Azərbaycanın tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə təşkilatçılığından sonra bu yarışları qəbul etmək bir qədər çətin və məsuliyyətli idi. Bu məsuliyyəti öz boynuna Bakıdan sonra Belarusun Minsk şəhəri götürdü. İyun ayında qədim slavyan torpağında təşkil edilən yarışlarda Avropanın 50 ölkəsindən 4 min idmançı medallar uğrunda mübarizə aparacaq. II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandasının heyəti artıq məlumdur. Maraqlıdır ki, bu yarışlar başa çatdıqdan dərhal sonra Avropa qitəsinin daha bir mötəbər yarışı- Avropa Gənclər Olimpiya Festivalına ölkəmiz ev sahibliyi edəcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə II Avropa Oyunları, komandamızın heyəti və digər maraqlı məsələlər barədə "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Çingiz müəllim, Minsk-2019 Avropa Oyunlarına yollanacaq heyət artıq məlumdur. MOK-un vitse-prezidenti kimi komandanın heyəti Sizi qane edirmi?
- Azərbayan komandası Avropa Oyunlarında böyük heyətlə iştirak edəcək. Heyət bizi tamamilə qane edir. Nümayəndə heyətinin tərkibində 82 nəfər idmançı yer alıb. Ümumilikdə, 11 idman növündə təmsil olunacağıq. Güləş, boks, cüdo, sambo, karate kimi idman növlərində əvvəlcədən də, lisenziyaların sayının çox olacağını bilirdik.
"I Avropa Oyunları
həm Avropa, həm də
ölkə idmanı tarixinə qızıl
hərflərlə yazıldı”
- Necə düşünürsünüz, II Avropa Oyunları Bakıdakı kimi maraqlı olacaqmı və Minsk Bakıdan təşkilatçılıq estafetini lazımınca qəbul edə biləcəkmi?
- 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları həm Avropa, həm də ölkə idmanı tarixinə qızıl hərflərlə yazıldı. Bu, bir səlnamədir. Bu cür yüksək səviyyədə təşkilatçılıq və uğur çox güman ki, bir daha təkrarlanmayacaq. Amma düşünürəm ki, Minskdə keçiriləcək II Avropa Oyunları da maraqlı olacaq. Çünki əksər idman növlərində güclü idmançılar yarışacaqlar. Bu da təbii ki, yarışların gərgin və maraqlı olacağından xəbər verir.
Minsk-2019 Təşkilat Komitəsi artıq xeyli vaxtdır ki, hazırlıqlara başlayıb. Bir çox işlər görülüb və görülməkdədir. Amma bəzi problemlər hələ də qalır. Bu problemlər, əsasən, nəqliyyatla bağlıdır.
- Kamandan oxatma, badminton, kanoe idman növlərində çox az sayda lizenziya qazanılıb. Bunun səbəbinin nədə görürsünüz?
- Adıçəkilən idman növləri Azərbaycanda o qədər də inkişaf etməyib və təbii olaraq, bu növlərdə Avropa səviyyəsində idmançılarımızın sayı da azdır. Bir faktı da qeyd edim ki, indiyədək kamandan oxatma, badminton, kanoedən avarçəkmə kimi idman növlərində Olimpiya Oyunlarında təmsil olunmamışıq. II Avropa Oyunlarına lisenziya əldə etməyimiz özü yaxşı nəticədir. Təcrübədən də göründüyü kimi, eyni ölkədə bütün idman növlərini yüksək səviyyədə inkişaf etdirmək mümkün deyil. Məsələn, bir ölkədə yaxşı inkişaf etmiş idman növü digər ölkədə populyar deyildir və ya əksinə. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri vardır.
- Necə düşünürsünüz, növbəti Avropa Oyunlarında həmin idman növlərində lisenziyaların sayının artması gözlənilirmi?
