Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının
(İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilmişdir.
Assambleya çərçivəsində İHİF-yə üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs vermişlər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir. Assambleyada Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr İdarəsinin rəisi və "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-un beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakının təqdimatı ilə çıxış etmişlər. Tədbir çərçivəsində "Bakı-2017” namizədlik kitabının təqdimatı da keçirilmişdir. IV İslam Həmrəyliyi Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək olan tarixi əhatə edəcək. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür” seçilmişdir. Yarışda Azərbaycanın 160 idmançısı mübarizə aparacaq. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində İHİF-nin 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-nın vitse-prezidenti seçilmişdir. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi və "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva seçilmişdir. Qeyd edək ki, Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir. Məlumat üçün bildirək ki, 2015-ci ildə İHİF-in növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi haqda qərar qəbul olunmuşdur.