XX əsr yaddaşlarda zəngin və
qlobal hadisələrlə qaldı
Ötən əsr tarixə I və II dünya müharibələri, Sosialist inqilabı, uzun sürən totalitar rejim, KİV-in, xüsusilə televiziyanın sürətli inkişafı və kosmos əsrindən başqa, həm də idman və Olimpiya oyunları əsri kimi daxil oldu. İdman, Olimpiya oyunları yola saldığımız əsrin rəmzinə, mübaliğəsiz desək, ümumbəşəri fenomeninə çevrildi.
XX əsr idmanında maraqlı hadisələrdən biri də həvəskar və peşəkar idman arasında ziddiyyətlərin yaranması idi. Həvəskar və peşəkar idmanı nə deməkdir və onları bir-birindən ayıran fərq nədır?
Faktlar bu anlayışlar arasında o qədər də böyük fərq olmadığını göstərir. Məsələn, elə peşəkarlara rast gəlinir ki, onlar idmanı əsl həvəskarlardan daha çox sevirlər. Elə həvəskarlar da var ki, idmanın əsasında duran müqəddəs amalları unudaraq, var-dövlət və şöhrət dalınca qaçırlar. Birincilər əgər idmana təmiz və loyal xidmət edirlərsə, ikincilər ona gəlir mənbəyi kimi baxırlar.
Müasir idman anlayışı XVII əsrin əvvəllərində yaranıb. Bu anlayışın tam formalaşması prosesi isə XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir. Müasir idman anlayışı antik idman kimi fiziki kamillik tələbləri və ənənəvi bayramlar əsasında formalaşmayıb. XX əsr idmanının əsasında insanların asudə vaxtının səmərəli keçirilməsi məsələsi durur. Antik dövrün atletləri müqəddəs allahlar tərəfindən himayə edilərək öz kamillikləri ilə, sanki, müqəddəs allahlara yaxınlaşır və bundan böyük zövq duyurdular. Onların fiziki hərəkətlərinin əsasında müqəddəs məqsədlər dururdusa, müasir idmanın əsasında, hər şeydən əvvəl, öz asudə vaxtını səmərəli keçirmək, mənfəət əldə etmək və hərislik məqsədi durur.
L.Kun “Fiziki tərbiyə və idmanın ümumxalq tarixi” əsərində İngiltərədə idmanın yaranması və inkişafında cıdır yarışlarının əhəmiyyətli rol oynadığını qeyd edir. Cıdır yarışları həmişə ən çox tamaşaçı toplayan yarışlardan sayılır və bura böyük məbləğdə pul qoyulurdu.
XVIII-XIX əsrlərdə İngiltərədə çoxlu sayda boks məktəbləri fəaliyyət göstərirdi. Boks tezliklə məşhur idman növlərindən biri kimi böyük nüfuz qazandı. Avropada zəif inkişaf etməsinə baxmayaraq, macəra sevən amerikalıların təbiətinə rəğmən bu idman növü menecer və biznesmenlərin köməyi ilə Qərb yarımkürəsində böyük gəlir gətirən sahəyə çevrildi. Boks küçə, bar əyləncəsi kimi kütləvi xarakter aldı.
dərc olunmağa başladı
Yarışlarda kimin qalib gələcəyi barədə puldan mərc gəlmək kübarlar arasında da geniş yayılmışdı. XIX əsrin əvvəlində İti Qaçan Atletlərin İttifaqı adlanan təşkilat yaradıldı. Bu ittifaqın məşhur üzvü kapitan Barklay 1809-cu ildə keçirilən yarışda qalib gələrək 1000 qızıl pul qazanmışdı.
Beləliklə, müasir idman humanist ideyalar deyil, kommersiya (mərc, pul qoyma) əsasları üzərində qurulurdu. Lakin İngiltərədə idmanın başqa bir istiqamətdə - insanın asudə vaxtının səmərəli keçirilməsi, əyləncəli oyun istiqamətində də inkişafı gözə çarpırdı.
