Basketbol yarışlarının qalibləri müəyyənləşdi

Basketbol yarışlarının qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin meydançasında qızlar arasında basketbol üzrə hazırlıq və yoxlama yarışları keçirilib.

Hazırlıq və yoxlama yarışları UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda təşkil edilib.

Yekun nəticələrə görə, ən güclü divizionda Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub.

İkinci divizionda isə turnirin qalibi Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin basketbolçuları olublar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, yarışda hər biri 10 atlet olmaqla 12 komanda iştirak edib.