Rövşən Bayramov: "Dünya musiqisinin incisi olan muğama daha çox qulaq asıram”.

Rövşən Bayramov: "Dünya musiqisinin incisi olan muğama daha çox qulaq asıram”.





"Olimpiya dünyası” qəzetinin və "olimpnews.az" saytının maraqlı, oxucular tərəfindən sevilən "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları xalq artisti, Prezident təqaüdşüsü Tariel Qasımov və yunan-Roma güləşi üzrə Pekin-2008, London-2012 Olimpiadasının gümüş mükafatçısı, dünya və 2 qat Avropa çempionu Rövşən Bayramovdur.


-Rövşən, necə oldu ki, güləşə gəldin?

-Biz 8-ci mikrorayonda yaşayırdıq. Yayda, tətil günlərində Suraxanıya, bibimgilə qonaq gedirdim. Bütün günü bibim uğaqları ilə ora-bura qaçır, dəcəllik edirdik. Ən çox şuluq edən təbii ki, mən idim. Bir gün bibim əlimdən tutub məni "Neftçi” idman klubuna apardı. Düzü, getmək istəmirdim. Yunan-Roma güləşi üzrə məşqçi Güləhməd Hüseynovun yanında olduq. Deyəsən, məşqçinin xoşuna gəlmişdim. Beləliklə, 12 yaşından güləşlə məşğul olmağa başladım. Güləhməd müəllim çox həssas və istedadlı məşçqi idi. Yetirmələrinə xüsusi qayğı ilə yanaşırdı. 1999-cu ildən idmandayam.

-2008-ci il həyatında ən uğurlu illərdəndir?

- İdmançının karyerası elə onun həyatıdır. Karyeramda ən uca zirvələri 2008 və 2012-ci illərdə fəth etmişəm. 2008-ci ildə Heydər Əliyevin xatirəsinə Qızıl Qran-pri yarışlarının qalibi oldum. Həmin il eyni zamanda Avropa çempionu adına və Pekin-2008 Olimpiadasının gümüş medalına layiq görüldüm. 2009-cu ildə də FİLA tərəfindən "İlin ən yaxşı güləşçisi” adını aldım.

- Bir müddət idmandan uzaqlaşdın...

- Olimpiadadan sonra keçirilən dünya çempionatında 3-cü yeri tutdum. Bu, mənə çox pis təsir etdi və ruh düşkünlüyü yaşadım. 2009-2010-cu illərdə yarışlarda iştirak etmədim, Macrıstanda təşkil edilən beynəlxalq yarışdan başqa. Orda da 2-ci yeri tutdum. Nə gizlədim, yarış əhval-ruhiyyəsində deyildim.



"Gümüş” oğlan

- London Olimpiadasını necə xatırlayırsan?

- 2011-ci ildə Türkiyədə dünya çempionu tituluna layiq görüldükdən sonra Böyük Britaniyanın London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazandım. Bu olimpiadada da, Pekində olduğu kimi gümüş medal qazandım.

- Beləliklə, "gümüş” oğlan adını aldın...

- (gülür). Bu da bir taledir. Londonda qızıl medal qazanmağı çox istəyirdim, amma alınmadı.
Əslində, həm Pekin-2008, həm də London-2012 Olimpiadasında qızıl medal almaq imkanım var idi, lakin bu şansdan istifadə bilmədim. Pekində hakim ədalətsizliyinə, Londonda isə öz səhvimə görə.

-Səncə, idmanda şansın rolu nə qədər böyükdür?

- Şanslı insanlara qibtə edirəm. Amma həyatda olduğu kimi, idmanda da hər şeyi şansa buraxmaq düzgün deyil. Uğur qazanmaq üçün zəhmət çəkmək, çox çalışmaq və rejimə riayət etmək mütləqdir. Vaxtlı-vaxtında yemək, yatmaq, düzgün qidalanmaq, psixoloji cəhətdən hazırlıq idmançı üçün mühüm şərtlərdir.



- "Gümüş” oğlanı küsdürən nədir?

- Ədalətsizlik.

- Özünü iki kəlmə ilə necə ifadə edərdin?

- Səbirsiz insan.

- Nədənsə bezəndə, yorulanda səni yenidən həyata bağlayan nədir?

