Azərbaycan mədəniyyətini, incəsənətini dünyaya tanıtdıran vasitələrdən biri də idmandır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev deyirdi: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. İdman həm də mədəniyyətdir”. Rəssamın, şairin yaratdığı əsər elə idmançının qazandığı qələbə kimidir.
Bu maraqlı mövzu ilə bağlı 60 illik yubileyini qeyd edən, Əməkdar mədəniyyət işçisi,tanınmış şair, publisist, Azərbaycan Yazışılar Birliyi (AYB) idarə Heyətinin üzvü,Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, "Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, "Qızıl kəlmə” mükafatı laureatı Qəşəm Nəcəfzadə "Olimpiya dünyası” qəzetinə müsahibə verdi.
- Qəşəm müəllim, Azərbaycanın ictimai həyatında, ədəbiyyatında kifayət qədər tanınmış şairsiniz və oxucuların ürəyində xüsusi yeriniz var. Ömrün 60-cı baharındasınız, geridə nə qaldı?
- Cavabım bir az fəlsəfi olacaq, amma elə bilirəm, geridə, necə deyərlər, bir tunel qaldı. Və bir də həmin tunelə düşən işıq. İnsan ömrü şaquli, üfiqi xətt kimi gedir və sanki bir quyuya bənzəyir. Quyudan, tuneldən çıxa bilirsənsə, o işığı görəcəksən. Həmin işıqisa həyatının, ya da üzün yol qət etdiyin tuneldə vaxtın, zamanın hədər getməməsidir mənim üçün. Quyuya işıq düşdükdən sonra yenidən əvvəlcədən gəldiyimiz yerə yola qayıdırıq. O yola ki, ordan həyat adlı bir quyuya düşmüşdük. Demək, quyuya işıq düşürsə, yenə işığa qayıtmış oluruq.
"Hər qaranlıqda bir işıq, hər işıqda bir qaranlıq var”
- Belə çıxır ki, qayıdacağınız yer buradan daha işıqlıdır?
- Əslində, hər qaranlıqda bir işıq, hər işıqda bir qaranlıq var. Başqa sözlə, işığın kölgəsi qaranlıq, kölgənin qaranlığı isə işıqdır.
- Belə demək olarmı ki, geridə həm də ürəyinizdən, qəlbinizdən süzülüb gələn şeirləriniz qalıb.
- İndiyə qədər 36 şeir kitabım işıq üzü görüb və əsasən, realist janra üstünlük verirəm.Əsərlərim türk, rus, gürcü, polyak, özbək, alman, faransız, ispan, italyan və başqa dillərə tərcümə olunub. Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan, Türkiyədə türk, Kolumbiyada ispan dillərində kitablarım oxuculara təqdim olunub. Moskvada 6, Tehranda isə 4 kitabım işıq üzü görüb.
- İlk şeriniz necə yaranıb?
- Uşaqlıqda gecələr sayrışan ulduzları uzun-uzadı seyr etməyi çox xoşlayırdım. İlk şeirimi də elə ulduzlara baxa-baxa, orta məktəb illərində yazmışam.
- Hansı əsərinizi özünüzə daha yaxın hiss edirsiniz?
- İnsan övladına fərq qoymadığı kimi, şair də əsərlərinə fərq qoymur. Elə əsərim olub ki, ürəyimcə yazmışam, amma oxucular arasında o qədər də populyar olmayıb. Ümumiyyətlə, hər əsərin öz oxucusu var.
"Barmaqların öpüşündən gözəl əsərlər yazılır”
- Barmaqların da öpüşü olur?
- (Gülümsəyir) Barmaqlar öpüşəndə və yaxud barmaqların öpüşündən gözəl əsərlər yazılır, mahnılar bəstələnir, rəsmlər çəkilir. "Barmaqların öpüşü” adlı əsərim Tehranda fars dilində nəşr olunub. Əl məfhumu mənim əsərlərimdə bir obrazdır. Eyni əldə beş barmağın hər biri fərqlidir. Şeirlərimin birində yazmışam ki, bu barmaqlar avtomatın tətiyində deyil, sevgi sözünü kağızda yazanda birləşsin, öpüşsün. Bir də yazmışam ki, barmaqlar deyir ki, məni tətiyə sıxma, bəlkə qarşındakının barmağında nişan üzüyü var.