- Bu barədə fikir söyləmək çox çətindir. Onu qeyd etmək istəyirəm ki, ənənəyə uyğun olaraq Azərbaycanda fitrən istedadlı idmançılar, adətən, populyar idman növlərinə üz tuturlar. Mən sizi əmin edirəm ki, bizim Olimpiya, dünya və Avropa çempionlarımız digər idman növlərində uğur qazanmış olsaydılar, peşəkar idmanla məşğul olmaq istəyən uşaq və yeniyetmələr arasında həmin idman növlərinə axın daha çox olardı. Yəni idmançılarımız hansı növdə uğur əldə etmək üçün imkan, şərait varsa, ora üz tuturlar. Əgər fitri istedad varsa, idmançı hansı idman növü ilə məşğul olmasından asılı olmayaraq mütləq uğur qazanacaq. Bizim uşaq və yeniyetmələrimiz əsasən, güləş, boks, cüdo, karate, taekvondo idman növlərinə maraq göstərirlər. Əksinə, kamandan oxatma, badminton, kanoe, eləcə də, qılıncoynatma idman növlərində bunu demək mümkün deyil. Həmin idman növünü seçənlər ancaq və ancaq ona həddindən artıq bağlananlardır. Şahmat bizim ölkədə çox sevilir. Çünki bu idman növünün güclü məktəbi və bazası vardır. Təbii ki, müəyyən idman növlərində güclü bazanın və məktəbin yaranması üçün illər tələb olunur. Qılıncoynatma idman növü hazırda populyar olmasa da, vaxtilə bu sahədə güclü təmsilçilərimiz olub. Məsələn, İlqar Məmmədov Seul-1988 Olimpiya Oyunlarında komanda hesabında qızıl medala layiq görülüb. Demək ki, bu idman növündə müəyyən boşluq yaranıb, ənənələr pozulub. Götürək, elə futbolu. Ölkəmizdə hamı futbolu sevir, amma hələ də dünya səviyyəsində güclü futbolçularımız yetişmir. Amma sovet dönəmində güclü futbol məktəbi formalaşmışdı və istedadlı uşaqları qapı-qapı, məktəb-məktəb axtarır, onlarla ciddi məşğul olurdular. İndi valideyn uşağının əlindən tutub idman bölməsinə gətirməsə, istedadlı uşaqlar diqqətdən kənarda qalırlar.
"Müstəqillik olmadan
heç bir inkişafdan
söhbət gedə bilməz”
- Çingiz müəllim, necə düşünürsünüz, keçid dövrü bizdən çoxmu şey aldı?
- Məşhur çin filosofu Konfutsi deyirdi ki, bir insana qarğış etmək istəyirsənsə de ki: "Səni görüm, keçid dövründə yaşayasan”. Təbii ki, keçid dövrünün müsbət və mənfi tərəfləri vardır. Məhz müsbət dəyişikliklərin üzərində işləyəndə tərəqqi, inkişaf əldə etmək mümkündür. Azərbaycanın keçid dövründə əldə etdiyi ən böyük qazancı yenidən qazandığı müstəqilliyi oldu. Bu, bizim böyük uğurumuzdur. Çünki müstəqillik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Çox təəssüf ki, hazırda bizdə sovet dövründəki kimi bəstəkarlarımız, musiqiçilərimiz çox az yetişir. Dünya şöhrətli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov məhz sovet dönəminin yetirmələridir. Amma onlar hansı şəraitdə yaşayıb-yaratsalar da, azərbaycanlıdırlar. Təbii ki, Nizami, Füzuli, Nəsimi, Qara Qarayev, Rəşid Behbudov kimi sənətkarları olan xalqın yeni nümayəndələri də yetişəcək. Çünki bizim xalqımız çox istedadlıdır.
- II Avropa Oyunlarında Azərbaycan komandasından hansı nəticələri gözləyirsiniz?
