Əvvəlcə dövlətimizin
başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı. Prezident
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən
ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki,
bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə
yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə
uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı
vardır. Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri
ilə görüşdü. Dövlətimizin başçısı mərasimdəki çıxışında jurnalistləri peşə
bayramı münasibətilə təbrik edərək bildirdi: «Bu bayram günündə biz gözəl binanın
açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu gün
istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Deyə bilərəm
ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir.
Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır». Dövlət başçısı
daha sonra çıxışında bu ərazidə yeni infrastruktur obyektlərinin yaradılmasının
nəzərdə tutulduğunu qeyd etdi. Ölkə Prezidenti bildirdi: «Bu evdə mənzil alan
jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif
siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada
aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə
yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə
çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam
ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə təmin
edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv
etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura
olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o
gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və
bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir». Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ölkədə vicdan azadlığı, din azadlığının tam təmin edildiyini, beynəlxalq təşkilatların
bu sahədəki işlərə yüksək qiymət verdiyini vurğuladı. Ölkə Prezidenti
jurnalistlərin öz məsuliyyətini daha da dolğun şəkildə dərk etdiyini, onların
daha çox həqiqəti əks etdirən yazılar dərc etdiklərini diqqətə çatdırdı. Ölkə
başçısı Azərbaycanda gənc peşəkar jurnalist kadrlarının hazırlanması istiqamətində
dövlət tərəfindən lazımi işlərin bundan sonra da görüləcəyini bildirdi. Ölkə başçısı
İlham Əliyev jurnalistlərin vətənpərvərliyinin çox böyük əhəmiyyətə malik olan
bir məsələ olduğunu dedi: «Biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq,
azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir.
Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk
növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər
hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan
problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə
fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası,
öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər
ölkə daxilində həllini tapmalıdır.
Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa,
hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik». Ölkə başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının xarici mətbuatda işıqlandırılması
ilə bağlı daha da böyük işlər görülməsinin vacibliyindən söz açdı: «Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını
dolğun şəkildə xarici mətbuata çatdıraq». Cənab İlham Əliyev bundan sonra da
jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlərin
görüləcəyini vurğuladı. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək 8
il əvvəl – 2005-ci ildə jurnalistlərin arzu və təkliflərinin nəzərə alınaraq
"Əməkdar jurnalist” adının bərpa edildiyinə görə cənab İlham Əliyevə minnətdarlığını
bildirdi: «Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada
layiq görüldü. Həmin gün daha 96 jurnalistimiz orden, medal,
"Əməkdar Mədəniyyət İşçisi” fəxri adı və prezident təqaüdü ilə təltif olundu.
Bu təltiflər milli mətbuatımızın cəmiyyətdəki yerinə, jurnalist peşəsinə verilən
son dərəcə böyük dəyər idi». O ölkəmizdə medianın inkişafının həmişə diqqət mərkəzində
olduğunu, mediamızın dövlətin dəstəyini hər zaman hiss etdiyini dedi. Mətbuat Şurasının sədri jurnalistlərin məişət şəraiti ilə bağlı
olaraq onlara mənzil tikintisini nəzərdə tutan Sərəncamın imzalanmasının KİV nümayəndələri tərəfindən böyük sevinclə qarşılandığını bildirdi. O,
Azərbaycan dövlətinin media siyasətinin, mövcud istiqamətdə başlanmış proseslərin
bundan sonra da davamlı xarakter alacağına əmin olduğunu vurğulayaraq dedi: «Bu
gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü
və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu
xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə,
siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin
bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən Bəy Zərdabinin, həm də
müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu
şad etdiniz. Hər şeyə görə bir daha təşəkkür edirik!», -deyə o əlavə etdi.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin
(AzərTAc-ın) bölmə müdiri Bətul Ayvazlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
bütün həmkarları adından jurnalistlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini
bildirən rəmzi lenti kəsdi. Dövlətimizin başçısı binada "İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı
müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı,
68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün
isə 120 kvadratmetrdir. Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın
əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu. Binadakı mənzillərin
hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa
ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli
və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir.
Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.