Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim

Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim


İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin. O, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, saf niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost hesab edilməlidir. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
"Olimpiya dünyası” qəzetinin "Bizim müsahibə” rubrikasının budəfəki qonağı tibb aləmində böyük nüfuza malikdir. O, həm tibb sahəsində, həm də idmanda uğurları ilə fərqlənir.

Müsahibimiz oftalmoloq-cərrah, tibb elmləri namizədi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsinin rəhbəri, qolf üzrə həvəskarlardan ibarət yığma komandanın kapitanı Xəlil Hüseynovdur. Cərrah-oftalmoloq Xəlil Hüseynov 1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən Xəlil Hüseynov bir sıra xarici ölkələrdə təhsilini davam etdirib. 2002-2003-cü illərdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Bascom Palmer Eye Universitetində ixtisaslaşma və təkmilləşmə məqsədilə bir illik "fellowship cornea ve refraktive” cərrahiyyəsi üzrə təhsil alıb. Xəlil Hüseynov müxtəlif illərdə və müxtəlif ölkələrdə bir sıra təkmilləşmə kurslarında iştirak edib. 2004-2009-cu illərdə Bakıda CCR Qeyri-hökümət humanitar təşkilatlarının oftalmoloji şöbəsinin rəhbəri olub. 2007-2014-cü illərdə Bakıda BRİZL oftalmoloji klinikasında baş həkim işləyən Xəlil Hüseynov hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin oftalmologiya şöbəsinin rəhbəridir. Bu yaxınlarda öz işinin peşəkarı olan təcrübəli cərrah-oftalmoloqla həmsöhbət olduq. Müsahibimizlə bu dəfə klinikada deyil, "Dreamland Qolf Klub”da yarış zamanı görüşdük. Xəlil Hüseynov ona ünvanlanan suallarımızı səmimi cavablandırdı.

- Maraqlıdır, həkimlik peşəsinə maraq sizdə haradan yaranıb?
- Mənim babam həkim olub. Onu görməmişəm. Lakin bilirəm ki, müharibədə həlak olub. Atam həmişə babamdan ağızdolusu danışardı. Deyirdi ki, baban dövrünün ən yaxşı cərrahlarından sayılırdı. Görünür, babamın seçdiyi sənət mənim diqqətimi çəkib. Hələ kiçik yaşlarımdan məndə də həkim olmaq həvəsi yaranıb. İnsan həvəsinin ardınca getməlidir, əgər bu həvəs onu uğura aparırsa. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil oldum. Beləliklə, pillə-pillə irəliləyərək uşaqlıq arzumu həyata keçirməyə səy göstərdim.


"Həkim təkbaşına
heç nə edə bilməz”
- Ölkəmizdə oftalmologiya sahəsində yetərincə təcrübəli həkimlər çalışırlar. Lakin bu gün bu sahənin adı çəkiləndə ağıla ilk olaraq Xəlil Hüseynov gəlir. Bu qədər sevilməyinizin sirri nədədir?

- Mən 5 yaşımdan həkim olmaq arzusu ilə böyümüşəm. Hər bir peşənin özünəməxsus incəlikləri var. Həkim peşəsi də bu cürdür. Fikrimcə, həkim heç vaxt sıradan biri olmamalıdır. Burada söhbət insanın sağlamlığından, onun müalicəsindən gedir. Həkim mütləq öz xarakteri, bacarığı, davranışı ilə sevilməli, cəmiyyətdə və pasiyentləri arasında nüfuz sahibi olmalıdır. Necə deyərlər, həkimlik insandan böyük məsuliyyət tələb edir. Görülən işdə məsuliyyət əsas şərtdir. Ümumiyyətlə, tək həkim yox, hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır. Əgər işinə məsuliyyətsiz yanaşsan, sənin nə təcrübən, nə də hörmətin olacaq. Təbii ki, heç bir pasiyent də məsuliyyətsiz həkimə müraciət etməyəcək. İnsanı həyata qaytarmaq, onun xəstəliyini müalicə etmək tək bir həkimlə mümkün deyil. Həkim təkbaşına heç nə edə bilməz. Xəstəliyin müalicəsi və uğurlu əməliyyat kollektiv işin məhsuludur. Gərək həmin kollektiv təcrübəli, peşəkar və mehriban heyətdən formalaşsın. Bu gün əldə etdiyim uğurlarda mənimlə birlikdə çalışan kollektivin müstəsna rolu var. Hər uğurlu əməliyyat birgə fəaliyyətimizin nəticəsidir.