- Olimpiya Oyunlarından fərqli olaraq Avropa Oyunları üçün proqnoz vermək bir qədər çətindir. Çünki biz rəqiblərimizi tanımırıq. Bu yarışda güclü idmançımızın medal qazanacağını bilirik. Rəqibi tanımadığımız üçün ola bilsin ki, zəif atletimiz də uğur qazansın. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında gözləmədiyimiz idman növlərində medallar qazandıq. İnanıram ki, Minsk-2019-da komandamızın qazandığı medalların sayı çox olacaq və ilk "10-luq”da yer tuta biləcəyik. II Avropa Oyunlarında əsasən, güləş, cüdo, boks idman növlərində medal gözləyirik. Mənim proqnozlarıma görə, hardasa 8-10 qızıl medalımız mütləq olacaq. Bu Oyunların Tokio-2020 Olimpiadasının heyətinin müəyyənləşməsində də böyük rolu var.
- Əksəriyyət elə düşünürdü ki, II Avropa Oyunlarının məşəl estafetinə məhz Bakıdan start veriləcək. Amma bu, baş vermədi?
- II Avropa Oyunlarının məşəlinin Azərbaycanda yandırılması əvvəllər müzakirə olunmuşdu. Avropa Olimpiya Komitəsinin (AOK) sabiq prezidenti, Avropa Oyunlarının yaradılmasının təşəbbüskarı Patrik Hikki də bununla bağlı öz razılığını vermişdi. Rəhbərlik dəyişdikdən sonra bu söhbət aktuallığını da itirdi. Beləliklə, II Avropa Oyunlarının məşəlinin İtaliyanın paytaxtı Romada yandırılması məsləhət bilindi.
"Azərbaycan günü”
tədbiri təşkil ediləcək”
- II Avropa Oyunlarında "Azərbaycan günü” çərçivəsində tədbirin təşkili nəzərdə tutulurmu?
- Yarışların açılış mərasimi iyun ayının 21-də keçiriləcək. Açılış mərasimindən bir gün əvvəl, iyunun 20-də Minsk şəhərində I Avropa Oyunlarının vətəni olan ölkəmizin şərəfinə "Azərbaycan günü” tədbiri təşkil ediləcək. Bu tədbirdə ölkəmizin tanınmış incəsənət ustaları, müğənnilər iştirak edəcəklər. Həm də burada Bakı-2015 Avropa Oyunlarından bəhs edən foto-sərgi nümayiş etdiriləcək. Qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməklərindən, şirniyyatlarından dadmaq imkanı əldə edəcəklər.
- III Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adı nə vaxt açıqlanacaq?
- Növbəti Avropa Oyunlarına ev sahibliyi ilə bağlı namizədlik ərizələrinin son qəbul günü may ayının 31-ə təsadüf etdi. İyun ayının 22-də Minsk şəhərində AOK İcraiyyə Komitəsinin fövqəladə iclasında ev sahibinin adı açıqlanacaq. Düşünürəm ki, Minskdən sonra estafeti Polşanın Krakov şəhəri qəbul edəcək. .
- Azərbaycanda keçiriləcək Avropa Gənclər XV Olimpiya Festivalı ilə bağlı nə deyə bilərsiniz?
- Avropa Gənclər XV Olimpiya Festivalı ölkəmizdə ilk dəfə keçiriləcək. Yarışlara hazırlıq yüksək səviyyədə gedir. Olimpiya Festivalına demək olar ki, bir ay vaxt qalıb. Bütün idman qurğuları yarışlara tam hazırdır. Burada sınaq yarışları keçirilir. Festivalda ən çox idmançı sayı atletika idman növündə müşahidə olunur. Bu yarışların keçiriləcəyi Tofiq Bəhramov adına stadionda son tamamlama işləri gedir. Ev sahibi olan ölkənin qarşısındakı iki məsələdən biri yüksək səviyyədə təşkilatçılıq, digəri isə komandanın uğurudur. Azərbaycan Avropa Gənclər Olimpiya Festivaında tam heyətlə iştirak edəcək. Yarışların açılış mərasimi rəsmi və təntənəli şəkildə deyil, bayram kimi qeyd olunacaq. "Baku Kristall Hall”da təşkil ediləcək tədbirdə yeniyetmə idmançılar bu günü bayram edəcək, şənlənəcəklər.
