Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün vətənə qayıdırlar. 3 qızıl və 2 gümüş medal qazanan karateçilərimizin komanda yarışlarında möhtəşəm qələbəsi, zala toplaşan bütün azarkeşlərin rəğbətinə səbəb oldu. İdmançılarımızın uğurunda yığma komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun əməyi xüsusi qeyd edilməlidir. Hər bir idmançısı ilə birgə gərgin anlar yaşayan, döyüşdən öncə taktikanı müəyyənləşdirən məşqçi ilə karate yarışları başa çatdıqdan sonra söhbətləşdik.
- Rəhman müəllim, komandadan bu nəticəni gözləyirdinizmi?
- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələrdir. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rəfael Ağayevin qələbəsinə şübhəm yox idi və o yenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayevlə Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi isə uzun müddətdir zədədən sonra ilk dəfə idi ki, belə böyük yarışda iştirak edirdi. Buna baxmayaraq bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, III İslam Həmrəyliyi Oyunlarında 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.
- Komanda yarışının final döyüşü daha maraqlı oldu.
- Bəli. Karateçilərimiz həmişə fərdi yarışlarda uğur qazansalar da, belə böyük turnirdə komanda yarışlarında ilk dəfə idli ki, döyüşürdülər. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən də, finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti həm atletik, həm də çəki meyarlarına görə bizimkindən fərqlənirdi. Lakin bizim uşaqların əzmkarlığı qarşısında İran karateçiləri dayana bilmədilər. Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman nazirinin müavni İsmayıl İsmayılovun yarışları tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratmışdı.
- Əgər zədə problemi olmasa, hazırkı heyət neçə il döyüşmək imkanına malikdir?
- Hazırda komandanmızın ən gənc üzvünün 21, Ən böyüyünün isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli əgər zədə problemi olmasa, bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilk dünya çempionu olsam da, zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.
- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə varmı?
- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət hec zaman zəifləmir.
Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilər dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər.