Tarixə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhər kimi düşəcək Pekin bu mötəbər idman yarışına tam hazırdır. Yarışların keçiriləcəyi açıq və qapalı məkanlar, Olimpiya kəndləri, məşq zalları hazır vəziyyətdədir. Ən son texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilmiş inşaat və quraşdırma işlərini yerli və xarici ekspertlər bir neçə dəfə yoxlayıb, müsbət rəy veriblər.
"Olimpiya dünyası” qəzeti bu sayında Pekin-2022 Qış Olimpiya Oyunlarında yarışlara ev sahibliyi edəcək idman qurğuları barəsində məlumatları oxuculara təqdim edir.
14 il əvvəldən
yadigar qalan qənimətlər
2008-ci ildə Pekində keçirilmiş Yay Olimpiya Oyunları üçün inşa edilmiş bəzi idman arenalarından Qış Olimpiya Oyunlarında da istifadə olunacaq. Yarışların keçirildiyi məkanlar təşkilatçılar tərəfindən üç klasterə (bölgə) bölünüb. Pekin klasterində Pekin Milli Stadionu, Milli Konkisürmə Stadionu, Pekin Milli Üzgüçülük Kompleksi, Pekin Dövlət İdman Sarayı, "Ukeson” İdman Mərkəzi, Paytaxt İdman Sarayı və "Biq-eyr Şoqen” tramplini yer alıb.
Pekin Milli Stadionu
2003-cü ilin dekabrında təməli qoyulan stadion 2008-ci ilin mart ayında istifadəyə verilib. İsveçrənin "Hersoq və de Meron” layihə bürosu tərəfindən hazırlanan bu nəhəng idman qurğusu 3,5 milyard (423 milyon dollar) yuana başa gəlib. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan bu arena 91 min azarkeş tutumuna malikdir. "Quş yuvası” kimi tanınan bu məşhur stadion XXIV Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək.
Milli Konkisürmə Stadionu
2017-ci ildə təməli qoyulan bu idman qurğusu 2020-ci ilin sonlarında istifadəyə verilib. 2021-ci il oktyabrın 10-da burada yoxlama məqsədi ilə Cənubi Koreya və Niderland idmançılarının iştirakı ilə yarış keçirilib. Arena 12 min azarkeş tutumuna malikdir.
Məlumat üçün bildirək ki, Pekin-2008 Yay Olimpiya Oyunları zamanı bu stadionun ərazisində otüstü hokkey yarışları keçirilmişdi.
Pekin Milli Üzgüçülük Kompleksi
Pekin Milli Stadionunun yanında yerləşən bu kompleks yay olimpiadası dövründə "Sulu kub” adlanırdı. 2008-ci il yanvarın 28-də rəsmi açılışı olan "Sulu kub” XXIV Qış Olimpiya Oyunları ərəfəsində dəyişdirilərək, "buzlu kub” adlandırılıb. 17 min azarkeş tutumuna malik olan bu idman qurğusunda Qış Olimpiadası dövründə kerlinq yarışları təşkil olunacaq.
Pekin Dövlət İdman Sarayı
Pekin-2008 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan bu idman qurğusunun təməli 2005-ci il may ayının 25-də qoyulub. 2007-ci il noyabrın 26-da arenanın təntənəli açılışı olub. Pekin-2008-də idman gimnastikası, batut və həndbol yarışlarına ev sahibliyi edib. Təxminən 18-20 min azarkeş tutumuna malik olan bu idman qurğusunda Qış Olimpiya Oyunlarının kişilər arasında hokkey yarışları keçiriləcək.
"Ukeson” İdman Mərkəzi
2005-ci ilin martında təməli qoyulan "Ukeson” İdman Mərkəzinin inşası 2008-ci ilin yanvarında başa çatıb. 18 min azarkeş tutumuna malik olan bu idman kompleksi Pekin-2008-də kişilərin və qadınların basketbol yarışlarına ev sahibliyi edib. Qış Olimpiya Oyunları zamanı burada qadınlar arasında hokkey yarışları təşkil olunacaq.
Paytaxt İdman Sarayı
1968-ci ildə istifadəyə verilən idman sarayı Pekin-2008-də voleybol yarışlarna ev sahibliyi edib. 17 min 345 azarkeş tutumuna malik olan idman qurğusu Pekin-2022 Qış Olimpiya Oyunları zamanı fiqurlu konkisürmə və şort-trek yarışlarına ev sahibliyi edəcək.
