Ulduzların yarımçıq qalan arzuları

Ulduzların yarımçıq qalan arzuları

Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatı başa çatmaq üzrədir. Artıq bu gün və sabah təşkil olunan matçlardan sonra final və üçüncü yer uğrunda mübarizə aparacaq yığmaların adları müəyyənləşəcək. Bu gün Xorvatiya Argentinanı, sabah isə Mərakeş Fransanı sınağa çəkəcək.
Yarıfinala vəsiqə əldə edən komandalar bu mərhələyə qədər ən güclü yığmaları mübarizədən kənarlaşdırdılar. Braziliya, Niderland, Portuqaliya və İngiltərə kimi rəqiblər hazırda evlərinə qayıdıblar. “Olimpiya dünyası” qəzeti mundialla bağlı silsilə yazılarını çoxsaylı oxucularına təqdim edir.             
 


 
“Sarı saçlı sambaçılar, damalı xorvatlar”
 
Onlar yaxşı futbolçulara malik idilər. Hətta Qətərə ən yaxşılardan ibarət 3 yığma futbolçular gətirmək imkanı olsaydı Braziliya bunun öhdəsindən gələrdi. Bəs bu tərifli futbolçuları bir araya yığıb, çempionluğa gedən yolu davam etdirmək nə üçün mümkün olmadı? Bunun bir neçə səbəbi var. Birinci səbəb onlar yığmada ayrı-ayrı fərd kimi çıxış etməyi xoşlayırlar. Onlar düşünürlər ki, hər biri matçın müqəddəratını həll etməyə qadirdirlər. Bu bəzi məqamlarda öz sözünü  Kazemironun vurduğu qolla deyə bilmişdi. Braziliyalı futbolçularda təkəbbür və lovğalıq həddindən artıqdı. Onlar hər qələbədən sonra samba rəqsləri ilə həmdə rəqiblərə yuxarıdan aşağı baxırdılar. Bu isə gələcək rəqiblərin diqqətindən yayınmırdı. Cənubi amerikalılar arxayınlığın qurbanı oldular. Səbəblərdən digəri isə rəqibin, yəni Xorvatiyanın ehtiyatlı və mübariz çıxışı oldu. Mundial sübut edir ki, Avropa futbolu dominantdır. Avropalılar hər məqama diqqətlə yanaşırlar. Braziliya isə qələbələrdən arxayın olan bir kollektivdir, daha dəqiq, idilər. Xorvatiyanın isə 4 il əvvəl final təcrübəsi var. Yaşlı kollektivə malik olan Zlatko Daliçin komandası sığortalı oyun nümayiş etdirir. Braziliya komandası Neymarla irəli getmək istədi, amma Luka Modriç komanda yoldaşları ilə birlikdə əl-ələ verib, yarımfinala layiq olduğunu sübut etdi. Hələ onlar Messidən asılı olan Argentina yığmasını da Qətərdən yola sala biləcək qədər təcrübəlidirlər.


 “Santuşun komandası nə üçün üşüyür?”
 
Portuqaliya Qətərdəki mundialın səssiz favoriti idi. Səssiz ona görə ki, Ronaldunun nüfuzu və adı altında onlar qələbələri sıralayırdılar. Həyatda olduğu kimi, millidə də bir lider və bir amalı rəhbər tutub, irəli getmək olur. Ronaldo mundiala onsuz da qalmaqalla gəlmişdi.  “Mançester Yunayted”lə məlum söz-söhbəti bir kənara qoyub, milli komanda üçün Qətərə gələn Ronaldonun arzusu dünya çempionu olmaq idi. O bundan əvvəl Avropa çempionu, o qədərdə nüfuz qazana bilməyən Millətlər Liqasının qalibi olanda komandasının əsas qüvvəsi olduğunu hamıya sübut etmişdi. Baş məşqçi Fernandu Santuşa öz məsləhətlərini verən dünyanın ən yaxşı futbolçusu sonradan bu məsləhətlərə qulaq asmadı. Ronaldo elə bir fiqur idi ki, ondan düzgünistifadə etməmək yalnız matla nəticələnə bilərdi. Necə ki, nəticələndi. Santuş elə bildi ki, Ramuş kimi futbolçulara imkan yaradıb, Ronaldonu ehtiyatda saxlayanda qələbə ardıcıl gələcək. Bəli, Ronaldonun özündən razılığı var. Amma onun buna haqqı da var. Rəqib nə qədər güclü olursa olsun, əsas heyətdə Ronaldunu görürsə, onun planları dəyişməli olur. O, meydanda topla möcüzələr yarada bilən ən yaxşı futbolçudur. Pərdəarxası məqamları bilməsək də, Mərakeşlə oyun belə bitməli deyildi. Ən azından qollar bir-birini əvəz etməli, oyunda qalib qol fərqilə müəyyənləşməli idi. Ronaldo stadionu göz yaşları ilə tərk etməli deyildi. Bunun səbəbkarı Santuşun Qətərə gətirdiyi heyətin bir-birinə qarşı etinasızlığı idi. Budur mundial davam edir. Amma Portuqaliya millisi Qətəri tərk edib. Hörmətli Santuş və onun futbolçuları, Avropaya qayıtdıqdan sonra soyuğu hiss edirsiniz?
 
