Bizi Tokio-2020 Yay Olimpiya Oyunlarından qısa bir vaxt ayırır. Milyonlarla insan olimpiadanın start götürəcəyi günü səbirsizliklə gözləyir. Hər ölkədə olduğu kimi, Azərbaycanda da idman azarkeşləri qürur mənbəyimiz olan üçrəngli bayrağımızın ən yüksək yerdə dalğalanacağına ümid edirlər.
Yay Olimpia Oyunlarının yaxınlaşdığını və bu mötəbər yarışa olan marağın günü-gündən artdığını nəzərə alaraq, bəzi maraqlı məqamları, statistik müqayisələrdən əldə etdiyimiz nəticələri nəzərinizə çatdırmaq istəyirik.
Məlumdur ki, Olimpiya oyunları dörd ildən bir keçirilən mötəbər idman yarışıdır.
Qədim Yunanıstanda mövcud olmuş bu ənənəvi idman yarışları XIX əsrin sonlarında fransalı ictimai xadim Pyer de Kuberten tərəfindən bərpa edildi. Yay Olimpiya Oyunları kimi məşhur olan bu mötəbər yarış 1896-cı ildən etibarən dörd ildən bir keçirilir. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər Qış Olimpiadası yay oyunları ilə eyni ildə keçirilirdi. Lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının təşkili Yay Olimpiadasının keçirilmə müddətindən iki il sonraya təyin edildi.
Antik yarışların qadağan edilməsindən sonra Olimpiya ideyası birdəfəlik itmədi. Məsələn, 17-ci əsrdə İngiltərədə dəfələrlə Olimpiya yarışları keçirilib. Bir qədər sonra oxşar yarışlar Fransa və Yunanıstanda da təşkil edilməyə başlandı. Bütün bunlara rəğmən, bu yarışlar öz miqyasına görə kiçik idi və ən yaxşı halda regional xarakter daşıyırdı. Müasir Olimpiya oyunlarının əcdadı isə 1859-1888-ci illər ərzində davamlı olaraq keçirilmiş olimpiadalar hesab oluna bilər. Yunanıstanda Olimpiya oyunlarının bərpası ideyası şair Panayotis Sutsosa məxsusdur. Bu ideyanı gerçəkləşdirən isə ictimai xadim Evanqelis Zappas oldu.
1776-cı ildə Olimp dağı ətrafında aparılmış arxeoloji qazıntılar nəticəsində idman və məbəd tikililəri aşkarlanır. 1875-ci ildə arxeoloji qazıntılar alman mütəxəssislərinin rəhbərliyi altında davam etdirilir. Həmin illərdə Avropada antik romantik-idealist əhval-ruhiyyə dəbdə idi. Olimpiya mədəniyətini və ideyasını bərpa etmək arzusu tezliklə bütün Avropaya yayıldı. Fransalı baron Pyer de Kuberten o dövrdə yazırdı: "Almaniya qədim Olimpiyadan qalmış mirası qazıntılarla aşkara çıxardı. Bəs niyə Fransa qədim möhtəşəmliyi bərpa edə bilmir?".
Kubertenin fikrincə, məhz fransız əsgərlərinin fiziki cəhətdən zəifliyi, onların 1870-1871-ci illərdə baş vermiş Fransa-Prussiya müharibəsində məğlub olmalarına səbəb olmuşdu. O hesab edirdi ki, mövcud vəziyyəti fransızların fiziki səviyyələrini qaldırmaqla dəyişmək mümkündür. Kuberten, eyni zamanda, beynəlxalq əməkdaşlıq və sülh uğrunda mübarizə ideyasına da töhfə vermək niyyətində idi: "Dünya gəncliyi öz qüvvəsini müharibə meydanında deyil, idman yarışlarında sınamalıdır". Olimpiya oyunlarının bərpası onun nəzərlərində hər iki hədəfə çatmaq üçün əla vasitə idi.