"Biq-eyr Şoqen” tramplini
Bu idman qurğusu məhz Qış Olimpiya Oyunları üçün nəzərdə tutulub. 2018-ci ilin əvvəllərində təməli qoyulan idman obyektinin açılış mərasimi 2019-cu il noyabrın 1-də keçirilib. Uzunluğu 164, eni 34, hündürlüyü isə 60 metr olan bu qurğuda tramplindən tullanma yarışları təşkil olunacaq.
kölgəsində
Pekin-2022 Qış Olimpiya Oyunlarının keçiriləcəyi yarışlar təkcə paytaxtı əhatə etmir. Belə ki, yarışların digər hissəsi Pekindən 75 km kənarda yerləşən Yançin klasteri ərazisində təşkil olunacaq. Həmin bölgədə Badalin Turizm Mərkəzi yerləşir ki, bu da Böyük Çin Səddinin yaxınlığındadır. Pekin-2022-nin Təşkilat Komitəsi Yançində iki yeni idman qurğusu inşa edib. Bunlardan biri Milli Dağ Xizəyi Mərkəzi, digəri isə Milli Kirşə Bobsley Mərkəzidir.
Milli Dağ Xizəyi Mərkəzi
Syaoxayto dağ massivində yerləşən bu mərkəz 900 metr hündürlükdə, 7 trasdan ibarətdir. 7 tras isə ümumilikdə 21 km uzunluğu əhatə edir. Bunlardan 3-ü xizək yarışları, 4-ü isə məşq üçün nəzərdə tutulub. Həmin əraziyə qar yağıntısının az düşməsi səbəbindən trasların hər biri süni qarla təchiz olunub. Bu kompleksdə azarkeşlər üçün 5 min oturacaq quraşdırılıb. Bundan başqa 3500 azarkeş isə yarışları ayaq üstə izləmək imkanı əldə edəcək.
Qeyd edək ki, çətin dağ relyefində yerləşən bu mərkəz 2013-cü ilin aprel ayının 28-də istifadəyə verilib.
Milli Kirşə Bobsley Mərkəzi
Bu mərkəz Çində ilk, Asiyada isə üçüncü ən böyük idman qurğusu sayılır. 10 min (2 min oturaq, 8 min ayaqüstü) azarkeş tutumuna malik olan arenada Qış Olimpiya Oyunlarının bobsley, kirşə idmanı və skeleton yarışları keçiriləcək.
dağlarına uzanan yol
Çjançzyakou klasterində Qış Olimpiya Oyunlarının xizək yürüşü, xizək ikinövçülüyü, biatlon, tramplindən tullanma və fristayl yarışları keçiriləcək. Dilimizə tərcümədə "Çjan ailəsinin qapısı” adlanan bu klaster Xuanxe çayının sahilində yerləşir. 2015-ci ildən etibarən Çin hökuməti qərara alıb ki, Qış Olimpiadasının bir neçə yarışları məhz Çjançzyakou klasterində keçirilsin. Burada Milli Xizək, Milli Tramplindən Tullanma, Milli Biatlon mərkəzləri, Gentin Qar Parkı, Tayvu və Vanlun mərkəzləri yerləşir.
Milli Xizək Mərkəzi
Çjançzyakou klasterinin Çunli qəsəbəsi demək olar ki, qış idman növləri üçün nəzərdə tutulub. Milli Xizək Mərkəzinin yer aldığı bu məkan 4890 kvadrat metr ərazini əhatə edir. Pekin-2022-də burada xizək yürüşü və xizək ikinövçülüyü yarışları təşkil olunacaq. Ümumilikdə Qış Olimpiya Oyunlarının 12 dəst medalının sahibi məhz bu mərkəzdə müəyyənləşəcək.
Milli Tramplindən Tullanma Mərkəzi
Mərkəzin dizaynı üst baxışdan qədim Çində "arzuların həyata keçməsi üçün istifadə olunan sehirli çubuğ”u xatırladır. "Qarlı Jui” adlanan kompleksin dizaynı Sinxua Universitetinin dizayner komandasının təqdim etdiyi 200 planın içərisindən seçilib. Tramplin 2 cığırdan ibarətdir. HS140 cığırı 136,2 metr hündürlükdə, HS106 cığırı isə 114,7 metr hündürlükdə yerləşir.
2019-cu ildə istifadəyə verilən bu kompleks Qış Olimpiya Oyunlarına xüsusi rəng qatacaq.
Milli Biatlon Mərkəzi
Çunli qəsəbəsinin Tayçziçen kəndində yerləşən bu idman qurğusunun təməli 2017-ci ilin mart ayında qoyulub. 5200 kvadrat metr ərazini əhatə edən Biatlon Mərkəzinin 8,7 km məsafəsi dağ relyefinin payına düşür. Biatlon Mərkəzinin panoramında isə Böyük Çin Səddi xüsusi əhəmiyyət kəsb edir.
Gentin Qar Parkı
2012-ci ilin dekabrın 16-da rəsmi açılışı olan Gentin Qar Parkı Tyanşan dağlarında yerləşir. Bu arena Çunli qəsəbəsinin Tayçziçen kəndində inşa olunub. Parkın ərazisində isə Yundin Xizək Parkı yerləşir. Burada Olimpiya Oyunları zamanı fristayl və snoubordun xafpayp yarışları, eləcə də Qış Paralimpiya Oyunlarının 20 yarışı keçiriləcək.
