Cəfər Hümbətov: “Olimpiya oyunlarının iştirakçısı olmaq hər bir insanın arzusudur”

Cəfər Hümbətov: “Olimpiya oyunlarının iştirakçısı olmaq hər bir insanın arzusudur”

Cəfər Hümbətov sərbəst güləş üzrə məktəblilər arasında iki dəfə Azərbaycan çempionu olub. Məktəblilərin SSRİ birinciliyində üçüncü yerə layiq görülüb. Yaşlılar arasında milli güləş üzrə ikinci yeri tutub. Sərbəst güləş üzrə respublika dərəcəli hakimdir. "İdman əlaçısı” və əməkdar məşqçi adına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif olunub. 2006-cı ildə əməkdər bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb. "Təhsil”Respublika İdman Mərkəzinin direktorudur.




Cəfər Hümbətov 3 Olimpiya oyunlarının iştirakçısıdır. Azərbaycan nümayəndə heyətinin tərkibində iştirakçısı olduğu hər bir olimpiada onun yaddaşında özünəməxsus silinməz izlər buraxıb. Yəqin ki, dörd ildən bir keçirilən dünyanın möhtəşəm oyunlarında yaşadığı unudulmaz anlar ömrü boyu xoş xatirə kimi Cəfər müəllimin yaddaşından silinməyəcək. "Unudulmaz anlar” rubrikasının budəfəki qonağı olan Cəfər Hümbətov Olimpiya oyunları ilə bağlı xatirələrini "Olimpə doğru”nun çoxsaylı oxucuları ilə bölüşdü.

- Azərbaycan nümayəndə heyətinin tərkibində Afina-2004, Pekin-2008, London-2012 Olimpiadalarının iştirakçısı olmuşam. Hər üç Olimpiya oyunlarında "Təhsil” Respublika İdman Mərkəzinin idmançıları da ağır atletika, boks, üzgüçülük və taekvondo idman növlərində qüvvələrini sınayıblar. Əlbəttə ki, Olimpiya oyunlarının iştirakçısı olmaq hər bir insanın arzusudur. Maraqlıdır ki, Olimpiya oyunlarında qalib gəlmiş idmançı haqqında heç vaxt keçmiş Olimpiya çempionu ifadəsi işlənmir. Bu yarışın mötəbərliyindən xəbər verir.



"Orada olduğumuz müddətdə Azərbaycanı təbliğ etmək məqsədilə əcnəbilərə ölkəmiz haqqında məlumat verirdik”



- 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarında hotellərdən birində, Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında isə nümayəndə heyətinin tərkibində Olimpiya kəndində qalmışam. Pekin Yay Olimpiya Oyunlarının açılış mərasimində komandamızla birgə stadiona daxil olaraq olimpiadanın həyəcanını yaşamışam. Qeyd edim ki, Afina Olimpiadasına ikinci heyətlə yola düşmüşdüm. Elə alındı ki, mənim olimpiadaya gəlişim Fərid Mansurovun medal qazandığı ərəfəyə təsadüf etdi. Fəridin final qarşılaşması Afina Olimpiadasında ən həyəcanlı anlardan biri idi. Biz bu görüşü tribunadan izləyirdik. Hakimin Fəridin çempionluğunu təsdiqləyən işarəni verməsindən sonra Azərbaycan nümayəndə heyətinin sevincini təsəvvür etmək çətin idi. Biz o qədər sevinirdik ki, bir-birimizi qucaqlayır, öpür, bağrımıza basırdıq. Hamı sevinc içərisində bir-birini təbrik edirdi. Çempion olduqdan sonra Fərid döşək üzərində dövrə vururdu. O bizə tərəf qaçıb bayrağı almaq istəyəndə biz Fəridi qollarımızın üstünə qaldırdıq, öpüb qucaqladıq və onu bayraqla yarış döşəyinə yola saldıq. Həmin anları sözlə ifadə etmək mümkün deyil. Bir azərbaycanlı kimi qürur, fəxr hissi keçirirdik. Olimpiadaya gedərkən özümüzlə Azərbaycanın rəmzlərini, müxtəlif nişanlar, kitabçalar aparmışdıq. Orada olduğumuz müddətdə Azərbaycanı təbliğ etmək məqsədilə əcnəbilərə həmin nişanlardan verir, Azərbaycanın bayrağını göstərir, ölkəmiz haqqında məlumatlar verirdik.


