"Təəssüf ki, güləşçilərimiz Yaponiyaya tam heyətlə gəlməyiblər. Burada cəmi 7 güləşçimiz var. Onların hər biri medal qazanmağa namizəddirlər. Bundan başqa, 3 karateçimiz də medal qazanmağa layiqdir. İnanıram ki, həm güləşdə, həm də karatedə kifayət qədər medal qazanacağıq".
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq şansları barədə danışarkən deyib.
O, gimnastlardan da uğur gözlədiyini bildirib: "Onların çıxışı hələ qabaqdadır. Gimnastlarımız da güclüdür. Qrup yarışlarında müəyyən uğurlar qazana bilərlər. Başqa idman növlərində də yarışlar davam edir. Atletlər hələ başlamayıblar. Atıcılıq üzrə yarışımız var. Bu gün olimpiadanın birinci yarısı başa çatır. Bizim uğurlarımız Oyunların ikinci yarısında olub. Azarkeşlərimiz, tamaşaçılarımız bilirlər ki, yarışın son 2-3 günündə Azərbaycan hər zaman medallar qazanıb. Bu, Pekində də, Londonda da, Rioda da belə olub. İnanırıq ki, bu olimpiadanı da müsbət nəticələrlə yola salacağıq".
Ç.Hüseynzadənin sözlərinə görə, pandemiya şəraitində idmançıların hazırlıq keçməsi çətin olub: "Pandemiya həyatımızın hər sahəsinə olduğu kimi, idmana, idmançıların hazırlığına da çox böyük təsir göstərib. Bir tərəfdən, idmançıların da narazılıq etməyə haqqı çatır. Lakin bu narazılıq Gənclər və İdman Nazirliyinə və ya Milli Olimpiya Komitəsinə deyil, pandemiyaya qarşıdır. Ola bilər, hazırlıq üçün vaxt çox az olub. Yaxud da yarışlar çox az olub. Təkcə bizdə yox, dünyanın hər yerində yarışların bir qismi keçirilmədi. Ona görə də lisenziya şansı az oldu. Buna baxmayaraq, imkan daxilində idmançıların hazırlığı üçün müəyyən şərait yaradaq. Məsələn, cüdoçularımız təlim-məşq toplanışı üçün Tokioya gəlmək istəyirdilər, amma mümkün olmadı, icazə vermədilər. Digər idmançılarımızın fərqli yerlərdə hazırlıq keçməsi də alınmadı. Obyektiv səbəblər çoxdur. İdmançıları da, dövlət strukturlarını da qınamaq istəmirəm. Şərait belə gətirib. Hər birimiz üçün ağır dövr olub".
MOK-un vitse-prezidenti deyib ki, tamaşaçıların idmançılara azarkeşlik etməsi onlara dəstəkdir: "Azərbaycandan Yaponiyaya birbaşa dəstək bir az real görünmür. Amma onların yarışları izləməsi, idmançılarımıza azarkeşlik etməsinin özü də bir dəstəkdir. O ki qaldı idmançılara xoş sözlər deyilməsinə, bu, hər kəsin öz xarakterindən lazımdır. Elə idmançı var ki, ona xoş söz lazımdır. Eləsi var ki, onu danlamaq lazımdır. Hər birinə fərdi münasibət bəsləmək lazımdır. Yenə də inanıram ki, idmançılarımız yarışdan üzüağ və alnıaçıq qayıdacaqlar".