Tayvu və Vanlun mərkəzləri
Tayvu Krort Mərkəzi Çjançzyakou klasterinin ərazisində yerləşir. Burada olimpiada zamanı fristayılçılar sloupstayl və ski-kross, snoubordçular isə sloupstayl və snoubord-kross növlərində yarışacaqlar. Hündürlüyü 580 metr olan Vanlun Xizək Mərkəzi də Qış Olimpiya Oyunlarının keçiriləcəyi idman obyektərindən biridir.
Pekin-2022-də mübarizə aparacaq fristayılçılar akrobatika və moqul növlərində, snoubordçular isə paralel məsafələrdə yarışacaqlar.
xidmət edəcək
İdmançıların yarışacağı obyektlərdən danışırıqsa, onların oyunlar zamanı qalacağı Olimpiya kəndi haqqında da məlumat vermək vacibdir. Qeyd etdiyimiz kimi, Çin hökuməti olimpiadaların təşkili üçün 3 klasterdən istifadə edib. Bu klasterlərin hər birində Olimpiya kəndi mövcuddur. Təşkilat Komitəsi idmançıların rahatlığı və vaxt itkisini nəzərə alaraq bu addımı atıb. Məlumat üçün bildirək ki, ümumilikdə üç kəndin ərazisi 330 min kvadrat metri əhatə edir. Çinlilər bu kəndlərdə 20 bina inşa ediblər. Sonradan həmin yaşayış yerləri yerli sakinlərə təklif olunacaq.
Olimpiya kəndlərinin inşası 5 ilə başa gəlib. Təşkilatçılar çalışıblar ki, həmin kəndlər ekoloji cəhətdən insanlara xidmət edə bilsin. Çinlilər düşünürlər ki, bu arzuları həyata keçib. Məsələn, Yançindəki Olimpiya kəndi salındığı vaxt 130 ağac toxunulmadan qalıb. Burada əlavə olaraq 24 min ağac əkilməklə Olimpiya meşəsi yaradılıb. Kəndlərdəki binalar Çin üslubunda inşa olunub ki, idmançılar həmin üslubdan zövq ala bilsinlər. Yançindəki kənd dəniz səviyyəsindən 900 metr hündürlükdədir. Binalardakı korpusların hər biri yüksək dərəcədə isitmə sistemi ilə təchiz edilib. Olimpiada iştirakçıları olan xizəkçilər yarış yerinə kanatla qalxıb, elə xizəklə də qayıda biləcəklər.
Olimpiya kəndlərindəki otaqlar tək və cüt nəfərlik nəzərdə tutulub. Daxildəki isitmə sistemi və digər yeniliklərin hamısı smartfonla idarə olunacaq. Yataq dəstləri istənilən hündürlüyə qaldırıla bilər. Tokio Olimpiadasında olduğu kimi, burada da çarpayılar kartondan hazırlanıb.
İdmançıların məşq etməsi üçün 27 fitnes, 139 trenajor qurğusu yerəşdirilib. Fitnes mərkəzi karantin qaydalarına əməl edilmək şərtilə 24 saat idmançılara xidmət edəcək. İdmançılar üçün kəndin daxilində bank, kofe və suvenir mağazaları xidmətləri mövcuddur.
Kəndlərdəki klinikalarda idmançılar tibbin 18 xidmətindən, eləcə də cərrahiyədən yararlana biləcəklər. 200 tibb personalının fəaliyyət göstərdiyi klinika gün ərzində 16 saat idmançıların ixtiyarında olacaq. Əgər hər hansı bir idmançının koronavirus testi müsbət çıxarsa, o təcili tibbi yardım avtomobili vasitəsi ilə kənddən kənardakı xəstəxanalara yönləndiriləcək. Bu, təkcə bir idmançını əhatə etməyəcək, onunla təmasda olan idmançılar da nəzarətə götürüləcək. Xüsusi sanitar xidməti isə onların otağını və həmin ərazini dezinfeksiya edəcək.
Kəndin ərazisində robotlar hərəkət edəcək. Onlar tez-tez idmançılara maska taxmağı, gigiyena qaydalarına riayət etməyi və kənar təmasdan uzaq olmağı xatırladacaq. Robotların işi təkcə bununla bitmir. Belə ki, robotlar dezinfeksiya, kuryer xidmətində, bələdçilikdə insanlarla yanaşı, işləyəcək. Hətta onlara kafelərdə də rast gəlmək mümkün olacaq. Bir sözlə, robotlar 3-4 insanın gördüyü işi yerinə yetirəcək.
Təşkilatçılar 4 il Olimpiya menyusu üzərində işləyiblər və yekun nəticədə 678 qidanı müəyyənləşdiriblər. Burada pəhriz, vegeterian və halal qidalar xüsusi nəzərə alınıb. Lakin yeməklərin daxilində istiot və dəfinə yarpağı olmayacaq. Təşkilatçılar düşünür ki, bu ədəvalar dopinq testlərində müsbət nəticə verə bilər. Yeməkxana daxilində də karantin qaydalarına xüsusi riayət ediləcək.
Anar Əhmədov