Qeyd edək ki, idmanın müasir ictimai mədəniyyətin tərkib hissəsi kimi sürətlə inkişafının ən vacib və əhəmiyyətli şərtlərindən biri də bədən tərbiyəsinin orta ümumtəhsil məktəblərinin tədris proqramına daxil edilməsi idi. Bu istiqamətdə reqbi kollecinin rektoru P.Arnoldun (1755-1842) xidməti yüksək qiymətləndirilir. Onun pedaqoji prinsipi oyunlar və idman yarışları vasitəsilə təhsil və tərbiyə məqsədlərinə xidmət edirdi.
İngiltərə məktəbinin təcrübəsi uğurlu oldu və tezliklə ABŞ, Fransa və digər ölkələrin orta məktəblərində tətbiq olunmağa başladı. Bu dövrdə idmanın inkişafına kömək edən amillərdən biri də klubların yaranması idi. XIX əsrin 30-cu illərindən isə başlayaraq mətbuatda ardıcıl mədəniyyət xəbərləri ilə yanaşı, idman xəbərləri də ardıcıl dərc olunmağa başladı.
uğrunda mübarizə aparmaqdır”
Müasir idman bir-birinə zidd iki komponentdən - sonralar həvəskar idman kimi formalaşan “centlmen idmanı” və peşəkar idmandan, eyni zamanda, onların qarşılıqlı əlaqəsindən asılı inkişaf edirdi. Əvvəllər birgə fəaliyyət göstərən həvəskar və peşəkar idman arasında heç bir fərq qoyulmurdu. Lakin antik ideallar əsasında bədənin və ruhun harmonik inkişafına xidmət edən Olimpiya oyunlarının yenidən dirçəldilməsi bu komponentlər arasında ziddiyyətlərin təzahür etməsi ilə müşayiət olunurdu.
Pyer de Kuberten və onun həmfikirləri sadəlövh deyildilər və çox gözəl başa düşürdülər ki, idman kommersiya məqsədlərinə də xidmət edə bilər. Lakin bu ideyanın tərəfdarları olimpizmə ancaq antik humanist mədəniyyətin dirçəlməsi kimi deyil, həm də insan fəaliyyətinin aparıcı sahəsi, hərəkətlərin harmoniyası, bədənin gözəlliyi, qələbədən doğan təmiz, saf hisslərin məcmuyu kimi baxırdılar. Onlar idmanı sülh və sağlam həyat tərzinin, irqi ayrı-seçkiliyin aradan qaldırılmasında stimul rolunu oynayan ümumbəşəri dəyərlərin təbliği kimi qiymətləndirirdilər.
Olimpiya Hərəkatı yarandığı ilk gündən etibarən idmanın etik və estetik dəyərlərinə yüksək qiymət verilib. Müasir olimpizmin banisinin işlətdiyi məşhur kəlam da buradan yaranmışdır: “Əsas qələbə deyil, onun uğrunda mübarizə aparmaqdır”. Lakin bəzən bu cümləni təhrif edərək, “Əsas qələbə deyil, iştirak etməkdir” kimi işlədirlər. Bu Olimpiya şüarının mənası ondan ibarətdır ki, iştirakçı cəhd və qabiliyyətini son həddə qədər nümayiş etdirərək qələbə uğrunda axıra qədər barışmaz mübarizə aparsın. Qeyd edək ki, son vaxtlar idmançılar daha çox medal dalınca qaçdıqlarından bu şuar öz əhəmiyyətini itirməyə başlayıb.
