Bert Şufs: “Biz Braziliyaya qalib gəldik. Unudulmaz hadisədir...”

Bert Şufs: “Biz Braziliyaya qalib gəldik. Unudulmaz hadisədir...”


Bert Şufs 2016-cı ilin avqustundan Belçikanın Azərbaycanda, eyni zamanda, Gürcüstan və Türkmənistanda səfiridir.
Belçikalı diplomat, həm də futbolla yanaşı, ümumilikdə, idmanı yaxşı bilən azarkeşdir.
Cənab Şufsla görüşüb 2018-ci ilin dünya çempionatında 3-cü yeri tutaraq mundiallar tarixində ən böyük uğuruna imza atan futbol üzrə Belçika millisi barədə danışdıq.
Verdiyi cavablar müsahibənin maraqlı alınmasına səbəb oldu.

- Cənab səfir, Belçikanı bir neçə sözlə necə təsvir edərdiniz? Məsələn, Azərbaycanı biz "Odlar yurdu” adlandırırıq?
- Belçika kiçik, aran ölkəsidir. O, gözəl həyat, ləziz yeməklər və içkilərlə xarakterizə olunur. Həmçinin Belçika Avropanın mərkəzində yerləşir. Saat yarım ərzində siz qatarla Brüsseldən Fransaya, Böyük Britaniyaya, Almaniya və Niderlanda gedə bilərsiniz. Bir sözlə desək, Belçika "Avropanın ürəyi”dir.

- Belçika Olimpiya Oyunlarında oxatma, velosiped idmanı, atletika, atçılıq, qılıncoynatma, yelkən idmanı və cüdo kimi idman növlərində daha çox medal qazanıb. Ümumiyyətlə, hansı idman növü Belçikada daha populyardır?
- İdmanla məşğul olmaq dedikdə, fəal idmançı olmağı və passiv olaraq idmanı izləməyi bir-birindən fərqləndirmək lazımdır. Asan olan ikincidir. Passiv olaraq bizdə iki idman növü daha çox populyardır - futbol və velosiped idmanı. Fəal surətdə isə bizdə bir çox idman növləri ilə məşğul olurlar. Ümumiyyətlə, Belçikada, demək olar ki, hər uşaq və gənc idmanla məşğul olur. Oğlanlar futbola, qızlar isə atletika, tennis və voleybol, basketbol, otüstü hokkey kimi komanda növlərinə üstünlük verirlər.

- Bəs necə olur ki, təxminən 11 milyon nəfər əhalisi olan bir ölkə dünya çempionatında 3-cü yeri tutmaq, FİFA reytinqində lider olmaq üçün 11 əla futbolçu tapa bilir? Bir belçikalı olaraq bunun sirrini bilirsinizmi?
- Bu asan suala bənzəsə də, cavabı, kifayət qədər, uzun və çətindir.
Hər şeydən əvvəl, demək istəyirəm ki, siz 11 deyil, ən azı 18 yaxşı oyunçuya malik olmalısınız. Əks halda, yarımfinala çıxa bilməyəcəksiniz. Yeri gəlmişkən, bəzi digər komandalar və elə Belçika yığması əvvəlki turnirlərdə bu problemi yaşayıb. Belçikanın 2018 mundialında çıxış edən oyunçularının siyahısına baxsanız, görərsiniz ki, onların, demək olar, hamısı dörd böyük çempionatda - İngiltərə, Almaniya, İspaniya və İtaliyada, həmçinin Çempionlar Liqasında PSJ kimi komandada forma geyinir.

