Noyabrın 14-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək. Yeddi gün davam edəcək mundailda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Meksikada ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandost və böyüklər arasında məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanov (87 kq) iştirak edəcəklər. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq. Dünya çempionatında ədaləti qoruyacaq referilər sırasında beynəlxalq dərəcəli hakim Aygül Abdyllayeva da yer alacaq.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edəcəklər. 2023-cü ildə dünya çempionatı Bakıda keçiriləcəyindən yığma Meksikaya geniş tərkiblə yollanacaq. Bu səfər Qvadalaxarada mundial başa çatdıqdan sonra yarışın keçici bayrağının Azərbaycana verilməsinə və bir sıra texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına hesablanıb.
Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.
Qeyd edək ki, idmançılarımızdan noyabrın 15-də T.Süleymanov, C.Ağayevlə P.Abakarova, ayın 17-də E.Qafarov, bir gün sonra S.Həmidreza dayanaq üzərinə çıxacaqlar. Noyabrın 19-da S.Dadaşov, yarışın sonuncu günündə isə Q.Maqomedov və M.Əkbərova mübarizəyə başlayacaqlar.
Dünya çempionatına yolanacaq heyyət müəyyənləşdi