- Bəs bu qədər sevginin qarşılığında pasiyentlərinizlə problemləriniz olubmu?
- Sözsüz ki, olub. Həkimlik elə bir peşədir ki, hər pasiyentlə gərək onun başa düşəcəyi dildə münasibət qurasan. Məlumat üçün bildirim ki, göz xəstəliklərinin müxtəlif növləri var. Bunun üçün hər bir pasientə, hər xəstəliyə fərqli yanaşma tələb olunur. Sən əgər öz pasiyentinə sevgi və qayğı ilə yanaşmasan, öz işini sevərək yerinə yetirməsən ona şəfa verə bilməzsən. Həkim gərək ilk növbədə insanları sevsin. Məhz belə olduğu təqdirdə sənin gördüyün iş faydalı olacaq. Bütün bu nüanslar bir-biri ilə vəhdət təşkil edir.

- Eşitmişik ki, tez-tez xeyriyyə məqsədi ilə görülən işlərdə, layihələrdə iştirak edirsiniz. Yəqin ki, özünüzə qarşı etibarı və sevgini bu yolla qazanmısınız?
- İnsan gərək həmişə ehtiyacı olanlara yardım əlini uzatsın. Bu, hər birimizə aiddir. Müəllimim hər zaman mənə deyirdi ki, imkan daxilində insanlara dəstək olmağa çalış, onlara yaxşılıq elə. Həmin sözlər hələ də yadımdadır. Qeyd edim ki, elə bu məqsədlə Fond yaratmışıq. Xeyriyyə məqsədi ilə təmənnasız əməliyyatlar həyata keçiririk. Öz növbəmizdə çalışırıq ki, insanlara kömək əlimizi uzadaq. Həkim pasiyentinə pul qazanmaq məqsədilə yanaşmalı deyil. Çünki təkcə gəliri düşünməklə irəli getmək olmaz. Həkim qazancdan əvvəl pasiyentinin halına ürəkdən acımalı, ona kömək etməlidir. Bu sadaladıqlarım peşəyə olan sevgidən irəli gəlir. Mən öz peşəmi sevirəm. İşi sevməmək mənim aləmimdə qeyri-mümkündür. İşini sevməyən insan hansısa səviyyəyə gəlib çata bilməz.

- Əməliyyatlardan söz düşmüşkən, bu günə qədər neçə əməliyyat həyata keçirmisiniz?
- 19 ilə yaxındır ki, bu sahə ilə məşğul oluram. Bu günə qədər təxminən 40 mindən çox pasiyentin göz əməliyyatını etmişəm.

- Bəs elə pasiyentiniz olubmu ki, onun gözünü əməliyyat edə bilməmisiniz?
- Əlbəttə, elə xəstəliklər var ki, onun çarəsi bizim əlimizdə deyil. İnsanların hamısına kömək etmək qeyri-mümkündür. Müəyyən problemlərə, səbəblərə görə biz hər pasiyenti sağlamlığına qovuşdura bilmirik.


"Yaşıl rəng insanı
stressdən çıxarır”
- Respublika Müalicəvi Diaqnostika Mərkəzində artıq gözün buynuz qişasının transplantasiyası da həyata keçirilir. Bu Azərbaycanın tibb sahəsində böyük uğurdur. İstərdik, bu barədə danışasınız.
- Yanvar ayından başlayaraq gözün buynuz qişasının transplantasiyasını həyata keçiririk. Bu əməliyyat Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilir. RMDM-də bu günə qədər bu istiqamətdə neçə-neçə uğurlu əməliyyatlar keçirilib. Qeyd edim ki, uzun müddət idi ki, ölkəmizdə bu əməliyatın keçirilməsinə icazə verilmirdi. Hazırda ölkəmizdə gözün buynuz qişası ilə əlaqədar 3 minə qədər xəstənin əməliyyata ehtiyacı var. Onlardan da bir qismi Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Bu əməliyyatlar bir çox hallarda anesteziyasız aparılır və təxminən 40 dəqiqə davam edir.

