“Həyat özü məni doğru olan istiqamətə yönəltdi”

“Həyat özü məni doğru olan istiqamətə yönəltdi”


Argentinada təşkil olunan idman həyəcanı - Yeniyetmələrin III Yay Olimpiya Oyunları komandamız üçün uğurla başa çatdı.
Cənubi Amerikada 17 idmançı ilə təmsil olunan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tərmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.
Hər dəfə öz səhifələrində Olimpiya çempionları və mükafatçılarına geniş yer ayıran "Olimpiya dünyası” qəzeti və "olimpnews.az" saytı bu ənənəni Buenos-Ayres-2018-dən sonra da davam etdirir. Bu yaxınlarda Buenos-Ayres-2018-də komandamıza ilk qızıl medalı qazandıran Vüqar Talıbovla görüşüb, onun idmana gəlişi, Cənubi Amerikada keçdiyi çempionluq yolu, sevinc hissləri və gələcək karyerası barədə söhbət etdik. Qeyd edək ki, Vüqar Talıbov yeniyetmələr arasında Olimpiya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb. Buna qədər cüdoçularımız Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq) 2014-cü ildə Nankində təşkil olunan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdılar.

- Vüqar, istəyərdik, əvvəlcə, idmana gəlişin haqda oxucularımıza məlumat verəsən.
- 2003-cü il avqustun 17-də Rusiyanın Nijnivartovsk şəhərində anadan olmuşam. 4 yaşım olanda Bakıya köçmüşük. Ailəmizdə heç kim idmanla məşğul olmayıb. Lakin valideynlərimin idmana marağı olub. İdmana, əvvəlcə, Respublika Olimpiya İdman Liseyində başlamışam. Düzünü desəm, əvvəllər mənim cüdoya o qədər də həvəsim olmayıb. Həmişə istəmişəm ki, məşhur futbolçu olum. Buna görə də futbola böyük marağım var idi. Elə oldu ki, futbol bölməsinə yazılmağa gedəndə futbol zalının qapısının bağlı olduğunu gördüm. Cüdo zalının isə qapısı açıq idi, məşqlər də öz qaydasında davam edirdi. Yəqin ki, bu da təsadüf imiş. Həyat özü məni doğru olan istiqamətə yönəltdi. Görünür, qismət məni o qapıda gözləyirmiş.
Həmin ərəfədə ətrafımda olan insanlar mənə cüdo bölməsinə yazılmağı məsləhət gördülər. Beləcə, cüdo məşqlərinə başladım.

- Bəs, könülsüz yanaşdığın bu idman növünə səndə həvəs necə yarandı?
- Məşqlərimi beləcə davam etdirirdim. Amma daha həvəsli olmaq üçün əlavə stimul tələb olunurdu. Həmin ərəfədə cüdoçumuz Elnur Məmmədli Olimpiya Oyunlarında qızıl medal qazanmışdı. Onun bu uğuru mənim üçün stimul oldu. Özü-özlüyümdə fikirləşirdim ki, mən də cüdo ilə məşğul oluram. Deməli, böyük uğurlara doğru ilk addımımı atmışam. Qalır istək və gərgin məşqlər. Bildiyimə görə, Elnur Məmmədli də elə Respublika Olimpiya İdman Liseyinin yetirməsi olub. Olimpiya çempionu ilə mənim aramda eyni təsadüflər yaranmışdı. Etiraf edirəm ki, Elnur Məmmədlinin Olimpiya çempionluğu və digər cüdoçularımızın qələbələri məni cüdoya bağladı, bu idman növünü mənə sevdirdi. Bundan sonra artıq məşqlərə daha da həvəslə, istəklə yanaşmağa başladım. Beləliklə, bu idman növünün sehrinə düşdüm. Qarşıma məqsəd qoydum ki, mən də gələcəkdə Elnur Məmmədli kimi Olimpiya çempionu olub, uğurlu nəticələrə yiyələnim. Bunun üçün isə təbii ki, çoxlu məşq etmək və məşqçilərin dediyi hər bir tapşırığa əməl etmək lazım idi.

"Heç vaxt bitməyini
istəmədiyim
bir yuxu...”

- Beləcə, Tanrı sənə o hissi bir neçə ildən sonra yaşamağı nəsib etdi...
- Bəli. Bu, həqiqətən də, əvəzolunmaz hissdir. Təsəvvür edirsiniz, yarış başa çatandan 10-15 dəqiqə sonraya kimi nə baş verdiyini anlaya bilmirdim. Sevincdən hisslərimi ifadə etməkdə çətinlik çəkirdim. "Yəni, mən bunu, həqiqətən, bacardım?”, - deyə düşünürdüm. Qalibiyyətdən sonra tatamini tərk etdim. Kənarda məşqçilərim, ətrafımda olan insanlar məni qucaqlayıb təbrik edirdilər. Tədricən uğurumun hansı dərəcədə olduğunu dərk etməyə başladım. Arenada əllərində Azərbaycan bayrağı olan azarkeşlərin dəstəyi, alqışları, tam fərqli hisslər idi. Sanki hər şey bir yuxu kimi idi. Heç vaxt bitməyini istəmədiyim bir yuxu... Hər bir idmançıya bu gözəl hissləri yaşamağı arzu edirəm.

- Orada Azərbaycan nümayəndə heyəti də var idi. Qərib ölkədə dəstək hiss edəndə insana lap doğma gəlir. Həmin anları necə ifadə edə bilərsən?
- Fəxri kürsüyə çıxanda başımı qaldırıb, əllərində Azərbaycan bayrağı olan nümayəndə heyətimizi və azarkeşləri gördüm. Bu, mənim üçün çox qürurverici idi. Özümdən asılı olmadan çox kövrəldim. Fəxri kürsüdən düşəndən sonra nümayəndə heyətimiz mənimlə görüşüb, təbrik etdilər. Həqiqətən də, hər bir idmançının arzuladığı hissləri yaşayırdım.

