Ölkəmizdə idmanın yüksək səviyyədə və dinamik inkişafı idman jurnalistikasının inkişafına da öz müsbət təsirini göstərib. Hazırda Azərbaycanda xeyli sayda idman nəşrləri, portallar, saytlar fəaliyyət göstərir. İdmanın inkişafı və təbliğinə öz töhfəsini verən idman nəşrlərindən biri də bu il on yaşını qeyd edən "Olimpsport jurnalıdır."Olimpsport” jurnalının 10 il ərzində gəldiyi yola, gördüyü işlərə nəzər salmaq üçün həmin idman nəşrinin təsisçisi və baş redaktoru Ramin Allahverdi ilə görüşüb söhbət etdik. Ramin müəllim jurnalın fəaliyyəti ilə bağlı bizi maraqlandıran sualları cavablandırdı.
- Ramin müəllim, necə oldu ki, "Olimpsport” jurnalı ərsəyə gəldi və siz taleyinizi idman jurnalistikasına bağladınız?
- "Olimpsport” jurnalı ilk dəfə 2008-ci ilin may ayında "Güləş” adı altında fəaliyyətə başlayıb. Dünyanın inkişaf etmiş güləş ölkələrində bu növə həsr olunan bir sıra jurnallar olduğu halda zəngin güləş ənənələrinə malik olan Azərbaycanda belə bir nəşrin olmaması məni çox narahat edirdi. Buna görə də "Güləş” jurnalını təsis etmək qərarına gəldim. Mən uzun müddət güləşlə məşğul olmuşam, yarışlarda iştirak etmişəm. Bu idman növündə ilk addımlarımı Imişlidə Əlisafa və Qalib Şükürov qardaşlarının yanında atmışam. Bakıda isə Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyində rəhmətlik Oqtay Hüseynov və Ramiz müəllimin rəhbərliyi altında güləşin sirrlərinə yiyələnmişəm. Hüquqşünaslığı qurtarsam da, ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirməyi çox istəyirdim. Məzun olduqdan sonra məşqçilik etməyə qərar verdim. 2004-cü ildən bu günə qədər məşqçilik edirəm. Respublikanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisiyəm. Məşqçilik fəaliyyətim dövründə bir sıra yetirmələrim müxtəlif yaş qruplarında milli komandanın heyətində yer alıb, Avropa və dünya birinciliklərində nailiyyətlər qazanıblar. Qeyd etdiyim kimi güləşə olan sevgim məni "Güləş” jurnalı təsis etməyə məcbur etdi. "Güləş”in bir nömrəsini də "Sportsman” jurnalı və Saleh Salahzadənin əməkdaşlığı ilə nəşr etmişik. Jurnalımız 2009-cu ildən "OlimpSport” adı altında nəşr olunur.
- Niyə məhz "Olimpsport”?
- Təsisçi və baş redaktor kimi əsas məqsədim yalnız güləşi deyil, eləcə də, bütün idman növlərini təbliğ etmək, ölkənin idman və Olimpiya Hərəkatında baş verən yenilikləri əks etdirmək idi. Rəhmətlik Akif müəllimin məsləhəti ilə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevin yanında oldum, yeni işimlə bağlı ondan məsləhət istədim. Murad müəllim də böyük məmnuniyyətlə məndən, jurnalın kollektivindən köməyini əsirgəmədi. "Olimpiya dünyası” qəzetinin kollektivi və əməkdaşları "Olimpsport” jurnalının ərsəyə gəlməsində, özünə doğru, düzgün istiqamət götürməsində yaxından köməklik göstərdilər. Jurnalın məhz belə adlandırılması "Olimpiya dünyası " qəzetinin baş redaktorunun müavini və "Olimpsport” jurnalının redaktoru Aslan Şirəliyevin təşəbbüsüdür.
- Jurnalın fəaliyyətindən razısınızmı?
- Bu sualı mən də özümə tez-tez verirəm. Təbii ki, kimliyindən, peşəsindən asılı olmayaraq insan gərək özündən razı olmasın. İnsanın işinə gərək ətrafdakılar qiymət verməlidirlər. "Olimpsport” jurnalının fəaliyyətinə qiyməti isə onun oxucuları, idman ictimayyəti verə bilər.
