduğum "Azərbaycanın ustad pəhləvanları”, "İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, "Azərbaycan idmanının dünəni və bu günü”, "Helsinkidən başlayan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınıb. 2004-cü ildən Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi üzrə məqalələrin müəllifiyəm. Bundan başqa "Şair qəlbli qəhrəman”, "Tələsmə, könlüm” adlı məqalələrim rus dilində olan məktəblərin 9-cu sinif dərsliklərində və ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında çap olunub.
- Gələcəkdə daha hansı mövzulara müraciət etməyi planlaşdırırsınız?
- Elə mövzular var ki, onlara öz araşdırmalarımda toxunsam da açıqlamasını verməmişəm. Həmişə əsasən 1 istiqamət üzrə araşdırmalar aparmışam. Lakin istəyirəm ki, bu dəfə bədən tərbiyəsi və idmanın nəzəriyəsi, bədən tərbiyəsi və idmanın bəzi problemləri mövzularına ətraflı toxunum.
Onu da qeyd edim ki, hazırda yeni bir kitab üzərində çalışıram. Kitabın adı "Halallıqdır”. Həmin kitabda həyatım və üzləşdiyim çətinliklər haqqında bütün məsələlərə daha aydın şəkildə açıqlama gətirəcəyəm. Hesab edirəm ki, həmin kitab çoxsaylı oxucuların rəğbətini qazanacaq.
- 27 ildir ki, bu sahəyə gücünüzü sərf etmisiniz. İdman tarixini araşdırmaq çətin deyil ki?
- Təbii ki, çətindir. Tarix elə bir şeydir ki, hər gün yenilənir. Ümumiyyətlə bir işi görmək üçün onun tarixini bilmək lazımdır. Tarixi bilmədən heç bir məsələnin kökünü tapmaq mümkün olmaz.
- Dilqəm müəllim, arzular sonsuzdur. Bəs Sizin ən böyük arzunuz nədir?
- Bəli, bəşər tarixində ümumxalqın bir arzusu olub - azadlıq arzusu. Bir xalq üçün azadlıqdan şirin, azadlıqdan müqəddəs arzu olmayıb. Xüsusilə də, bütov bir xalqın, millətin azadlıq arzusu. Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş olsun.
Arzu edirəm ki, işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad edilsin. O ki qaldı ki, mənim elm sahəsində arzuma, deyə bilərəm ki, artıq bu arzuma çatmışam. Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 iyul 2018-ci il tarixli qərarı ilə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi adını almışam. Mənə göstərilən etimadı bundan sonra da təhsil sahəsində fəaliyyətimlə doğrultmağa çalışacağam.
Azər Əlizadə