İyunun 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən basketbol turnirinin qalibləri müəyyənləşib.
Turnirin həlledici görüşündə Şəki-Zaqatala ilə Gəncə-Şəmkir komandaları üz-üzə gəlib. Görüş 74:51 hesabı ilə başa çatıb. Üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad komandası Bakını 65:56 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub.
Bu turnir Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir.
Xatırladaq ki, 2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən basketbol idmanı elçiləri proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər edib. ABŞ-da olduqları müddət ərzində məşqçilər uşaqlara öz vaxtlarını əyləncəli keçirməkdə köməklik göstərmək, gənclərin ekstremizmə qarşı mübarizəsi, qadınların səlahiyyətlərini gücləndirilməsi, münaqişələrin qarşısının alınması, sosial inteqrasiyanın inkişaf etdirilməsi və bu kimi cəmiyyətin üzləşdiyi müxtəlif məsələlərinin həll etməsi üçün idmandan səmərəli bir vasitə olaraq istifadə edildiyi haqqında daha ətraflı məlumat əldə ediblər.
Azərbaycanda olduqları müddətdə amerikalı məşqçilər bədən tərbiyəsi müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında seminar keçiblər. Onlar, eləcə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpiya Stadionunda oyun təşkil ediblər.
Nümayəndələr həmçinin iyunun 21-23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 110 gəncin iştirakı ilə 3 günlük Gənclərin Həmrəylik Basketbol Turnirinə qatılıblar. Yarışların keçirildiyi müddət ərzində məşqçilər gənc iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında söhbət edib, onlara öz basketbol bacarıqlarının inkişaf etdirmələrinə dair köməklik göstəriblər.