İnna Valeryevna Rıskal 1944-ci il iyunun 15-də Bakıda anadan olub. Məşhur Azərbaycan voleybolçusu ikiqat Olimpiya çempionu (Mexiko-1968 və Münhen-1972), Tokio-1964 və Monreal-1976 Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. İnna xanımın adı Olimpiya voleybol turnirlərində əldə etdiyi medalların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. O, dünya (1970) və üçqat Avropa çempionu (1963, 1967, 1971) və Dünya kubokunun (1973) sahibidir. İnna Rıskal Yaponiya və Rusiyanın Petroqrad, Petrozadosk şəhərlərinin fəxri vətəndaşı adına layiq görülüb.
Azərbaycan və keçmiş SSRİ voleybolunun canlı əfsanəsi İnna Rıskal iyunun 15-də ad gününü qeyd etdi. Həmyerlimiz indi Moskva şəhərində yaşayır. İnna xanım vətəndən uzaqda yaşasa da, doğma şəhəri üçün çox darıxır. Bugünlərdə əfsanəvi voleybolçu ilə telefonla əlaqə saxladıq. Voleybolumuzun canlı əfsanəsi «Olimpə doğru» jurnalının ona ünvanladığı suallara böyük həvəslə cavab verdi.
- İnna xanım, ilk növbədə Sizi ad günü münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, minnətdaram. Sevinirəm ki, məni unutmursunuz. Hamıya bəllidir ki, mənim bütün həyatım, karyeram Azərbaycanla bağlıdır. Yaxşı ki, sizlər varsınız. Sizin sayənizdə hiss edirəm ki, unudulmamışam, sevilirəm. İnana bilməzsiniz ki, Bakıdan məni aramağınız, telefon zənginiz məni nə qədər sevindirdi. Ürəyim həmişə sizinlədir, Azərbaycanladır.
- Vətəndən uzaqda yaşamaq Sizin üçün çətin deyil ki. Yəqin Bakı üçün çox darıxmısınız?
- Bunları sözlə ifadə etmək mümkün deyil. Heç bilirsiniz, Bakı üçün, Azərbaycan üçün necə darıxıram? Canım, (İnna xanım hər müraciətinin əvvəlində şirin Bakı ləhcəsilə "canım” ifadəsini işlədirdi - S.H.) mən bakılıyam. Bakıda doğulmuşam, burada böyümüşəm. Uşaqlığım, gəncliyim, ümumiyyətlə, həyatımın şirin anları burada keçib. Bakının hər qarışı, dalanları, küçələri mənim üçün çox əzizdir. Bu qədim şəhərlə bağlı xoş, ömrümdən silinməyəcək xatirələrim var. Mən böyük fəxrlə deyirəm ki, Azərbaycan mənim vətənim, Bakı isə doğma şəhərimdir.
- Azərbaycanda gedən dəyişikliklərlə, o cümlədən idmanda baş verən yeniliklərlə maraqlanırsınızmı?
- Bəs necə, sosial İnternet şəbəkəsi və kütləvi informasiya vasitələri sayəsində ölkəmizdə baş verən idman hadisələrini, idmanın və Olimpiya Hərəkatının inkişafında müsbət dəyişiklikləri, atletlərimizin çıxışlarını maraqla izləyirəm. İdmançılarımızı alqışlayıram. Halal olsun, onlara. Sevinirəm ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz layiqli sözlərini deyirlər. Bu sözləri komanda idman növləri haqqında da fəxrlə demək olar. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, Olimpiya Hərəkatına diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Sevindirici haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ağıllı, uzaqgörən və ardıcıl siyasət bu gün onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
- Azərbaycan voleybolu ilə bağlı nə deyə bilərsiniz?
- Sevinirəm ki, bu gün ölkə voleybolunda müsbət irəliləyişlər var. Çünki burada Faiq Qarayev, Feliks Məmmədov və s. kimi bacarıqlı mütəxəssislər işləyir. Çox şadam ki, fərdi idman növləri kimi, komanda idman növlərində də yüksək nəticələr əldə olunur.
- Özünüzü xoşbəxt hesab edirsinizmi?
- Sizdən nə gizlədim. Bir ana, bir idmançı kimi çox xoşbəxtəm. İki oğlum var. Böyük oğlumun öz ailəsi, evi var. Balaca oğlum bizimlə yaşayır. Digər tərəfdən... (səsində kədər hiss olunur - S.H.) həyat yoldaşım yataq xəstəsidir, parkinson xəstəliyindən əziyyət çəkir. Ona baxmaq, əziyyətini çəkmək mənim öhdəmə düşür. Gileylənmirəm, bu da mənim qismətimdir, alın yazımdır. Yenə hər şeyi Tanrı bilir. Həyat yoldaşım, Aleksandr Syomin futbolçudur. O, 1963-1964-cü illərdə Bakının "Neftyanik”, 1967-1972-ci illərdə "Neftçi” komandasının şərəfini qoruyub. Mənim indi bütün qayğılarım yalnız onunla bağlıdır.
- İnna xanım, bəlkə də, zəif qadın olsaydınız bu çətinliklərə dözmək o qədər də asan olmazdı…
- Çox şükür, mən zəif və iradəsiz qadın deyiləm. Mən axı azərbaycanlıyam (gülür), oranın çörəyini yemişəm. Biz azərbaycanlılarda isə, xəyanət yoxdur, sədaqət var.
- Bakıya, Azərbaycana qayıtmağı düşünürsünüzmü?
- Həyat yoldaşıma görə Bakıya gələ bilmirəm. Amma doğma şəhərdə şəxsi mənzilim olsaydı, məmnuniyyətlə gələrdim. Bakısız u1095 çox darıxıram. Azərbaycan üçün burnumun ucu göynəyir. Mən vətənimi sevirəm.
- Bir daha Sizin ad gününüzü təbrik edir, ən xoş və səmimi arzularımızı bildiririk. Sağ olun.
- Sizdə bir daha sağ olun ki, məni unutmur, axtarıb arayırsınız.
Səadət Hakıyeva