Uğurları ilə fərqlənən idman məktəbi

Uğurları ilə fərqlənən idman məktəbi


Bakının Abşeron rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi qabaqcıl idman ocaqlarından biridir. Ötən illər ərzində idman məktəbində çoxsaylı istedadlı idmançılar yetişib. Xatırladaq ki, 2012-ci ildə məktəb 40 illiyini qeyd edib. Keçən il idman məktəbi Təhsil Nazirliyinin seçiminə əsasən, ötən ilin ən yaxşı idman məktəbi adına layiq görülüb. Məktəbin yetirməsi Ruslan Surxayev isə ən yaxşı idmançı adını qazanıb. İdman ocağı 2011-ci ildə də ilin ən yaxşı məktəbi nominasiyası üzrə qalib olub. Abşeron UGİM-in təcrübəli məşqçisi Qırxlar Bədəlov 2012-ci ildə əməkdar məşqçi adını alıb. Ötən il idman ocağının yetirmələrindən Türkan Nəsirova, Cahid Həsənzadə, Ruslan Surxayev və Pərviz İbrahimov idman ustası normasını yerinə yetirib. Bundan başqa, Abşeron UGİM-in 4 güləşçisi yüksək nailiyyətlərinə görə, imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olub. İdman ocağında sərbəst güləş, qadın güləşi və futbol bölmələri fəaliyyət göstərir. Burada 46 (36 güləş, 8 futbol) qrupda 444 uşaq idmanın sirlərinə yiyələnir. Uşaqların fiziki tərbiyəsi ilə 26 məşqçi-müəllim məşğul olur. Uşaq-Gənclər İdman Məktəbinin iki güləş zalı, bir futbol meydançası, trenajor və saunası var. Abşeron UGİM-in direktoru, Azərbaycan Güləş Federasiyasının 2 saylı nümayəndəliyinin sərbəst güləş üzrə baş məşqçisi Mais Məsimov bildirdi ki, rayonda idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Bu da təmsilçilərimizin müxtəlif yarışlarda uğurlu çıxışına zəmin yaradır: "Abşeron rayonunda uşaq və gənclərin idmanla məşğul olması üçün idman klubları, məktəblər fəaliyyət göstərir. İdmana həvəsi olan hər bir kəs burada maraq göstərdiyi idman növü ilə məşğul ola bilər. Yetirmələrimiz də onlara bəslənilən ümidləri doğruldurlar. Beynəlxalq arenalarda ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. İdman ocağının yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq arenalarda keçirilən yarışlarda ciddi rəqibə çevriliblər. Ötən illərdə yüksək nəticələr göstərən idmançılarımız 2012-ci ildə də uğurları ilə fərqləndilər. Qeyd edim ki, ötən il məktəbimizin 40 illiyi oldu. Təmsilçilərimiz uğurlu çıxışları ilə idman ocağına öz hədiyyələrini verdilər. Güləşçilərimizin uğurları bizi çox sevindirir. Çünki biz bu nəticələrimizlə Azərbaycan güləşinə öz töhfəmizi veririk. Fürsətdən istifadə edib bizə göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk”. Məktəbin yetirmələrinin bir neçəsi hazırda böyüklərdən ibarət mili komandanın heyətindədir. İdman ocağının güləşçilərindən 8-i gənclər, 5-i yeniyetmələr, 2-si isə məktəblilərdən ibarət yığma komandanın üzvüdürlər. Abşeron UGİM-in güləşçiləri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışları ilə yadda qalıblar. Ötən il Ukraynada təşkil olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə Ənvər Cəfərov üçüncü, sərbəst güləş üzrə Sahilə Ələkbərova qızıl medal qazanıb. Rusiyada keçirilən beynəlxalq turnirdə Roman Bəkirov (sərbəst güləş) üçüncü olub. Fevral ayında sərbəst güləş üzrə keçirilən beynəlxalq yarışda Yaşar Əliyev və Hacı Əliyev də üçüncü yeri tutublar. İdman məktəbinin yetirmələri Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar. Mayın 12-13-də Bakıda keçirilən Dünya kubokunda məktəbin yetirməsi Hacı Əliyev birinçi olub. İyun ayında Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında təşkil olunan Avropa birinciliyində Pərviz Axundov bürünc medal qazanıb. Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələri hərbçilərinin çempionatında Roman Bəkirov bütün rəqiblərindən üstün olub. İdman ocağının 3 idmançısı - Ruslan Surxayev, Cahid Həsənzadə və Sahilə Ələkbərova Polşada yeniyetmələr arasında keçirilən Avropa birinciliyində müvafiq olaraq, qızıl, gümüş və bürünc medal qazanıblar. Yeniyetmələr arasında paytaxtımızda təşkil olunan dünya birinciliyində Cahid Həsənzadə qızıl, Ruslan Surxayev və Türkan Nəsirova gümüş medal əldə ediblər. Sentyabr ayında Tailandda gənclər arasında təşkil olunan dünya birinciliyində Ruslan Surxayev ikinci yeri tutub.



Bu il Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə məktəbin yetirmələri 2 burunc medal əldə ediblər. Avropa çempionatında Yaşar Əliyev üçüncü olub. İranda keçirilən beynəlxalq turnirdə isə Roman Bəkirov bürünc medal qazanıb. Türkan Nəsirova Ankara turnirində üçüncü yerlə kifayətlənib. Dağıstanda təşkil olunan yarışda Hacı Əliyev qızıl medala sahib çıxıb. Arif Hüseynov isə yeniyetmələr arasında ikinci olub. Sahilə Ələkbərova Türkiyədə təşkil olunan yarışda üçüncü nəticə göstərib. Yeniyetmələrin Avropa birinciliyində Türkan Nəsirova bürünc medala sahib çıxıb. Gənclər arasında keçirilən Avropa çempionatında Ruslan Surxayev qızıl, Ruslan Qasımov isə gümüş medala sahib çıxıb. İyul ayında Kazanda təşkil olunan Tələbələrin Ümumdünya Universiadasında Hacı Əliyev üçüncü yerlə kifayətlənib. Qeyd edək ki, Abşeron UGİM-in futbolçuları da yarışlarda iştirak edir, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. "Təhsil” Respublika İdman Mərkəzinin futbol üzrə açıq respublika birinciliyində rayonun futbol komandası ikinci yeri tutub. İnanırıq ki, məktəbin yetirmələri onlra bəslənilən etimadı bundan sonra da dogruldacaqlar.