Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsinə yekun vurulub. 30 idmançının mübarizə apardığı yarışda Azərbaycan təmsilçisi Yekaterina Ryabova da buz üzərinə çıxıb. İdmançımız yarışda 24-cü çıxış edib. Hakimlər onun çıxışını 61,82 xalla qiymətləndiriblər. Yekaterina Ryabova bu nəticə ilə 30 idmançı arasında 16-cı olub. Beləliklə, "24-lüy"ə düşən idmançımız fevralın 17-də sərbəst proqramda iştirak etmək hüququ qazanıb. Qadın fiqurlu konkisürənlərin fərdi yarışının qalibi qısa və sərbəst proqram üzrə qazanılan xalların cəminə əsasən müəyyən olunacaq.
Qısa proqramda birinci yeri Rusiya Olimpiya Komitəsinin təmsilçisi Kamila Valiyeva tutub. Adı dopinq qalmaqalında hallanan tatarıstanlı idmançı 82,16 xal toplayıb. Onun həmyerlisi Anna Şerbakova 80,20 xalla ikinci, yaponiyalı Kaori Sakamoto isə 79,84 xalla üçüncü olub.
Pekin-2022: Yekaterina Ryabova qısa proqramda çıxışını başa vurdu