 
 
 
Niderlandda yetişmiş qapıçı yox idi
 
Niderland millisi mundialın rəngini dəyişmişdi. Dünya çempionatından əvvəl mütəxəssislər tərəfindən “narıncılar”favorit sayılmasa da, onlar sonradan baxımlı oyunları ilə dünya çempionatını izləyənlərin yaddaşında yaxşılardan biri kimi qaldılar. Yüksək bacarığa malik kollektivlə Qətərə gələn 71 yaşlı Lui van Qaalın komandası sanki, bir qədər tez məğlub oldular. Bəlkə də bu məğlubiyyətin fərqli səbəbləri var idi. Bir səbəbi qeyd edək ki, komandanın bir qapıçıdan başqa digər mövqedə istedadlı futbolçuları var idi. Avropanın aparıcı klublarıni futbolçu ilə təmin edən Niderland futbolu yaxın bir neçə ildə seçim etmək üçün qapıçı yetişdirə bilmədi. Andris Noppertə ümid edən van Qaal gənc qapıçının xidmətlərindən yararlanmaq istəsə də, təcrübəsizlik öz sözünü dedi. Argentina ilə matçda rəqibə xırda məqamlarda boşluq verən “narıncılar” gərginliyi dəf edə bilmədi. Bunun nəticəsində də aqressiv rəqiblə görüşdə sonluğu gətirə bilmədilər. Sonluq isə penaltilərdən ibarət idi. Niderland millisi bu və ya digər səbəblərdən geriyə dönməyə məcbur oldular.  

 


Futbolun vətəninə əliboş qayıdan 
vətənpərvərlər

 
DÇ-2022-də öz məqsədini yarmıçıq qoyan digər bir yığma komanda isə İngiltərə millisi oldu. 1966-cı ildən bəri mundiallarda sonluğu gətirə bilməyən İngiltərə yığmasının azarkeşləri Tofiq Bəhramovu hələ də unutmayıblar. Sonuncu dəfə öz ölkələrində çempionluq sevinci yaşayan İngiltərə futbolçuları Qətərdə də istəyinə nail ola bilmədilər. İran, Uels və ABŞ milli komandaları ilə qrup görüşlərində uğurla çıxış edən, 1/8 finalda isə Seneqalı mübarizədən kənarlaşdıran Qaret Sautqeytin komandası Fransa səddini keçə bilmədi. Onlar mərhələnin kandarından keçmək üçün cəmi bir şansdan istifadə etməli idi. Bu məsuliyyəti isə Harri Keyn öz üzərinə götürdü. Matçda bir dəfə “Tottenhem”dəki komanda yoldaşı Uqo Llorisi məyus edən kapitan ikinci penaltini vurmalı deyildi? Şans iki dəfə ardıcıl uğur gətirmir. O, məqamda yeganə ümid yeri niyə məhz Keyn olmalı idi? Qapı çərçivəsinin üstündən gedən həmin top ingilisləri səmaya qaldırdı. Artıq onlar öz vətənindədirlər. Məlum oldu ki, futbolun vətəni və Avropanın ən güclü çempionatına sahib olan İngiltərə hələ də mundialdakı çempionluğa hazır deyil. Lakin Fransa millisinə qalib gəlmək olardı.
Bu sayımızı 1/4 final mərəhəsində məğlub olan komandalara həsr etdik. Növbəti sayımızdakı təhlili yazını isə finala qədər gedən, lakin çempionluq titulunu əldən verən digər mübariz komandalara həsr edəcəyik. Çempionlar isə müzakirə olunmur.

 

 Anar Əhmədov