1904-cü il may ayının 21-də Parisdə əsası qoyulmuş FİFA-nın ilk iclaslarının birində Hollandiya təmsilçisi futbol üzrə dünya çempionatının keçirilməsi haqqında təklif versə də, onun bu təklifi gənc federasiyanın maliyyə problemləri üzündən qəbul olunmadı. Əvvəl dünyanın müxtəlif ölkələrindən olan futbolçular rəsmi yarışlar çərçivəsində ancaq həvəskarların iştirak etdikləri Olimpiya oyunlarına qatıla bilirdilər. Nə qədər ki, həvəskar və peşəkar idmanı arasında fərq dəqiq və aydın idi, futbol üzrə Olimpiya turnirləri ətrafında heç bir mübahisə yaranmırdı. Futbol XX əsrin 20-ci illərində, demək olar ki, dünyanın hər yerində artıq peşəkar idman statusu almışdı. Bunun bariz nümunəsi 1924-cü ildə Paris şəhərində keçirilən Olimpiya oyunlarında zəif hesab edilən Uruqvay komandasının 22 Avropa futbol yığmasına qalib gələrək olimpiadanın qızıl medalına layiq görülməsi idi.
Qeyd edək ki, dövrünün məşhur atleti, 1920-1932-ci illər olimpiadalarının 11 qızıl medalını əldə edən və 20 dünya rekorduna imza atan Paavo Nurmi Olimpiya oyunlarına ilk dəfə həvəskar idmançı kimi qatılıb. Yarışlarda həvəskar kimi iştirak etsə də, çıxışının əvəzində qeyri-leqal mükafatlandırılıb.
Əfsanəvi boksçu Məhəmməd Əli və hər üç versiya üzrə çempion, məşhur boksçu Lennoks Lyuis də idman karyeralarına Olimpiya oyunlarında həvəskar boksçu kimi başlayıblar.
XX əsrin əvvəlləri idmanın inkişafı üçün əhəmiyyətli hadisələrlə zəngin idi. Əvvəllər bədii gimnastikanın əsasını qoymuş Delsartın (1811-1871) sistemi, A.Dunkanın rəqs məktəbi və Dalkrozanın (1865-1914) ritmik gimnastika məktəblərinin yaranması böyük hadisələrdən sayılırdı. XX əsrin 10-20-ci illərində isə sinfi əlamətinə görə müxtəlif idman təşkilatları və klubları yarandı. Bu cür təşkilatlar və klublar idmanın məqsəd və maraqlarından daha çox siyasi məqsədlərə xidmət edirdilər. Müasir olimpizmin banisi Pyer de Kuberten 1919-cu ildə BOK üzvlərinə müraciətində deyirdii: “30 ildir ki, burjua uşaqlarına zövq verən idman həmişə gənc və varlı avaraların məşğuliyyət növü olub. Artıq proletar uşaqlarının da fiziki hazırlığın sevincini görmək vaxtı çatıb”. Fəhlə bədən tərbiyəsi və idman təşkilatlarında idmana mənfi münasibət formalaşırdı. İ.P.Kuljinski 1925-ci ildə futbolu, o cümlədən boks, ağır atletika və tennisi ingilis burjuaziyasının qalıqları adlandırırdı.
asılı olmamılıdır
Təsadüfi deyildir ki, bu illər peşəkarların dünya çempionatlarında və Olimpiya oyunlarında iştirakına icazə verilmirdi. Yarışlarda ancaq həvəskarlar iştirak edə bilərdilər. Lakin son vaxtlar vəziyyət dəyişib və həvəskarlarla yanaşı, peşəkarlar da Olimpiya oyunlarına qatılmaq hüququna malikdirlər.
XX əsrin 20-30-cu illəri idman hərəkatında mürəkkəb və ziddiyyətli bir dövr idi və bu hərəkat daha çox siyasi xarakter daşıyırdı. Sənaye və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə idman milli nüfuz demək idi. Çempion, rekordçu, olimpiyaçı təmsil etdiyi ölkənin milli qəhrəmanına çevrilirdi.
