İyunun 20-də “Khojaly Global Promotion-3” beynəlxalq peşəkar boks turniri keçirilib. Mərdəkanda yerləşən “Dalğa Beach-Aqua Park” istirahət mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İranı təmsil edən peşəkar idmançılar mübarizə aparıblar. Turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunub. Döyüşlər Operativ Qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçirilib. Həm yerli, həm də xarici iştirakçıların hər biri COVİD-19 testi verdikdən sonra yarışa buraxılıblar.
Bakı vaxtı ilə 20:00-da başlayan turnirdə peşəkar boksla yanaşı, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də təşkil olunub.
Peşəkar boks yarışlarında Nihat Abdullayev (57,1 kq), Zabeh Şəmiyev (57,1 kq), Seymur İsayev (63,5 kq), Rəhim Əliyev (76,2 kq), Rüfət Hacıyev (91 kq) rəqiblərinə qalib gəliblər. Nicat Həsənov və Pərvin Heydərov (69,8 kq) arasında keçirilən döyüş isə hakimlərin fərqli qərarı nəticəsində heç heçə ilə başa çatıb (57-57, 58-56, 56-58).
Muay-tay üzrə isə Musa Nuruzadə (57 kq) və Əli Əliyev (65 kq) döyüşlərini qələbə ilə başa vurublar.
Kunq-fu yarışlarında isə təmsilçimiz Emil Xəlilov - 65 kq-da gürcüstanlı Toğrul Mikayılova məğlub olub. Gecənin digər görüşündə isə İsrafil Şabanov -75 kq çəki dərəcəsində David Cavakiyaya (Gürcüstan) qalib gəlib.
MMA üzrə döyüşlərdə isə təmsilçimiz Elvin Abbasov (93 kq) qələbə qazanıb.
K1 döyüşlərində isə Rauf Gərayzadə (82 kq) rəqibinə qalib gəlib.
Turnir haqqında “Olimpiya dünyası” qəzetinə məlumat verən “Khojaly Global Promotion” şirkətinin prezidenti, promouter Ehram Məcidov yarışın keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdan ibarət olduğunu deyib: “Bildiyiniz kimi, mən “Khojaly Global Promotion” şirkətinin prezidentiyəm. Bu şirkət Azərbaycanda ilk növbədə peşəkar idmanın inkişafı ilə məşğuldur. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Kunq-Fu Federasiyası, Azərbaycan Muay-Tay və MMA Federasiyası və Peşəkar Boks Federasiyasının idmançıları “Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi yarışlarda iştirak edirlər. İdmançılarımız rəsmi olaraq iştirak etdikləri reytinq döyüşlərində, eləcə də Azərbaycanda “Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi turnirlərdə reytinq xalları qazanırlar. “Khojaly Global Promotion” şirkəti olaraq əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdirmək və Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat proqramımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib. Düşünürük ki, yarışa gələn idmançıların bu bukletlərin üzərində şəkli olduğu üçün həmin bukletləri özləri ilə birgə vətənlərinə aparıb, evlərinin ən gözəl güşəsinə yerləşdirəcəklər. Zaman keçdikcə isə bu bukleti idmançının ailəsi, dostları və tanışları görüb, erməni vandallarının Xocalıda törətdiyi vəhşilik barədə məlumatları olacaq. Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” kompaniyasının biz də kiçik bir qismi olaraq Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıdırıq.
Təbii ki, bu işimizdə bizə Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) çox böyük dəstək olur. Kikboksinq Federasiyası, Pankration Federasiyası, Muay-tay Federasiyası, MMA Federasiyası və Kunq-fu Federasiyası və Peşəkar Boks Federasiyası da bizə dəstək olurlar. Biz də öz növbəmizdə çalışırıq ki, Azərbaycanın peşəkar idmançıları daha da inkişaf etsin və dünya idman arenasında böyük uğurlar əldə etsinlər”, - deyə “Khojaly Global Promotion” şirkətinin prezidenti qeyd edib.
Azər Əlizadə