- Yarışlar artıq bitib, sən öz uğurunla yüzlərlə həmyaşıdına örnək olmusan. Həmin anları necə xatırlayırsan?
- Uğura gedən yolun hər bir anı unudulmazdır. İlk görüşümdə Yəmənli cüdoçuya qalib gəldim. Növbəti mərhələdə Tacikistan idmançısını məğlub edərək yarımfinala yüksəldim. Bu mərhələdə isə Dominikan Respublikasından olan cüdoçu ilə qarşılaşdım. Həmin görüşü də qələbə ilə başa vuraraq finala adladım. Qızıl medal uğrunda həlledici görüşdə Rusiya cüdoçusu ilə qarşılaşdım. Bu görüşə qədər bizə müəyyən qədər fasilə verilmişdi. Həmin fasilədə məşqçilərim rəqibin güləş üslubunu müəyyənləşdirərək mənə öz tövsiyyələrini verdilər. Finalda məşqçlərimin məsləhətlərinə əməl etdim və gərgin keçən görüşdə qalib gələrək birinci yerə layiq görüldüm. Argentinada olimpiadanın qızıl medalını qazanmaq, Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq, dövlət himnini səsləndirmək mənim üçün çox qürurvericidir. Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün və mənə olan etimadı doğrultduğum üçün çox sevinirəm.
Bu qızıl medal yığma komandanın baş məşqçilərinin, köməkçi məşqçilərin və şəxsi məşqçimin də mükafatıdır. Şəxsi məşqçim Aslan Hacıyevə, millinin baş məşqçisi Ramiz Ramizzadəyə, Zaur Babayevə, Emin İsgəndərova və federasiyada çalışan hər bir şəxsə təşəkkür edirəm. Mənim bu nailiyyəti qazanmağımda onların əziyyətləri böyükdür.

- Yarışa getməmişdən qabaq ailə üzvlərin, dostların və yaxınlarınla görüşmüşdün. Maraqlıdır, yarışdan sonra onların sənə qarşı münasibəti necə oldu? Hansısa bir dəyişiklik hiss etmisənmi?
- Düzünü desəm, yarışa getməmişdən əvvəl ətrafımda 5-6 dostum var idi. Lakin yarışdan qayıtdıqdan sonra onların sayı hədsiz dərəcədə çoxaldı. Tanımadığım insanlar yaxınlıq edir, hal-əhvalımı soruşurlar, dostluq etməyə çalışırlar. Lakin əvvəl yanımda kimlər var idisə, bundan sonra da həmin insanlar mənim ətrafımda olacaqlar.


- Bu uğur sənin karyerana nə kimi təsir göstərəcək?
- Yalnız müsbət təsir göstərəcək. Arxayınlıq və mənfi təsirdən söhbət gedə bilməz. İstəmirəm ki, zəhmətlə qazandığım təcrübəni arxayınlığa qurban verim. Mən bu qələbədən sonra çox ruhlanmışam. İstəyim, əzmkarlığım demək olar ki, birə-beş artıb. İnanıram ki, bu qələbə gələcək uğurlarımın açarı olacaq. Əsas məqsədim, dünya, Avropa və digər beynəlxalq yarışlarda medal qazanmaqla yanaşı, 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunlarında bu uğurumu təkrarlamaqdır. Yeniyetmələrin III Yay Olimpiya Oyunları mənim üçün bir təkan oldu. Düşünürəm ki, əgər bu yarışda məğlub olsa idim, həvəsim bir qədər azala bilərdi. Lakin Buenos-Ayres-2018-də çempion olmaq məni ümidləndirdi ki, mən Fransa paytaxtında da çempion ola bilərəm. Bilirəm ki, böyüklərin yarışında belə uğur qazanmaq asan olmayacaq. Çox çətin olacaq. Böyüklərin Olimpiya Oyunlarında bu nəticəni təkrarlamaq üçün öz üzərimə bundan da ağır yük götürməliyəm.

- Bu medal səni az olsa, dəyişə bildi?
- Bir qələbə, medal məni dəyişməz. Bu mükafatdır. Ona həmişə sahib olmaq mümkündür. İnsanlığı isə qazanıb, onu qorumaq lazımdır. İtirdinsə, çətin onun dəyərini qaytarasan. Düzdür, bu qələbənin mahiyyəti mənim üçün çox böyükdür. Lakin düşünürəm ki, heç bir qələbə insanlığı dəyişəcək qədər böyük ola bilməz. Ola bilər, qazanılan bir medal çox insanları dəyişsin. Amma mən heç vaxt dəyişmərəm.

- Vüqar, istərdik, bir qədər də nailiyyətlərin barədə danışasan? Yəqin ki, bu mükafat sənin medal kolleksiyanda ən yüksək pillədə yer alacaq?
- Mənim uğurlarımın əksəriyyəti demək olar ki, bu ilə təsadüf edir. Bu il Portuqaliyada təşkil olunan Avropa kubokunun qalibi olmuşam. Bundan başqa Tunisdə təşkil olunan Afrika kubokunda qızıl, Mərakeşdə keçirilən analoji yarışda isə bürünc medala sahib çıxmışam. Çində təşkil olunan Asiya kubokunda isə üçüncü yerə layiq görülmüşəm. Onu da qeyd edim ki, bu yarış Buenos-Ayres-2018-ə lisenziya xalı verən turnir idi. Şübhəsiz ki, Buenos-Ayresdə qazandığım qızıl medal mənim kolleksiyamda ən dəyərli mükafat hesab olunacaq.

Azər Əlizadə