Keçən əsrin 30-60-cı illərində idman fəaliyyətinin nüfuz və sosial statusunun kökündən və kəskin dəyişməsi həvəskar idmanı olimpizmə daha da yaxınlaşdırdı. Müasir peşəkar idman əvvəlki formasından fərqlənsə də, burada idmançı və klub, idmançı və məşqçi, eləcə də idmançılar arasında münasibətlər tamam başqa formada idi. Belə halda “Fair play” (“ədalətli oyun”) prinsipi öz əhəmiyyətini itirməyə başlayırdı. Ona görə bu prinsipə riayət olunmurdu, əksinə, burada formal cəhətdən hər şey əla idi, lakin məzmun nöqteyi-nəzərindən “qələbə” prinsipinə güzəşt edilirdi. Məsələn, peşəkar idmanda rəqibin hədələnməsi, yarışdan əvvəl və sonra ona psixoloji təsir göstərilməsi artıq adi hala çevrilmişdi. Burada idmançı sərbəst deyil, o, müqavilənin şərtlərindən, qələbəni təmin edən bir çox mühüm şəxslərdən (məşqçi, menecer, həkim və s) asılı idi.
50-60-cı illər siyasi sabitlik illərinə təsadüf etdiyindən idmanın inkişafı üçün əlverişli şərait yaranmışdı. Əhalinin asudə vaxtını səmərəli keçirməsi dövlətin mühüm sosial vəzifələrindən biri kimi ön plana çəkilmişdi. Bu illərdə müxtəlif səviyyəli beynəlxalq yarışlar, xüsusilə də Olimpiya oyunları böyük əhəmiyyət daşıyırdı. İdman qələbəsi milli dəyər kəsb etməyə başlamışdı. Atletlər və komandalar yarışlarda təmsil etdikləri ölkə, millət və regionun idman şərəfini qoruyurdular.
İdmanın inkişafının yeni səviyyəsi mükəmməl təşkilatçılıq, hazırlıq metodikasının təkmilləşməsi və ciddi elmi tədqiqatlar tələb edirdi. Butün bunlar idman elminin inkişafına böyük imkanlar açırdı. İstifadəyə verilən idman tikililəri- stadionlar, idman sarayları, manej, meydança, trek, üzgüçülük hovuzlarının şəhərin, ölkənin arxitektura gözəlliyi olmaqla yanaşı, həm də yeni mədəni mühitin yaranmasını göstərirdi. Müəyyən tərzdə müasir cəmiyyətin mədəniyyətinə daxil olan idman bədii dəyərlərin istehsal sahəsinə çevrildi.
marağına cavab verməkdir
70-80-ci illərin idmanında dopinqlə bağlı təhlükəli təmayüllər yaranmağa başlayırdı. Son illərdə dopinqə qraşı mübarizə çox kəskin şəkil alıb. Bunu Beynəlxaln Antidopinq Agentliyinin (WADA) apardığı islahatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məqsədyönlü siyasəti də təsdiq edir.
Bütün bunlar, şübhəsiz ki, əvvəllərdə olduğu kimi, həvəskar və peşəkar idman arasında parçalanma prosesinin yenidən baş verməsini istisna etmir. Müasir idmanın inkişaf yolu antik idmanın inkişafını xatırladır. Lakin müasir idman antik idmandan fərqli olaraq, başqa zəmində və istiqamətdə yaranıb.
Maraqlıdır ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun Olimpiya proqramında islahatlar aparması təklifi üzərində işləyən komissiya Olimpiya oyunlarında softbol, beysbol və müasir beşnövçülük üzrə yarışlara tamaşaçı marağının azalmasını bu idman növlərində ancaq həvəskar idmançıların iştirak etməsi ilə izah edib. Lakin təcrübə göstərir ki, müasir dövrdə istər həvəskar, istərsə də peşəkar idman üçün əsas şərt idmansevərlər və tamaşaçıların marağına cavab vermək, onların tələblərinə uyğun hərəkət etməkdir.
Türkay Niftəliyeva