Yaxşı, bəs bu necə baş verir?
Düşünürəm ki, bir neçə səbəb var amma bunların hamısına kompleks şəklində baxmaq lazımdır.
Hər şeydən əvvəl, Belçika kimi Avropa ölkələrində bir növ bədən tərbiyəsi mədəniyyəti mövcuddur. İdmanla məşğul olmaq gündəlik həyatın bir hissəsidir. Məktəblərdə 6 yaşından başlayaraq hamı bədən tərbiyəsi təhsili alır. Bunu Niderland, Xorvatiya, Skandinaviya ölkələri və Almaniyada da görə bilərsiniz. Bizdə hər bir an idmanla bağlıdır. Həmçinin gündəlik həyatda da, əsasən, gənc belçikalılar piyada gəzməyi və velosiped sürməyi xoşlayır.
İkinci element - biz kiçik yaşlarında rəqabət aparmağı xoşlayırıq. Məsələn, Belçikada ölkə futbol federasiyasının qeydə aldığı 500 min futbolçu var. Yəni ən azından Belçika əhalisinin 5 %-i yarışaraq futbol oynayır. Əlbəttə ki, sizin 500 min oyunçunuz varsa, onların arasından 15 yaxşı oyunçu tapmaq asandır. Bunu əhalisi təxminən 11 milyona yaxın olan Azərbaycanla müqayisə edin.
Üçüncü elementi mən "təcrübə” adlandırardım. Belçika, Niderland, Danimarka və ya hazırda Xorvatiya kimi ölkələr bəzən güclü futbol nəslinə sahib olurlar. Bu nəsil təcrübə qazanmalıdır. Hazırkı Belçika yığmasının oyunçuları 2010-cu ildən birlikdə oynayır və ilk nəticələrini DÇ-2014 və AÇ-2016-da qazanıblar. Dünya çempionatı-2018-də isə onlar mükəmməl idilər.
2011-ci il sentyabrın 2-də, yəni təxminən 7 il bundan əvvəl Bakıda Azərbaycan - Belçika qarşılaşması olub - 1:1. Bilirsinizmi, həmin komandanın 8 oyunçusu bu yay mundialda Braziliyaya qarşı oynayıb: Kompany, Vertonghen, Alderweireldt, De Bruyne, Fellaini, Hazard, Lukaku, Mertens. Təbii ki, onların bir-birilə anlaşmasının avtomatikləşməsi 7 illik dövrü əhatə edir.
Dördüncü element ondan ibarətdir ki, bu oyunçular xarici ölkələrdə formalaşıblar. Onlar 13-15 yaşlarında Belçikanı tərk ediblər və yetkinlik yaşlarına orada çatıblar. Hazard "Lill”ə getmişdi, bir çox oyunçu Niderlanda - "Ajaks”a, digərləri İngiltərə və ya Almaniyaya üz tutmuşdular.
Qeyd edim ki, Belçika hazırda təkcə futbolda deyil, digər komanda idman növlərində də yaxşı nəticələr göstərir. Xüsusilə də, qadınlar arasında basketbol, voleybol və otüstü hokkey idman növlərində. Burada vacib olan odur ki, Belçikada siz peşəkar idmançı ola-ola ali təhsilinizi də davam etdirə bilərsiniz. Yəni siz həm peşakar idmanla məşğul olub, həm də oxuya bilərsiniz - bu çox vacibdir.
Nəhayət, idmanı daha da kütləviləşdirmək üçün sizdə gənclərin nümunə götürə biləcəyi örnəklər olmalıdır. Məsələn, biz bunu Belçika qadın tennisində görmüşük - Justin Henin və Kim Klasters aparıcı raketka ustaları idilər. 24 yaşında atletikanın çoxnövçülük növündə artıq Olimpiya, dünya və Avropa çempionu olan Nafi Thiamın timsalında da bunu görə bilərik.

- Belçika yığmasının heyətində holland dilli flamandlar, fransız dilli vallonlar, həmçinin Afrika və digər müxtəlif əsilli oyunçular var. Deyilənə görə, futbolçularınız öz aralarında ingiliscə danışırlar. Bəs bu fakt nəticə qazanmağa mane olmur ki?
- Çox maraqlı sualdır. Oyunçular müxtəlif etnik kökdən ola bilər, amma dünya çempionatında çıxış etmiş oyunçuların hamısı Belçikada anadan olub. Buna görə də onlar fransız və ya holland dilində danışır, çoxu da ingilis və ispan dilini bilir. Yəqin ki, baş məşqçi Martinez taktiki tapşırıqları ingiliscə verir, lakin futbolçuların çoxu eyni liqalarda oynadığından ünsiyyət qətiyyən problem deyil. Biz belçikalılar bir cümlədə belə müxtəlif dillərdən istifadə edə bilirik...