-Yurd yeri Sizi çəkirmi?
- Elimə-obama çox bağl insanam. Mən İmişli rayonunun Əliqulular kəndində dünyaya göz açmışam. Kəndimin tozunu da, palçığını da sevirəm. Mənə gülməyin, kəndimizdə hamının "dəli” deyib güldükləri, amma əslində çox müdrik olan və həmişə qaloş geyinən həmkəndlimdən ötrü belədarıxıram. Kəndimizin Novruz bayramlarından ötrü burnumun ucu göynəyir. Yurdumun qoyunu, iti, pişiyi, ulağı da mənim üçün doğmadır. O torpaqda yaşayan nənələri, babaları, əmiləri, dayıları, xalaları, bibiləri çox sevirəm. Kəndimin otlağında otlayan qoyun, at, eyni zamanda, yaşıl yamaclar, əyri evlər mənim heş vaxt unuda bilməyəcəyim doğma yurdumdur. Mən Vətənimi sevirəm.
Biz tərəkəməyik. Tərəkəmələr yayda yaylağa (Kəlbəcər, Laçın rayonlarına) köç edər, qoyun-quzusunu otarar, heyvandarlıqla məşğul olardılar. İndi həmin yerlər işğal olunduğundan bu mümkün deyil. Mən tərəkəmələrin həyatından, adət-ənənələrindən, məşğuliyyətindən bəhs edən "O qara əyri bulud” adlı bir kitab da yazmışam. Həmin kitabda "yelin”, "kətəməz”, "bulama”, "qursaq” və eyni zamanda "hana”, "əriş”, "arğac”, "kücü” və s. sözlərin mənasını dolgunluğu ilə izah etmişəm. Tariximizi, adət-ənənələrimizi unutmamalıyıq.
-Tərəkəmələrdə xalq oyunlarına da maraq çox olub?
- Belə oyunlar köçəri oyunları adlanır. İndi köçəri oyunları Orta Asiyada da keçirilir.Bunlardan "dirədöymə”, "çiliktoxuma” "qığmərə” və s. Kimioyunları misal göstərmək olar. Uşaqlıqda o qədər oynamışam ki, bu oyunları.
- Qəşəm müəllim, eləolubmu ki, beyninizdəki fikirləri, düşüncələri kağıza köçürə bilməmisiniz və yaxud köçürməkdə çətinlik çəkmisiniz?
- (Köksünü ötürür). Çox olub belə hallar. İzah etməkdə çətinlik çəkirəm. Elə olub ki, beynimdə düşündüklərimi tam açıqlığı, dolğunluğu ilə nə özümə, nə də kağıza köçürə bilmişəm. Qəribə bir hissdir.
"Hərdən yuxularımda rəqib qapısına qol
vurduğumu görürəm”
- Uşaqlıqda ən böyük arzunuz nə olub?
- Futbolçu olmaq istəmişəm (gülümsəyir). Amma yaxşı futbolşu olmadığımdan kənddə uşaqlarla futbol oynayanda məni həmişə qapıçı qoyurdular.
Hərdən yuxularımda rəqib qapısına qol vurduğumu görürəm. Guya mən tanınmış hücumçuyam və qol vuranda tribunadan alqışlayırlar. Hətta hərdən topla uçuram da (gülür). Belə yuxulardan sonra mənən çox sakitləşir və rahatlaşıram, yorğunluğum çıxır.
- Necə düşünürsünüz, poeziya ilə idmanın əlaqəsi varmı?
- Mən poeziyanı xüsusilə, futbola bənzədirəm. Poezyada ən yaxşı, uğurlu misra, meydançada qapıya vurulan qol kimidir.
- Həyat nədir?
- Düşünürəm ki, insan həyatı dünyanın, yerin yaddaşında bir saniyə qədərdir. Biz günəşdən yer kürəsinə baxa bilsək, uşaqlığımızı orda görə bilərik.
- Dəli şeytan nə deyir?