1893-cü il iyun ayının 16-23-də Sorbonnda (Paris Universiteti) keçirilən konqresdə o, öz fikir və ideyalarını beynəlxalq ictimaiyyətə açıqladı. Konqresin sonuncu günündə (23 iyun) qərara alındı ki, ilk müasir Olimpiya oyunları 1896-cı ildə Yunanıstanda - Olimpiya yarışlarının ana vətənində keçirilsin. Oyunların təşkilati işləri ilə məşğul olmaq üçün xüsusi təşkilat - Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Komitənin ilk rəhbəri yunan Demetrius Vikelas (1835-1908) seçildi. Təşkilatın baş katibi isə ideyanın müəllifi baron Pyer de Kuberten oldu.
İlk müasir Olimpiya oyunları böyük müvəffəqiyyət qazandı. Olimpiadada 250-yə yaxın atletin iştirak etməsinə baxmayaraq, yarışlar həmin dövrün böyük hadisəsi hesab olunurdu. Yunanıstan rəsmiləri o qədər razı qalmışdılar ki, Olimpiya oyunlarının həmişə vətənlərində keçirilməsi barədə təklif irəli sürmüşdülər. Lakin Beynəlxalq Olimpiya Komitəsi dörd ildən bir keçiriləcək Olimpiya oyunlarının hər dəfə başqa bir ölkədə keçirilməsi barədə qərar qəbul etdi.
Yarışların keçirildiyi illər və ölkələr
Yay Olimpiya Oyunlarının keçirildiyi ölkələrə nəzər saldıqda bir sıra maraqlı məqamlarla rastlaşırıq. Məsələn, Pekində keçiriləcək Yay Olimpiya Oyunları da nəzərə alınsa, yarışlar indiyədək 29 dəfə keçirilib (keçirilməsi nəzərdə tutulmuş, lakin II Dünya müharibəsinə görə keçirilməyən yarışlar da daxil olmaqla). Onlardan yalnız iksi olimpiadanın vətəni Yunanıstanda təşkil edilib. Amerika Birləşmiş Ştatları isə bütün ölkələrdən daha çox - 4 dəfə bu mötəbər idman yarışına ev sahibliyi edib. Olimpiada sevinci Afrikadan başqa, digər bütün qitələri dolaşıb.
Oxucuların marağını nəzərə alıb oyunlara ev sahibliyi etmiş şəhər və ölkələrin siyahısını təqdim edirik:
İl Şəhər Ölkə
1896 (I) Afina Yunanıstan
1900 (II) Paris Fransa
1904 (III) Sent-Luis ABŞ
1906 (n.k.)* Afina Yunanıstan
1908 (IV) London B.Britaniya
1912 (V) Stokholm İsveç
1916 (VI)** Berlin Almaniya
1920 (VII) Antverpen Belçika
1924 (VIII) Paris Fransa
1928 (IX) Amsterdam Hollandiya
1932 (X) Los-Anceles ABŞ
1936 (XI) Berlin Almaniya
1940 (XII)** Helsinki Finlandiya
1944 (XIII)** London B.Britaniya
1948 (XIV) London B.Britaniya
1952 (XV) Helsinki Finlandiya
1956 (XVI) Melburn Avstraliya
1960 (XVII) Roma İtaliya
1964 (XVIII) Tokio Yaponiya
1968 (XIX) Mexiko Meksika
1972 (XX) Münhen Almaniya
1976 (XXI) Monreal Kanada
1980 (XXII) Moskva SSRİ
1984 (XXIII) Los-Anceles ABŞ
1988 (XXIV) Seul C.Koreya
1992 (XXV) Barselona İspaniya
1996 (XXVI) Atlanta ABŞ
2000 (XXVII) Sidney Avstraliya
2004 (XXVIII) Afina Yunanıstan
2008 (XXIX) Pekin Çin
2012 (XXX) London B.Britaniya
2016 (XXXI) Rio-de-Janeyro Braziliya
Qeyd: (n.k.)* növbədənkənar oyunları, ** isə oyunların keçirilmədiyini bildirir.
4 illiyin zirvə yarışı haqqında bilmədiklərimiz