- Sizin futbol azarkeşliyiniz necə başlayıb?
- Uşaqlığım və gəncliyim 70-80-ci illərdə keçib. O zamanlar bizim "Anderlext”, "Standard”, "Brugge” kimi yaxşı futbol komandalarımız, həmçinin futbolçularımız var idi və əla nəticələrə imza atmışdıq. (Əli ilə 1982-ci il dünya çempionatının Belçika - Argentina açılış oyununda çəkilən məşhur şəkli göstərir) Əlbəttə ki, bu nəsil 1982, 1984 və 1986-cı illərdə (4-cü yer) dünya və Avropa çempionatlarında uğurlar qazandı.

- Yeri gəlmişkən, Dünya çempionatı-2018 zamanı sosial şəbəkədə Belçika millisinin oyunları haqqında da yazılar dərc etdirmişdik. Həmçinin "Nostalji-1982” adı ilə futbol tarixinin ən yaxşı şəkillərindən birini paylaşmışdım (DÇ-1982-də Belçika - Argentina matçında çəkilən və əfsanəvi Diego Maradonanın altı belçikalı futbolçuya qarşı olduğunu əks etdirən məşhur foto). Bir belçikalı olaraq o şəkil barədə nə deyə bilərsiniz?
- Sizin paylaşmalarınızı görmüşdüm və bu şəkil mənim üçün çox əhəmiyyətlidir. O zaman 15 yaşındaydım və bu, İspaniya mundialının açılış oyunu idi. Yaxşı komandamız vardı, lakin heç kim qalib gələcəyimizi gözləmirdi. Fakt odur ki, biz gənc Maradonalı, həmçinin Kempes, Passarella, Ardilesli Argentinanı məğlub etdik. 1982-ci ildə biz 1986 mundialındakı uğurumuzun bünövrəsini qoyduq. Təəssüf ki, həmin Maradona 1986-ci ildə Belçikanı mübarizədən kənarlaşdırdı.

- İzlədiyiniz ən həyəcanlandırıcı, ən unudulmaz oyun və ya oyunları xatırlayaq...
- 1987-ci ildə "Brugge” UEFA kubokunda Dortmund "Borussia”sına qarşı oynayırdı. İlk oyunda Dortmundda 0:3 hesabı ilə məğlub olmuşdular. Cavab qarşılaşması Milad bayramı ərəfəsində idi, ilk matçda hesab 0:3 olduğuna görə bir çox adam oyuna getmək istəmirdi və onlar biletlərini satırdılar. Mən bileti çox ucuz qiymətə aldım və dostlarımla oyuna getdim. "Brugge” 5:0 hesabı ilə qalib gəldi.
Son dövrdə isə mundialdakı Belçika - Braziliya oyununu çox bəyəndim. Rəsmi səfərlə əlaqədar Gürcüstanda idim. Oyunu Bakıya uçmazdan əvvəl Tbilisi hava limanında izləməkdən başqa yolum yox idi. Hava limanının barında məndən başqa hamı Braliziyaya azarkeşlik edirdi. Əynimə Belçikanın formasını geyinmişdim və nəticədə biz Braziliyaya qalib gəldik. Unudulmaz hadisədir...

- Mən (R.Mövsümzadə) nüfuzlu "Ballon diOr” ("Qızıl Top”) mükafatının jüri üzvüyəm. Belçikalılar Tibo Kurtua, Kevin de Bruyne və Eden Hazard 2018-ci ildə bu mükafata namizəddirlər. Sizin fikrinizcə, onların "Qızıl Top”u qazanmaqla bağlı hər hansı bir şansı varmı?
- Kurtua - onun şansı var, çünki düşünürəm ki, hazırda dünyanın ən yaxşı qapıçısıdır. Yaşı çox deyil və görün, "Atletico Madrid”lə hansı titular qazanıb. De Bruyne və Eden Hazard isə hələ yox, gəlin, növbəti ili gözləyək.