- Siz bu gün ölkəmizin təcrübəli cərrahı, həm də istedadlı qolfçusu sayılırsınız. Peşənizlə məşğuliyyətiniz bir-birini tamamlayırmı?
- Xaricdə təhsil alarkən müəllimim mənə demişdi ki, əgər sən yaxşı cərrah olmaq istəyirsənsə, mütləq yaxşı qolfçu olmalısan. Qolf insandan dəqiqlik və hadisələrə düzgün nəzarət etməyi, özünü düzgün kökləməyi tələb edir. Qolf oynayan zaman fikrin başqa yerdə olmamalıdır. Bir sözlə, bütün fikirlərini topa yönəltməlisən. Həkimimin məsləhətinə əməl etdim və qolf oynamağı öyrəndim. Bu mənə çox kömək oldu. Hazırda bu iki məşğuliyyəti bir-biri ilə uyğunlaşdırıram.


"Nə qədər məşq
edirsənsə, təcrübən də
bir o qədər artır”
- Siz, həmçinin qolf üzrə yığma komandanın kapitanısınız. İstərdik ki, bir qədər nailiyyətləriniz barəsində məlumat verəsiniz.
- Bu günə qədər qolf üzrə bir sıra turnirlərin qalibi olmuşam. Keçən il qolf üzrə "Mercedes Trophy” və "Azərbaycan Open” turnirlərinin qalibi adını qazanmışam. Bundan başqa bu ilin fevral ayında Dubayda keçirilən beynəlxalq yarışda iştirak etdim. Həmin turnirdə üçüncü yerə layiq görüldüm. Rusiya, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışlarda mükafatçılar sırasında yer almışam. Qarşıda bizi Cənubi Afrikada və İrlandiyada təşkil olunacaq beynəlxalq turnirlər gözləyir. Əsas məqsəd bu yarışlarda uğurla təmsil olunmaqdır. Qolf elə idman növüdür ki, nə qədər məşq edirsənsə, təcrübən də bir o qədər artır. Demək olar ki, hər həftə "Dreamland Qolf Klub”da müxtəlif turnirlər təşkil olunur. Sözsüz ki, hər həftə qalib olmaq qeyri-mümkündür. Amma belə turnirlərin sayəsində təcrübəmiz artır, asudə vaxtımızı maraqlı keçirməyə çalışırıq.

- Topa zərbə vurarkən özünüzü daxildə necə kökləyirsiniz?
- Düzünü desəm, əvvəl çox çətinlik çəkirdim, həyəcanlanırdım. Lakin sonralar təcrübəm artıqca bu problemi aradan qaldırdım. Artıq 8 ildir ki, qolfla məşğul oluram. Demək olar ki, indi çox sərbəstəm. Əsas odur ki, sakit olub, özünü tam oyuna kökləyəsən.

- Qolfda ən vacib amil nədir?
- Özünü oyuna kökləmək. Əgər fikrini toplaya bilməsən, onda yarış zamanı çox böyük problemlərlə üzləşəcəksən. Bundan başqa, küləyin istiqamətini və gücünü müəyyən etmək lazımdır. Bu oyunda qalib gəlmək üçün hər şeyi dəqiq ölçüb-biçməlisən.

- Maraqlıdır, cərrahlıqla qolfu bir arada necə çatdıra bilirsiniz?
- Mən işimi çox sevirəm. Lakin iş qrafikim həddindən artıq gərgindir. Qəbul günlərində demək olar ki, 100-120 pasiyenti qəbul edirəm. Əməliyyat zamanı isə gün ərzində 30-50 pasiyentin gözünü əməliyyat edirəm. Təbii ki, stress çox olur. Lakin mənim bir adətim var ki, işdən çıxanda hər şeyi unuduram. Yəni işdəki gərginliyi işdə qoyub gedirəm. Heç bir gərginliyi özümlə evə aparmıram. Bu isə insanı istər-istəməz rahatlaşdırır. Cümə axşamlarından başlayaraq bazar günlərinə kimi hər həftə müxtəlif qolf turnirləri olur. Təəssüf ki, qrafikim çox sıx olduğuna görə yalnız bazar günləri "Dreamland Qolf Klub”da qolf oynayıram. Stress atmaq üçün bura yeganə yerdir. Gördüyünüz kimi, burada hər yer yaşıllıqdan ibarətdir. Ümumiyyətlə yaşıl rəng insanı stresdən çıxarır.