- Azərbaycan komandası Tokio-2020 Olimpiadasına ilk lisenziyanı atletika idman növündə əldə etdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Ötən olimpiadalarda, adətən, idmançılarımız ilk lisenziyanı atıcılıq idman növündə əldə edirdilər. Çünki cədvəl etibarı ilə onların yarışları daha tez başlayırdı. Bu da idman növləri üzrə beynəlxalq federasiyaların qərarından asılı olan bir məsələdir. Elə beynəlxalq federasiyalar var ki, orada son günə qədər lisenziya yarışları davam edir. Elə federasiya da var ki, konkret vaxt, yəni məhdudiyyəti qoyulur. Məsələn cüdoda vəziyyət tamamilə fərqlidir. Burada lisenziya beynəlxalq reytinqə görə müəyyən edilir. Adətən lisenziya yarışlarına olimpiadaya bir il qalmış start verilirdi. Tokio-2020-yə isə mayın 1-də, yəni olimpiadaya 1 il 3 ay qalmış başlandı. May ayında təşkil edilən atletika yarışlarında Anna Skidan uğurla çıxış edərək normativi yerinə yetirdi. Deməli, Azərbaycan Atletika Federasiyası seçimi düzgün etməyi bacarıb. Hələ 2 il bundan əvvəl bizim təqdimatımızla Skidan Beynəlxalq Olimpiya Komitəsinin təqaüdünə layiq görülmüşdü. Atletimiz bizim etimadımızı doğrultdu. Bu, çox yaxşı nəticədir.
"Tokio-2020 Olimpiadasına
hazırlıqlara artıq
başlamışıq”
- "Gündoğar” ölkədə keçirilən XXXII Yay Olimpiadasına hazırlıq barədə nə deyə bilərsiniz?
- Tokio-2020 Olimpiya Oyunlarına hazırlıq prosesi lisenziyalar əldə olunduqdan, federasiyalar üzrə heyət müəyyən olunduqdan sonra start verilir. Milli yığmalar öz işlərini qrafik əsasında qurur və təlim-məşq toplanışlarını harada və necə keçirmək barədə özləri qərar verirlər. Azərbaycan Milli Olimpiya Komitəsi olaraq Tokio-2020 Olimpiadasına hazırlıqlarla artıq başlamışıq. MOK idmançıların geyimi, gediş-gəlişi, yerləşdirilməsi, qidalanması və bir sıra təşkilatı məsələlərlə indidən məşğuldur.
- Paris-2024 Olimpiadasından nələri gözləyirsiniz?
- Olimpiadanın proqramında müəyyən dəyişikliklər ediləcəyi və yeni idman növlərinin daxil ediləcəyi gözlənilir. BOK-un növbəti sessiyasında çox güman ki, bu məsələlərə baxılacaq və qərarlar qəbul ediləcək.
Adətən, dünyanın məşhur, daha dəqiq desək, əhalinin sıx yaşadığı şəhərlərdə təşkilatçılıq nöqteyi-nəzərindən problemlər yaşanır. Məsələn, elə götürək nəqliyyat problemini. Tıxaclar yaranacaq və s. Bu səbəbdən son vaxtlar BOK Olimpiya Oyunlarını bir deyil, bir neçə şəhərdə təşkil etməyi planlaşdırır.
- Çingiz müəllim, futbol azarkeşi kimi UEFA Avropa Liqasının Bakı finalı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Hansı komandaya azarkeşlik edirdiniz?
- Azərbaycan bütün mötəbər tədbirlərdə olduğu kimi, Bakı UEFA Avropa Liqasının finalına da uğurla ev sahibliyi etdi. Qonaqların və turistlərin yerləşdirilməsi, nəqliyyat, təhlükəsizlik yüksək səviyyədə təşkil olunmuşdu. Bir futbol azarkeşi kimi final matçının 2-ci hissəsi daha çox xoşuma gəldi. Oyun dinamik və gərgin keçdi, çoxlu qol vuruldu. İngilis komandalarının iştirakı ilə ilk oyun idi ki, qalmaqalsız ötüşdü. Komandaya gəlincə, "Liverpul”a azarkeşlik edirdim.
Səadət Hakıyeva