- Mən (R.Mövsümzadə) 2014-cü ildə Monakoda "Golden Foot” mükafatının jüri prezidenti olmuşam. O vaxt məşhur belçikalı qapıçı Jean-Marie Pfaff da "Futbol Əfsanəsi” kimi mükafata layiq görüldü. Onunla orada söhbət etmək imkanım da oldu. Xoş insandır və dünyanın ən zarafatcıl belçikalılarından biridir. Onun haqqında nə deyə bilərsiniz?
- Tamamilə doğrudur. Onunla bir neçə dəfə rastlaşmışam, inanılmaz insandır. 1986-ci ildə Meksikadakı mundialda ona "El Simpatico” ("Sevimli”) ləqəbi vermişdilər.
Pfaff yaxşı insan olmaqla yanaşı əla futbolçu olub və hamıya qarşı həmişə xoş münasibət bəsləyib. Xatırlayıram, Almaniyada "Bayern Münhen”də oynayırdı və sonra "Trabzonspor”a keçərkən Trabzondakı ilk məşqinə 40 min azarkeş gəlmişdi. Və bu sosial media dövründən əvvəl idi. O, çox yaxşı insandır.
Bu arada, iki ay əvvəl Vyanadan Brüsselə uçarkən onu gördüm. Pfaff təyyarəyə minərkən gözlənilmədən sərnişinləri salamladı, onlar da onu alqışladılar.

- Azərbaycan-Belçika əlaqələri haqqında nə deyə bilərsiniz? İstər idmanda, istərsə də qeyri-idman sahələrində.
- Çox yaxşı əlaqələrimiz var, çünki azərbaycanlılarla belçikalıların kifayət qədər ortaq xüsusiyyətləri var. Ölkələrimiz kiçikdir, böyük qonşularımız var. Demək istəyirəm ki, sizin burada Qafqazda İran, Rusiya, Türkiyə kimi qonşularınız, bizim isə Qərbi Avropada Almaniya, Fransa və Böyük Britaniya kimi qonşularımız var. Ona görə də, biz çevik, praqmatik və qonaqpərvərik. Bu anlamda Azərbaycan və Belçika xalqları arasında çox oxşarlıqların olduğunu görmək mümkündür.
İdman sahəsinə gəldikdə isə, Azərbaycanın belə çox beynəlxalq yarış təşkil etməsi yaxşı haldır. Son illər ərzində keçirilən Bakı-2015 Avropa Oyunlarında, qadın voleybolçular arasında Avropa çempionatı-2017-də, cüdo üzrə Dünya çempionatı-2018-də Belçika idmançıları da çıxış ediblər.

- Belçika və Niderland Avro-2000-ni təşkil etmişdilər, Bakı 2019-cu ildə Avropa Liqasının final matçına ev sahibliyi edəcək, həmçinin bizim şəhər Avro-2020-nin təşkilatçılarından biri olacaq. Bu haqda nə deyə bilərsiniz?
- Əla ideyadır, bu çox yaxşıdır. Çünki xarici ölkələrdən çoxlu azarkeş Azərbaycanı görməyə gələcək, həmçinin idmanla məşğul olan vətəndaşlarınız üçün də belə mötəbər yarışların burada keçirilməsi vacibdir.
2000-ci ilə gəldikdə isə, bu, Niderlandla bizim üçün çox vacib hadisə idi. Təəssüf ki, o vaxt yaxşı komandamız yox idi.
Ən parlaq ulduzlar ölkənizə gələcək və siz onları canlı görəcəksiniz. Bu 2020-ci ilə aiddir. Siz 4 oyuna ev sahibliyi edəcəksiniz - qrupda üç oyun və 1/4 finalın bir qarşılaşması. Ən azından bir böyük komanda Azərbaycana gələcək, bəlkə də, bu, Belçika olacaq.

- Lionel Messi, yoxsa Kriştianu Ronaldu?
- Hər ikisi. Sizə bir əhvalat danışım. 1998-ci ildə Cənubi Amerikaya səfər zamanı braziliyalı və argentinalı dostlar məndən kimin bütün zamanların ən yaxşı futbolçusu olduğunu soruşdular - Pele, yoxsa Maradona? Mən də cavab verdim ki, Yohan Kruyif. Eynilə Messi və Ronaldu kimi. Hər ikisinin son 10 ildə ən yaxşı futbolçu olması ilə bağlı dəlillər gətirmək mümkündür.

- Bizim oxuculara göndərmək istədiyiniz bir mesaj varmı?
- Lütfən, istənilən idman növü ilə məşğul olun və komandalarınızı bütün yarışlarda dəstəkləyin!

Rasim Mövsümzadə,
Vüsal Cəfərov