- Uca tanrıya olan sevgim və oğlum Əli.

"İstərdim ki, arzumu yerinə yetirsin”

- Olimpiya çempionu olmadığın üçün çox təəssüflənirsən?

- Əlbəttə, təəssüflənirəm. Amma illərlə məşq edib Olimpiya Oyunlarına düşə bilməyən idmançılar da var. Üç dəfə mötəbər idman tədbirində iştirak etmişəm və ikisində gümüş medal qazanmışam. Dövlətimiz idmançıların həyat şəraitini yaxşılaşdırmaq üçün nə lazımdırsa, edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə Olimpiya Oyunlarından əvvəl və sonra idmançılarla görüşür, söhbət edir, yarış haqqında, nəticələrlə bağlı öz fikirlərini bildirir, tövsiyələrini verir. Biz, idmançılar da çalışırıq ki, nə qədər gücümüz, yarış qabiliyyıətimiz var, bu vətənə, bu ölkəyə şərəflə xidmət edək.

-Rövşən, məşqçilik etmək çətindirmi?

- Yığmada yunan-Roma güləşi üzrə böyüklər arasında ikinci məşqçi kimi fəaliyyət göstərirəm. Məşqçi işləmək üçün təcrübə və istedad lazımdır. İdmançı yalnız özü üçün cavabdehdirsə, məşqçi bütün idmançılar üçün məsuliyyət daşıyır. Məşqçi müəllim kimi idmançıya düz yol göstərir, harda, necə və nə vaxt hərəkət etməyi başa salır.

- Karyeranda unutmadığın an, hadisə?

- İdmandan neçə dəfə getmək istəsəm də, yenə qayıtmışam. 2009-cu ildəki dünya çempionatında bürünc medal qazandıqdan sonra içimdə bir ümidsizlik yarandı. Düşündüm ki, mən daha əvvəlki kimi güləşə bilməyəcəyəm. Lakin qayıtdıqdan sonra London-2012 Olimpiadasının və dünya çempionatının ikincisi oldum. Sanki bununla karyeramda yeni səhifə yazmış oldum.

- Ən böyük arzun nədir?

- Özüm Olimpiya çempionu ola bilmədim. Məşqçi kimi istərdim ki, yetirməm arzumu yerinə yetirsin.



-Dost sənin üçün nə deməkdir?

- Dost o kəsdir ki, özün kimi inanırsan, etibar edirsən, dərdini, sevincini bölüşürsən. Əsl dostum azdır.

- İnsan özünü nə vaxt xoşbəxt hiss edir?

- İstədiyi arzuya, qarşısına qoyduğu məqsədə çatanda insan xoşbəxt olur.

- Bəzən nəsə əldə etmək üçün nələri isə qurban verməli oluruq...

- Həyatda uğur əldə etmək üçün nələri isə qurban verməyə məcbursan. Peşəkar idmanda nailiyyət əldə etmək üçün biz uşaqlığımızı və gəncliyimizi qurban verməli oluruq.

"Özümə təskinlik verirəm”

-Özün də etiraf edirsən ki, səbirsizliyin sənə çox mane olub?

- (Gülür) Sizinlə razıyam. Amma fikirləşəndə ki, səbirsizliyimlə bu cür nailiyyətləri əldə etmişəm, özümə təskinlik verirəm.

- Hansı janrda musiqiyə qulaq asırsan?

- Dünya musiqisinin incisi olan muğama daha çox qulaq asıram.

-Tamaşalara baxırsanmı?

- Komediya janrında tamaşaları xoşlayıram.

- İstedadlı aktyor Tariel Qasımovu tanıyırsanmı?

- Tariel Qasımov səhnəmizin və kinomuzun dəyərli, sayılıb-seçilən aktyorlarındandır. Eşitdiyimə görə, gənclik illərində yunan-Roma güləşi ilə məşğul olub.

- Onun rol aldığı hansı filmlərin adlarını çəkə bilərsən?

- "Liftçi qız”, "Axırıncı aşırım”, "Babək”, "Nəsimi”, "Qatır Məmməd”, "Vulkana doğru” və s. Bildiyimə görə, çəkildiyi filmlərin sayı-hesabı yoxdur və hazırda doğma ata yurdunda-Ağstafada yaşayır.




Səadət Hakıyeva