- (Gülür). Dəli şeytan deyir ki, çıx get buralardan Moskvaya. Bu adda şeir kitabım var. Eyniadlı şeirimdə belə bir misra var: "Bir dəli şeytan deyir,çıx get Moskvaya. Yaxşıdır şəhərdə pomidor satmaq, zülümdü bu kənddə müəllim olmaq”.
Amma sonralar bunun əksini yazmışam və demişəm ki: "Kənddə pomidor satmağın, pomidor əkməkdən nəyi yaxşıdır, nəyi?” Yaxşı şair odur ki, əvvəl yazdıqlarını inkar edə bilsin, amma əsaslandırmaq şərti ilə.
- 2007-ci ildə Avropada keçirilən 38-ci beynəlxalq poeziya festivalında iştirak etmisiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Avropada keçirilən 38-ci beynəlxalq poeziya festivalındaAzərbaycan Yazışılar Birliyinin (AYB) xətti ilə iştirak edirdim. AYB ölkəmizdən 50 nəfər şairin şeirləri ilə birlikdə mənim də şeirlərimi bu müsabiqəyə göndərmişdi.Çox qürurverici idi ki, onların içindən mənim şeirlərimi bəyənib Hollandiyaya dəvət etmişdilər. Dünyanın seçilmiş 23 şairin iştirak etdiyi 38-ci beynəlxalq poeziya festivalında 2-ci yeri tutmaq böyük uğur idi mənim üçün. Fikrimcə, seçilmişlərin içində ikinci yeri tutmaq dünya çempionatının gümüş medalını qazanmaq kimi idi.
- İşlərinizi planlaşdırırsınızmı?
- Əvvəlcədən fikirləşdiyim, planlaşdırdığım işlərim nədənsə alınmayıb. Həyatımda qəfil baş verən hadisələr isə, nə qədər qəribə də olsa, həmişə uğurlu olub.
"Ədəbiyyatda da, idmanda da peşəkarlıq,
təcrübə mühüm şərtdir”
- Şeirləriniz üçün mövzuları necə seçirsiniz?
- İnsanları, hadisələri müşahidə və təhlil etmək mənim təbiətimdədir. Kitablar da həyatdan götürülür. Məsələn, metroda, cəmiyyət arasında müşahidə etdiklərim sətirlərdə sözə çevrilir. Düşünürəm ki, hər bir insanın həyatı, taleyi bir yazılmamış romandır. Bir dəfə işdən gələndə metroda qucağında körpə uşağı olan ana gördüm. Uşağı çimdikləyirdi ki, ağlasın və ona pul versinlər. Bu mənzərə ürəyimi ağrıtdı.Bunu kağıza köçürmək o qədər də asan deyil. Bir çox nüanslar lazımdır və bunu elə peşəkarlıqla verməlisən ki, mahiyyəti oxucuya çatdıra biləsən. Ədəbiyyatda da, idmanda da peşəkarlıq, təcrübə mühüm şərtdir.
"Olimpiya hərəkatının
idealları sülhə təminatdır”
- Yeri gəlmişkən, idman məfhumu, fəlsəfəsibarədə nə deyə bilərsiniz?
- İdman, Olimpiya Hərəkatıböyük məfhumdur. İdman həm fiziki güc, həm də mədəniyyətdir. Olimpiya Hərəkatı deyəndə gözümüz önündə idmanla bərabər, mədəniyyət və incəsənət də canlanır. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanı dünyaya daha da tanıtdırdı, xalqımızın mədəniyyətini, adət-ənənələrini nümayiş etdirdi. İdman sərhəd tanımır. Ölkə idmanı ilə daha sürətlə tanınır, sevilir.
İdmandan alınan zövq elə fəlsəfədir. Məsələn, mən futbola özümü qol vuran futbolçunun yerində hiss etdiyim, arzuladığım üçün baxıram və bundan zövq alıram. İdman özünün sülhsevər məramı, qardaşlığı, dostluğu tərənnüm etdiyi üçün dünyanı xilas edəcək. Olimpiya Hərəkatının idealları sülhə təminatdır. İdman enerjidir, gücdür və ondan düzgün istifadə etmək lazımdır. Vaxt gələcək ki, antik dövrdə olduğu kimi, idman, Olimpiya Oyunları nəhayət bütün müharibələrə son qoyacaq.
