Azərbaycan Atıcılıq Federasiyası yığma komandanın qarşıdakı beynəlxalq oyunlara hazırlığını təmin etmək və eləcə də yüksək səviyyəli atıcılar hazırlamaq məqsədilə federasiyaya beynəlxalq dərəcəli baş məşqçilər və məşqçilər dəvət edib. Güllə atıcılığının tüfəng növü üzrə baş məşqçi 53 yaşlı serbiyalı Nemanya Mirosavlyev karyerası boyu 5 Yay Olimpiya oyununda, Dünya və Avropa çempionatlarında iştirak edib, 50 metr və 10 metr məsafəyə güllə atıcılığından yüksək nəticələr göstərib.
Stend atıcılığının səngər növü üzrə baş məşqçi Güray Ali Emre atıcılıq üzrə yüksək nəticələr nümayiş etdirən Türkiyə yığmasının məşqçisi olub.
Yığma komandadan əlavə, atıcı yetişdirmək üçün federasiya 4 beynəlxalq məşqçi ilə də müqavilə imzalayıb.
Mosin Vasili, Nalband Mert, İlnam Yavuz, Edin Faziliya Azərbaycanda məşqçi kimi fəaliyyətə başlayıb, müxtəlif növlər üzrə atıcıların hazırlığı ilə məşğul olacaqlar.