- Qolfdan başqa hansı idman növünə həvəsiniz var?
- Futbola. Bir vaxtlar mən çox yaxşı futbol oynayırdım. Evdə olan zaman əsasən, televiziya vasitəsi ilə futbol və qolf yarışlarını izləyirəm.

- Sizcə, nəyə görə qolf ölkəmizdə digər idman növləri ilə müqayisədə kütləvilik qazana bilmir?
- Qolf aristokrat idman növüdür. Təəssüf ki, hər insan qolf oynamağı bacarmır. Bu idman növü həm fiziki cəhətdən çətindir, həm də çox bahalı idman növü sayılır. Bundan əlavə qolf ölkəmiz üçün yeni idman növüdür. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün ölkəmizdə qolfun inkişafı üçün təbliğat işləri zəif aparılır. Bundan əlavə gənclərimiz əsasən, güləş, cüdo, boks kimi idman növlərinə üstünlük verirlər. Lakin mən əminliklə deyə bilərəm ki, qolf öz imkanlarına və gözəlliyinə görə sadaladığım idman növlərindən heç də geri qalmır. Bu gün ölkəmizdə möhtəşəm Qolf Akademiyası fəaliyyət göstərir. Burada gənc qolfçular hazırlanır. Akademiyada məşq edən gənclər "Dreamland Qolf Klub”da hazırlıq keçirlər. Mən inanıram ki, qolf da digər idman növləri kimi ölkəmizdə populyarlıq qazanacaq. Sadəcə olaraq, bu idman növünün inkişafı üçün vaxt lazımdır. Onu da qeyd edim ki, bu gün "Dreamland Qolf Klub”un 170-ə yaxın üzvü var. Onarın 150-i xarici, 20-i isə azərbaycanlıdır.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?
- İki oğlum var. Böyük oğlum Orxan yolumu davam etdirmək niyyətindədir. O, bu il universiteti bitirəcək və Amerikaya yollanacaq. O, vaxtilə mən Amerikada təhsil aldığım Baskom Palmer Eye Universitetində göz həkimliyi təhsilinə yiyələnəcək. Balaca oğlumun isə demək olar ki, tibbə marağı yoxdur. O, Azərbaycan Diplomatik Akademiyasına (ADA) hazırlaşır.

- Bildiyimizə görə övladlarınız da idmanla məşğul olurlar.
- Bəli, oğlanlarımın hər ikisi futbolla məşğul olublar. Kiçik oğlum Emil "Vətən” futbol klubunda çıxış edib.

- Gözünüz sağlamdırsa, diqqətinizi toplaya bilirsinizsə, deməli, ovu da sevirsiniz?
- Düzdür. Sizinlə tamamilə razıyam. Lakin ova nadir hallarda gedirəm. Əsasən, balıq tutmağı sevirəm. Hər ilin sentyabr ayında balıq tutmaq üçün Həştərxana gedirik. Qeyd edim ki, tutduğumuz balıqları yemək üçün ovlamırıq. Biz buna sadəcə, məşğuliyyət kimi yanaşırıq. Balıqları tutduqdan sonra onları yenidən suya buraxırıq. Ova isə əsasən, qış aylarında gedirik. Yeri gəlmişkən, deyim ki, bu il İsmayıllıya qaban ovuna getmişdik. Ümumilikdə çox az hallarda istirahətə vaxt tapa bilirəm. Lakin düşünürəm ki, istirahətsiz mümkün deyil. Sağlam həyat tərzi insan üçün vacibdir.





Azər Əlizadə