"Bakı və Afina şəhərləri bir-birlərinə çox bənzəyir”


Afinada yerli sakinlər bizə xoş münasibət göstərirdilər. Onu da deyim ki, Bakı və Afina şəhərləri bir-birlərinə çox bənzəyir. Çünki hər iki şəhər dənizin sahilində yerləşir. Afina və Bakının dənizkənarı bulvarları, çimərlikləri bir-birinə çox oxşayır. Yunanıstan qədim, qədim olduğu qədər də zəngin mədəniyyətə malikdir. Orada Afinanın qədimliyi qorunub saxlanılıb. Olimpiada zamanı şəhərin bir çox tarixi, görməli yerlərində olduq. Oradakı Akropollara getdik. İnsan bu cür tarixi yerlərdə olarkən xoş və qeyri-adi hisslər keçirir və bu hisslər bütün həyatı boyu onunla yaşayır. Hamıya məlumdur ki, ilk qədim Olimpiya Oyunları məhz Yunanıstanda keçirilib. Yunanlar Olimpiya Oyunlarını onun qədim beşiyində yüksək səviyyədə təşkil etməyə nail olmuşdular.


"Lövhəcik üzərindəki şəkillərdən yeməyin məhz nədən hazırlandığını bilmək olurdu”


Pekin və London Yay Olimpiya Oyunları da təşkilatçılıq baxımından Afinadan geri qalmırdı. Çinə yola düşərkən bizi bir sual çox narahat edirdi - "Biz Çində, özünəməxsus mətbəx ənənələri olan bu ölkədə nə yeyəcəyik?” Amma narahatlığımız əbəs yerə imiş. Burada nümayəndə heyətinin və iştirakçıların yüksək səviyyədə qidalanması üçün müvafiq şərait yaradılmışdı. Pekin şəhərində minlərlə insanın qidalanması üçün yeməkxanalar var idi. Məlumat lövhəsində türk dilində də halal yeməklər bölümünün olması bizi hədsiz sevindirdi. Lövhəcik üzərindəki şəkillərdən yeməyin məhz nədən hazırlandığını bilmək olurdu. Olimpiya oyunlarının rəsmi açılışından öncə Pekində, Olimpiya kəndində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin olimpiyaçılarla görüş oldu. Cənab Prezident idmançıların yaşayış şəraiti ilə maraqlandı və onlarla söhbət etdi. Bu görüş idmançılarda böyük ruh yüksəkliyi yaratdı. Qeyd edim ki, Olimpiya kəndində idmançılar və qonaqlar üçün hər bir şərait yaradılmışdı. İki nəfərlik otaqlarda televizor, soyuducu, telefon və s. var idi. Oradakı yeməkxana günün 24 saatı işləyirdi. Foyelərdə çay, kofe içmək üçün su qızdırıcıları var idi. İstirahət, əyləncə üçün xüsusi mərkəzlər fəaliyyət göstərirdi. Olimpiya kəndindəki Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı binada dövlətimizin bayrağı asılmışdı. Azərbaycan Milli Olimpiya Komitəsinin rəmzlərini əks etdirən nişanları böyük həvəslə idmançılara və əcnəbi qonaqlara hədiyyə edirdik. Olimpiya oyunları sülhü, dostluğu və qardaşlığı özündə təcəssüm etdirir. Möhtəşəm idman tədbirində dünyanın müxtəlif ölkələrindən gəlmiş idmançılar biri-biri ilə ünsiyyət yaradır, tanış olur, fikir mübadiləsi aparırlar. Azərbaycanlı idmançıların da bu cür imkanı var idi. Maraqlıdır ki, əcnəbi ölkələrin nümayəndələri Azərbaycanda inkişaf edən idman növləri ilə maraqlanırdılar. Qeyd edim ki, hər bir Olimpiya oyunlarından əvvəl yarışların keçrildiyi şəhərdə "Azərbaycan günü” təşkil edilir. Bu tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi nümayiş etdirilir. "Azərbaycan günü”ndə ölkə başçısı, cənab Prezident İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, müxtəlif ölkələrin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Avropa Olimpiya Komitəsinin (AOK) nümayəndələri iştirak edirdilər.



