İsmayıl İsmayılov: “Mən hamını idmançılarımızı qorumağa, onların mübarizəsinə kölgə salmamağa çağırıram”

İsmayıl İsmayılov: “Mən hamını idmançılarımızı qorumağa, onların mübarizəsinə kölgə salmamağa çağırıram”

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tokioda keçirilən Yay Olimpiya Oyunları barədə fikirlərini “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. 
“Olimpiya Oyunları dünyanın ən böyük idman tədbiri hesab olunur və bu oyunlarda müxtəlif beynəlxalq yarışlarda lisenziya qazanmış güclü idmançılar mübarizə aparır. Ümumiyyətlə, Olimpiya Oyunlarında zəif rəqib olmur. Bəzən yüksək rəqabət nəticəsində hansısa idmançının zəif çıxış etməsi onun hazırlıqsız olduğu təəssüratı yaradır. Belə ki, çox böyük ümid bəslənilən idmançılar mükafatçılar sırasında yer ala bilmir. Tokio Yay Olimpiya Oyunlarında da belə hallar baş verdi. Bu da Oyunlarda olan mühitdən, pandemiyanın təsirindən, idmançının şəxsi problemlərindən asılı ola bilər. Çünki idmançının psixoloji vəziyyətinin tam yüksək səviyyədə olması çox önəmli bir faktordur.  Qeyd etmək istəyirəm ki, bütün dünya, həmçinin də ölkəmiz hazırda çətin bir dövr yaşayır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar tərəfindən idmançıların təlim-məşq toplanışları daim vaxtlı-vaxtında keçirilib və idmançıların hazırlığı diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, idmançılarımızın bəziləri ilk qarşılaşmalarda qələbə qazansalar da, növbəti görüşlərdə məğlub oldular. Bu, hesab edirəm ki, daha çox psixoloji amillərlə bağlıdır. Həm Olimpiya Oyunlarının vaxtının dəyişdirilməsi, həm də pandemiya ilə bağlı gərginlik çətin psixoloji vəziyyət yaratmışdı. Lakin bu dediklərim böyük ümid bəslədiyimiz idmançılarımıza qələbə qazanmaq üçün mane olmamalı idi.Yəni təsadüfi idmançılar Olimpiya Oyunlarına lisenziya qazana bilməz. Onlar beynəlxalq yarışlarda həm fiziki, həm də psixoloji güclərini sübüt edərək, bu oyunlara lisenziya əldə edirlər. 
Olimpiya Oyunlarının hər zaman idmançıya təsir edən görünən və görünməyən tərəfləri olur. Nazir müavini idmançıların məğlubiyyətləri barəsində danışarkən maraqlı məqamlara da toxunub.


“Bəzən idmançı püşkatma zamanı dünyanın ən güclü idmançıları ilə mübarizə aparacağını biləndə keçirdiyi həyəcan onun enerjisinin azalmasına səbəb olur. Təbii ki, bu da idmançının məğlub olmasına gətirib çıxarır. Bir sözlə, Olimpiya Oyunlarında rəqabət, məsuliyyət və həyəcan digər yarışlardan daha yüksəkdir. Belə ki, idmançı 4 il ərzində gecə-gündüz məşq edir və bir gündə onun bütün əziyyəti müsbət və ya mənfi tərəfdən nəticələnir. Buna görə də, pandemiya şəraitinə baxmayaraq, idmançılarımızın təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilib. Məhz bu səbəbdən də, təmsilçilərimizin Tokio-2020 oyunlarında zəif çıxışları onlara heç bir halda bəraət qazandırmır. Məsələn, hər birimiz Olimpiya mükafatçısı taekvondoçu Milad Beigi Herçeganiyə böyük ümidlər bəsləyirdik. Amma təəssüf ki, bilmədiyimiz səbəblərə görə o, ümidlərimizi doğrultmadı. Lakin nəzərə almaq lazımdır ki, idmançının hazırlıq dövrü var, o dövrü keçdikdən sonra orqanizmdə maddələr mübadiləsi pozulur və bu da müəyyən zəifləmələrə gətirib çıxarır. Bəzən idmançının rəqibi dünyanın ən güclü atleti olur. Bu zaman mübarizənin tempinin yüksək olması idmançıdan daha çox enerji alır, çox enerjinin sərf olunması isə təbii ki, növbəti görüşdə özünü biruzə verir və nəticədə idmançı məğlubiyyətlə üzləşir. Tokio Yay Olimpiya Oyunlarında atletlərimiz hələlik 3 bürünc medal qazanıblar. Qarşıdakı günlərdə güləş, karate və gimnastika idman növlərində atletlərimiz qələbə uğrunda mübarizə aparacaqlar. Güləş və karate idman növlərində xüsusilə güclü atletlərimiz çıxış edəcəklər. Onların medal qazanmaq, çempion olmaq şansları böyükdür. Ümid edirəm ki, Olimpiadanın son günlərinə təsadüf edən bu yarışlarda idmançılarımız xalqımızı sevindirərək daha yüksək əyyarlı medallar qazanacaqlar. Mən hamını qalib gələn və məğlub olan idmançılarımızı qorumağa, onların qələbə üçün apardıqları mübarizəyə kölgə salmamağa çağırıram. Bu gün qalib gələn sabah məğlub, məğlub olan isə qalib gələ bilər”, - deyə İsmayıl müəllim bildirib.