- Şeir yazmaq idman meydançasındakı mübarizəyə bənzəyir. Necə düşünürsünüz?
- Ürəyimcə olan şeirimi yazanda özümü dünyanın ən xoşbəxt insanı kimi qalib saymışam. Sanki hansısa idman yarışında rəqibimi məğlub edib çempionam. İstədiyim alınmayanda isə məğlub olmuşam.İdmançıya qalib gəlmək üçün güc lazım olduğu kimi, şairə də, yazıçıya da uğurlu əsər yaratmaq üçün güc, yəni, ruh lazımdır. Başqa sözlə, bədənin və ruhun gücü qalibiyyətdə mütləq amildir. Təəssüf ki, ədəbiyyatda, incəsənətdə idmanla bağlı əsərlər, mahnılar çox azdır. Əslində idman çox maraqlı sahədir və hüdudları genişdir.
- İnsan niyə yazıb yaratmaq istəyir, bu ehtiyacdır, yoxsa tələbat?
- Yer üzünün əşrəfi olan insan Tanrının yaratdığı kamil varlıqdır. O dünyaya gəldiyi ilk gündən yaşayıb yaratmaq istəyir. Sevir, rəqs edir, rəsm çəkir, şeir yazır. Bununla o, daxilən sakitləşir, rahatlaşır. Fitrən istedadlı adamlar həmişə darıxır və ruhunu sakitləşdirmək üçün müxtəlif cür vasitələr arayıb axtarırlar və nə qədər ki, insan övladı var, bu axtarışlar davam edəcək. Yaratmaq ruhun qidası, ehtiyacıdır. Biz əcdadlarımızın daşıyıcılarıyıq və kodlaşdırılmışıq.
- Əgər insan kamildirsə, bəs niyə acımasız əməllər törədə bilir?
- Doğuluşdan kamil olan insan pis əməllər törədirsə, deməli, bu, onun psixi pozğunluğundan irəli gəlir. Pis insan yoxdur, pis tərbiyə var. Şöhrətpərəstlik, var-dövlət düşkünlüyü özü də psixi pozğunluqdur. Paxıllıq, xudpəsəndlik də həmçinin və bunun müalicə olunması mümkündür. İnsan niyə qatil olur? Demək ki, onu zədələyən, incidən faktorlar var bu həyatda. Bir sözlə, insanın insan kimi formalaşmasında tərbiyədən, mühitdən çox şey asılıdır.
"Mən futbolu o qız üçün oynayıram”
- Qalib kimdir, məğlub kim? - Mənim fəlsəfəmə görə, bu dünyada qalib məğlubdur, məğlub da qalib. Silahlının silahsıza hücum etməyi, qalib gəlməyi əslində bir qorxaqlıqdır. Silahlı olmaq həmişə güclü olmaq demək deyil.Bir sözlə, əslində bəlkə də ölən qalib, öldürən məğlubdur.
- Bəs heç-heçə hesabı Sizə nə deyir?
- İdmanda rəqib komandadan biri mütləq ya qalib, ya da məğlub olacaq. Bir futbol azarkeşi kimi məni hesabdan daha çox maraqlandıran komandanın nümayiş etdirdiyi oyundur. Hesab, nəticə o qədər də vacib deyil. Elə gözəl şeirlərim var ki, mükafat ala bilməyib. Bu o demək deyil ki, onlar yaxşı şeir deyil. Güclü yazıçılar var ki, Nobel mükafatı ala bilməyiblər. Məsələn, Çingiz Aytmatov, Oljas Süleymenov kimi.
Ədəbiyyatda isə heç-heçə hesabı yaxşı deyil. Mən deyərdim ki, məğlub olmaq ondan daha yaxşıdır.
- Hansı komandaya azarkeşlik edirsiniz?
- Fanatı olduğum komanda yoxdur. Daha doğrusu, komandaya deyil, oyuna azarkeşlik edirəm. Maraqlı, gözəl, peşəkar oyun nümayiş etdirən komandanın oyununa həvəslə baxıram.