"Cüt günlər cüt nömrəli, tək günlər isə tək nömrəli maşınların hərəkətinə icazə verilirdi”

Pekin-2008 Olimpiadası çox yüksək səviyyədə təşkil edilmişdi. XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimi də çox möhtəşəm idi. Təşkilat Komitəsi olimpiadada rus dilini bilən könüllüləri də işə cəlb etmişdi. Təsəvvür edin, həmin könüllülərin arasında azərbaycanlı tələbə qız da var idi. Bu, mənim qəlbimi sevinc və qürur hissi ilə doldurdu. Londonda metrostansiyalarından biri Olimpiya kəndi yaxınlığında yerləşirdi. Bizə metrodan və avtobusdan pulsuz istifadə etmək üçün kartlar təqdim olunmuşdu. Qeyd edim ki, London metrosu möhtəşəmdir və burada stansiyaların sayı çoxdur. Hətta ikimərtəbəli stansiyalar belə var. Geniş, təmiz parklarda gəzərkən xüsusi zövq alırsan. Nəqliyyatda hərəkət sağ tərəflidir. Maşınlarda isə sükanların yeri sağ tərəfdədir. London gözəl şəhərdir. Onun geniş və təmiz küçələri var. Maraqlıdır ki, qədim yerlərdə küçələr o qədər böyük deyil. Londonda Olimpiya avtobusları üçün xüsusi yollar nəzərdə tutulmuşdu. Xətlənmiş yollarla ancaq Olimpiya maşınları hərəkət edirdi. İstisna hallarda bu yolla yalnız təcili yardım maşınları gedə bilərdi. Pekində isə nəqliyyatda tıxacın qarşısını almaq üçün başqa üsuldan istifadə olunmuşdu. Yollarda cüt günlər cüt nömrəli, tək günlər isə tək nömrəli maşınların hərəkətinə icazə verilirdi.




"Pekində Olimpiya kəndinin yaxınlığında məscid var idi”


Pekin çox böyük, əzəmətli şəhərdir. Burada turizm yüksək səviyyədə inkişaf edib. Çində olasan, amma Böyük Çin səddinə baxmayasan, bu, qəbahət olardı. Doğrudan da, Çin səddi əzəməti və möhtəşəmliyi ilə seçilir. Kilometrlərlə uzanan Çin səddini bir günün içərisində gəzmək mümkün deyil. Dağların üstü ilə Çin səddinin tikilməsi möcüzədir. Olimpiya oyunlarının iştirakçıları üçün Pekinin görməli yerlərinə səyahət etmək pulsuz idi. Olimpiya kəndinin yaxınlığındakı məscidi görəndə həm sevindim, həm də təəccübləndim. Müsəlmanlar məsciddə namaz qılıb, Allaha dua edə bilərdilər. Olimpiya təəssüratlarından yaddaşımda özünəməxsus iz qoyan xatirələrdən biri də Londonda olarkən çayın üzərindəki kanatlarla gəzinti idi. Çay qırağındakı istirahət güşəsinin yanındakı məşhur "şeytan təkəri” bura gələnlərin marağına səbəb olurdu. Yüzlərlə turist hökumət evinin qarşısında, Temza çayının üzərindəki körpüdə şəkil çəkdirirdilər.



"Yolu keçən piyada özünü tam təhlükəsiz hiss edir”

Qeyd edim ki, Avropa ölkələrində sürücü -piyada münasibəti ideal səviyyədədir. Londonda olarkən piyada keçidə ayağını qoyan kimi sürücülər dərhal avtomobilin əyləcini basırlar. Yəni, Londonda yolu keçən piyada özünü tam təhlükəsiz hiss edir. Tıxac olmasına baxmayaraq, maşınlar öz hərəkət sırasını pozmurlar. İngilislər həddən artıq soyuqqanlı olsalar da, əcnəbi qonaqlara qarşı mehribanlıq nümayiş etdirirdilər. Yerli sakinlər bizi gülərüzlə gedəcəyimiz stansiyaya yolu başa salırdılar. Londonda türklər çox idi. Onlar oxuyur, işləyir və ticarətlə məşğul olurlar. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyaların prezidentləri tez-tez Olimpiya kəndində olur, idmançıları qələbəyə ruhlandırırdılar. Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. 2017-ci ildə isə Bakı IV Həmrəyliyi İslam Oyunlarına ev sahibliyi edəcək. İnanıram ki, paytaxtımız bu yarışlara ən yüksək səviyyədə ev sahibliyi edəcək və bu oyunların təşkilatçılıq səviyyəsi hələ uzun illər yaddaşlardan silinməyəcək.

Aysel