Emin Əmrullayev: “Əsas məqsədimiz basketbolun Azərbaycanda inkişafına nail olmaqdır”

Emin Əmrullayev: “Əsas məqsədimiz basketbolun Azərbaycanda inkişafına nail olmaqdır”

Mənə göstərilən etimada görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Azərbaycanda digər sahələr kimi, idman da sürətlə inkişaf edir. İdman, həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insanların həyat tərzində, onların sağlamlığının təmin edilməsində mühüm rol oynayır. Komanda idman növlərindən biri olan basketbolun uşaq və gənclər arasında inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Bu fikirləri bu gün Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilmiş Emin Əmrullayev səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.
Federasiya prezidenti pandemiya səbəbindən basketbol idman növündə də durğunluğun yaşandığını, amma qısa müddət ərzində bunların aradan qaldırılmasının mümkün olacağını bildirərək deyib: “Qarşıdakı aylar ərzində təhlillər aparmalı, uzun və ortamüddətli hədəflər müəyyən edilməlidir. Butün bunlar planlaşdırılmış və sistemli şəkildə həyata keçiriləcək. İlk növbədə, kütləviliyin təmin edilməsi istiqamətində işlər görülməli, potensiallı idmançılar arasından milli komandanın üzvləri seçilməlidir. Təbii ki, Azərbaycan çempionatının keçirilməsi ilə bağlı vəziyyət də təhlil olunacaq. Müsbət təcrübələr öyrəniləcək, zəngin təcrübəyə, yüksək potensiala malik mütəxəssislər bu işə cəlb ediləcək”.
Federasiyanın qarşısında duran əsas vəzifənin həm də basketbolun təhsil müəssisələrində inkişafının təmin edilməsi olduğunu qeyd edən E.Əmrullayev bildirib: “Sevindirici haldır ki, məktəblərdə ən çox sevilən idman növlərindən biri də basketboldur. Basketbolu məktəblərdə yalnız idman növü kimi deyil, həm də komanda ruhunun təşviqi məqsədilə inkişaf etdirməliyik. Əsas məqsədimiz basketbolun Azərbaycanda inkişafına nail olmaqdır”.