Heydər Əliyev - 90

Heydər Əliyev - 90




Ölkəmizdə idmanın inkişafı ulu öndər Heydər əliyevin adı ilə bağlıdır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, qətiyyəti və möhkəm iradəsi nəticəsində Azərbaycan əbədi müstəqillik qazandı. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci dəfə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də qətiyyətli addımlar atılmağa başladı. XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, ölkəmizdə idmanın geniş vüsətlə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmana münasibət də kökündən dəyişdi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda idmanın inkişafında mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtdılar. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Yubiley ərəfəsində respublikamızda müxtəlif idman yarışları, silsilə tədbirlər təşkil edildi. Ulu öndərin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən tədbirlərdən birinə Naxçıvan şəhəri ev sahibliyi etdi. Burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalı təşkil olundu. İsveçrə sistemi üzrə keçirilən festivalın A turnirində rusiyalı şahmatçı birinci oldu. Həmyerlimiz Qədir Hüseynov turnirin üçüncü pilləsində yer aldı. Festivalın B turnirində mübarizə aparan təmsilçilərimizdən Fariz Əhmədov birinci, FİDE ustası Günay Məmmədzadə isə üçüncü oldu. C turnirinin (12 yaşınadək uşaqların turniri) qalibi adını 9 oyundan 8 xal toplayan Murad İbrahimli qazandı. Şahmatçılarımız Bayram Qurbanov və Kənan Qarayev 7,5 xalla ikinci, üçüncü yerləri bölüşdürdülər. Qeyd edək ki, "Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalında 16 ölkədən 250 şahmatçı, o cümlədən 30 qrossmeyster, 13 beynəlxalq dərəcəli usta və 10 FİDE ustası iştirak edirdi. Ulu öndərin xatirəsinə həsr olunan mötəbər yarışlardan biri də Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə keçirilən "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri oldu. "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri Beynəlxalq Velosiped İdmanı Federasiyasının (UCİ) Europe Tour çərçivəsində 2.2 kateqoriyalı veloyürüşüdür. Bakıdan start götürən turnir respublikamızın yeddi rayonunun- Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazisində keçirildi. Veloturda 24 ölkədən, o cümlədən, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliəa, Velçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən 500 nəfərdən çox iştirakçı, fəxri qonaqlar, Beynəlxalq Velosipedçilər İttifaqının və Avropa Velosiped Federasiyasının rəhbərliyi iştirak edirdi. Budəfəki turnirdə peşəkar komandalar quvvələrini sınadılar. Bu yarışda ölkəmizi yeni yaradılan "Sinerjy Baku Cycling Project” komandası təmsil etdi. 

Xatırladaq ki, komandanın heyətində 6 azərbaycanlı və 29 legionerlər yer almışdı. Beş mərhələdən ibarət olan "Tour d’Azerbaidjan” turnirinin birinci mərhələsi mayın 1-də oldu. Bu mərhələ Heydər Əliyev Mərkəzinin yanından start götürən və ulu öndərin adını daşıyan mərkəzi prospektlə metronun "Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən Heydər Əliyev Mərkəzinin yanında başa çatdı. Marşrutun ümumi uzunluğu 157 kilometr idi. Ölkəmizi bu yarışda təmsil edən "Sinerjy Baku Cycling Project” komandasının üzvü Kristof Övaytser məsafəni birinci qət edərək finiş xəttinə hamıdan tez çatdı. Mayın 2-də velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşdülər və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçdilər. Bu mərhələdə "Synergy Baku Cycling Project” komandasının üzvü Aleksandr Surutkoviç ikinci yerlə kifayətləndi. Ən yaxşı Azərbaycan idmançısı köynəyi isə Elçin Əsədova təqdim olundu. Mayın 3-də veloyürüşçülər Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollandılar. Oradan isə yenidən başlanğıc nöqtəyə qayıtdılar. Bu məsafə 165 kilometrə bərabər idi. Bu mərhələdə "Synergy Baku Cycling Project” komandasının üzvü Kristof Svaytser bürünc medalla kifayətləndi. Turnirin dördüncü mərhələsində iştirakçılar Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş etdilər. Veloyürüşçülər 116 kim məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçdilər. "Synergy Baku Cycling Project” komandasının üzvü Konnor Makkoney gümüş medal qazandı. 146 km məsafəni əhatə edən beşinci mərhələ Azadlıq meydanından başlayaraq, paytaxtın mərkəzi küçələri və prospektindən keçərək, Hökumət Evinin qarşısında başa çatdı. Ulu öndərin xatirəsinə keçirilən mötəbər yarışlardan biri də mayın 1-də Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Paralimpiya Festivalı oldu. Milli Paralimpiya Komitəsi, İdman və Gənclər Nazirliyi və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən idman bayramının təşkilində məqsəd Muxtar Respublikada əhalinin idmana olan marağını daha da artırmaq, idmançıları paralimpiya ilə yaxından tanış etmək idi. Yarışdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyi ilə tanış oldu. Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, çoxsaylı fotoşəkillər, ulu öndər haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri tədbir iştirakçılarında böyük maraq oyatdı.Şərur Olimpiya İdman Kompleksində keçirilən festivalın açılış mərasimi maraqlı və yaddaqalan oldu. Mərasimdə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, Naxçıxan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Muxtar Respublikanın Paralimpiya Federasiyasının prezidenti Cavid Səfərov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digər rəsmi nümayəndələr çıxış etdilər. Çıxış edənlər festivalın hər kəsin yaddaşında xoş xatirəyə çevriləcəyini bildirdilər. Qeyd olundu ki, Azərbaycanın müstəqil, inkişaf etmiş bir dövlət kimi mövcud olması ulu öndərin düzgün siyasəti nəticəsində mümkün olub. Ümummilli liderimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün respublikamız sayılıb-seçilən ölkələr arasında öz yerini tutub. Vurğulandı ki, ölkəmizdə idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümümmilli lider Heydər Əliyevin diqqət və qayğısının, uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda idman yüksək sürətlə inkişaf edib. Heydər Əliyev bütün sahələrə kimi, idmana da xüsusi diqqət göstərirdi.

Bu diqqət sayəsində idman respublikamızda yüksək sürətlə inkişat etdi. Çıxış edənlər ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Azərbyacan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti nəticəsində bu inkişafın daha da sürətləndiyini bildirdilər. Qeyd olundu ki, artıq Azərbaycan beynəlxalq miqyasda tanınan ölkələr arasındadır. İdmançılarımız Olimpiya və paralimpiya oyunlarından vətənə çoxlu medallarla qayıdırlar. Bu isə fiziki qüsurlu insanların özlərinə inam, həyata sevgi hisslərini artırır, onların sağlam həyat tərzi keçirməsinə gətirib çıxarır. Çıxışlar zamanı qeyd olundu ki, paralimpiya oyunlarında idmançılarımızın medallar qazanması, yüksək pillələrdə yer tutması sübut edir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Sonra paralimpiyaçıların iştirakı ilə cüdo, qılıncoynatma, kamandan oxatma, pouerliftinq, əlil arabasında rəqs və digər idman növləri nümayiş olundu. İncəsənət nümayəndələrinın ifasında səslənən musiqi nömrələri, Şərur yallısı festival iştirakçılarında xoş ovqat yaratdı.