- Klub yaratmaq istəsəydiniz, adını necə qoyardınız?
- Mən hər dəfə xəyallarımda futbol oynayıb, qol vuranda elə bilirəm ki, tribunada bir qız oturub mənə baxır və o mənim sevgilimdir. Mən futbolu o qız üçün oynayıram. Yəqin ki, elə klubumun da adını "Sevgilim” qoyardım (gülür).
- Mükafat Sizin üçün nədir?
- Gözü-könlü tox insanam, heç kəsdən umacağım yoxdur. Başımı aşağı salıb, yaradıcılığımla məşğul oluram. Mənim mükafatım yaradıcılığım, yazılan və sevilən kitablarım, ailəmdir.
- Bəlkə qol vurmaq arzunuzu övladlarınız reallaşdıra bilərdi?
- Üç övladım var- iki oğlan, bir qız. Hamısı ailəlidir. Oğlanlarım idmanla məşğul olsalar da, başqa sahələrdə çalışırlar. Böyük oğlum mənim kimi yaradıcı insandır. Hərdən nəvələrim gəlir, evimiz şənlənir.
- Siz həm də gözəl uşaq şeirləri yazırsınız?
- Uşaq şeirlərini hələ gənc yaşlarımdan yazıram. Bir şeirimdə üç obraz var idi- Kəramət, Sevinc, Tural. Təsəvvür edin ki, həmin obrazların adlarını övladlarıma verdim. İndi onların xarakteri, xasiyyəti də elə həmin obrazlar kimidir.
Sevinc iməkləyəndə ona bir şeir yazmışdım. Həmin şeirin adı "Çiçəkli xalça” idi və həmin adda uşaq şeirləri kitabım da var.
Xalça çiçək-çiçəkdir
Hər ilməsi göyçəkdir.
Sevinc bir çiçəyindən
Tutdu çəkdi, ha çəkdi.
Nə çiçək qopdu yerdən,
Nə də Sevinc əl çəkdi.
Sevincin qızı Aysu məktəbin 1-ci sinfinə gedəndə maraqlı hadisə baş verib. Həmin şeir 1-ci sinfin dərsliyinı salınmışdı. Aysu həmin şeiri löhvəyə çıxıb danışanda "Sevinc” demək əvəzinə "mamam” söyləyib. Müəllimə Aysuya acıqlanıb irad tutanda: "Mamam nədir, Sevinc deməlisən”, qayıdıb ki, " müəllım, Sevinc mənim mamamdır də”.
Uşaqlarla çox incə, həssas, qayğıkeşliklə davranmaq lazımdır. Şərait yaratmaq lazımdır ki, uşaqlıqlarını yaşasınlar, təbii, yaşlarına uyğun böyüsünlər.
- Torpaqlarımızın 20 faizi işğal altında olduğu bir vaxtda vətənpərvərlik mövzusunda əsərlər niya az yazılır?
- Əksinə, vətənpərvərlik mövzusunda çox yazılıb. Amma bəziləri yaxşı yazılmayıb. Bu, mənim fikrimdir. Bir əsgər kimi Qarabağda döyüşmək, vuruşmaq, şəhid olmaq istəyirəm. Amma bir şair kimi Qarabağ torpağında olan insanları xilas etmək keçir könlümdən. İnsanlığı xilas etmək istəyirəm. Qarabağ bu müharibəni sülh yolu ilə həll etməklə Nobel mükafatına layiq qəhrəmanı gözləyir indi. İstəyirəm ki, Qarabağ işğaldan azad olunsun, qan tökülmədən, təlafat olmadan. Yaradıcılığımda Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin tərənnümü bir qırmızı xətt kimi keçir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də ölkəmizin qüdrətli olması, çiçəklənməsi üçün yaşayıb yaradıram.
- Qəşəm müəllim, Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, yaradıcılığınızda uğurlar arzulayırıq. Müsahibə üçün təşəkkür edirik.
- Minnətdaram. Çox sağ olun. Mən də qəzetinizə Azərbaycanda idmanın, Olimpiya Hərəkatının təbliği sahəsində daha böyük uğurlar arzulayıram.
Səadət Zifiqızı