- 10 illik fəaliyyətiniz dövründə oxuculara çatdırdığınız ən sevincli və ya kədərli xəbər haqda nə deyə bilərsiniz? - Baş redactor kimi bu müddət ərtzində oxucularla bölüşdüyümüz ən kədərli xəbər AFFA nın sabiq prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyevin nakam dünyasını dəyişməsi haqda məlumat olub. Yaxından tanıdığım bir insanın xəbərini saytımızda vermək mənim üçün çox ağır idi. Anar Mirzəyev həm də bizim jurnalın bəzi tədbirlərində iştirak etmişdi. Akif Şahverdiyevin də dünyasını dəyişməsi xəbərini paylaşmaq arzu olunmaz xəbər idi. Mənim bir idmançı kimi ürəyimcə olmayan bəd xəbərlərdən biri də "Xəzər Lənkəran” futbol klubunun və "Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin fəaliyyətini dayandırması idi. Həqiqətən də "Xəzər Lənkəran” futbolumuza rəng qatmışdı. Hələ də "Xəzər” in yeri görsənir. "Lokomotiv " İSM-in bağlanması isə mənim üçün iki qat ağır xəbər oldu. Çünki özüm də "Lokomotiv” də sərbəst güləş üzrə baş məşqçi işləyirdim. Bir əsrə yaxın yaşı olan idman mərkəzinin ləğv edilməsi həqiqətən də ürəkaçan deyil. Amma həmişə qəlbimdə bir ümid var ki, "Lokomotiv” nə vaxtsa bərpa olacaq. Dərc etdiyimiz şad xəbərlərə gəldikdə isə məncə Bakı-2015 Birinci Avropa Oyunları, London-2012 Olimpiya Oyunlarında güləşdən qazandığımız iki qızıl medal, Bakı-2017 İslam Oyunları, "Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, bu il Avropa Liqasının final oyununun paytaxtımızda keçirilməsi, 2020 futbol üzrə Avropa çempionatının final mərhələsinin bəzi qrup qarşılaşmalarının və s. xəbərlərini qeyd edərdim. Ölkə başçısı cənab İlham Əliyevin İmişliyə səfər zamanı görüşümü isə ömrümboyu unutmaram.
- "Olimpsport” jurnalı həm də müxtəlif tədbirlərin təşkilatçısı kimi çıxış edir?
- "Olimpsport” jurnalı Azərbaycan Mətbuat Şurasının, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının və AİPS-nin üzvüdür. Biz bu illər ərzində bir sıra kütləvi tədbirlərin təşkilatçısı və iştirakçısı kimi çıxış etmişik. Jurnalımız 10 il ərzində oxucular arasında dəfələrlə ilin ən yaxşılarını seçmək üçün sorğular keçirib və nominasiya qaliblərini mükafatlandırıb. Elə bu səbəbdən də 10 illik yubileyinə hazırlaşan "Olimpsport” jurnalı Azərbaycan Mətbuat Şurası və "Olimpiya dünyası” qəzeti ilə birgə son 10 ilin ən yaxşılarını seçmək üçün "qızıl 10-luq” idman sorğusu elan edib. Sorğuda qalib olanlar jurnalın yubiley tədbirində mükafatlandırılacaqlar. Bundan əlavə, jurnalın eyni adlı saytı (olimpsport.az) da artıq 4-cü ildir ki, davamlı fəaliyyət göstərir. "Olimpsport.az” operativ xəbərlərləri ilə, maraqlı müsahibələri ilə yanaşı, hazırladığı video çəkilişləri ilə də öz oxucularının görüşünə gəlir. Əminəm ki, 10 illik yubileyini qeyd etməyə hazırlaşan "Olimpsport” jurnalı bundan sonra fəaliyyətini daha da gücləndirəcək və Azərbaycanın idman mətbuatına öz töhfəsini verəcək.
Səadət Hakıyeva