Ölkəmizdə müasir idman qurğularının istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman obyektlərinin inşası idman növlərinin inkişafına böyük təkan verir. Bu cür infrastrukturun sayəsində idmançılarımız müxtəlif yarışlarda uğurla çıxış edirlər. Böyük və müasir qurğulardan söz düşmüşkən, Azərbaycan Atıcılıq Federasiyasını xüsusilə qeyd etmək olar. Federasiyanın paytaxt Bakıda yerləşən Atıcılıq Mərkəzi dünya standartlarına cavab verir. Burada istənilən nüfuzlu idman yarışını keçirmək üçün əlverişli şərait var. Həmin Mərkəz 2015-ci ildə keçirilən I Avropa Oyunlarında qitənin ən sərrast idmançılarının mübarizə meydanına çevrilmişdi.
Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də regionlarda inşası isə ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığını nümayiş etdirir. Atıcılıq Federasiyasının Qəbələdə, Ağstafada, Salyanda və digər bölgələrdə müasir imkanlara malik olan qurğuları mövcuddur.
Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır.
Azərbaycan Atıcılıq Federasiyasının tarixinə nəzər salsaq görərik ki, ölkə idmanına böyük şöhrət gətirən idmançıların əksəriyyəti bu idman növündə uğurları ilə fərqləniblər. Onların arasında Olimpiya çempionumuz Zemfira Meftaxetdinova, Olimpiya mükafatçımız İradə Aşumova, dünya və Avropa miqyaslı yarışların mükafatçısı Ruslan Lunyov, Emin Cəfərov, Nurlana Cəfərova və digərlərini xüsusilə qeyd etmək olar. Bu idmançıların karyerası öz zənginliyi ilə digərlərindən fərqlənmir. Bu o deməkdir ki, Azərbaycan Atıcılıq Federasiyasının şanlı keçmişi, uğurlu bu günü, perspektivli sabahı var.
“Olimpiya dünyası” qəzeti bu sayında sərrast idmançılarımızın iştirak etdiyi və uğur qazandığı mötəbər idman tədbirlərindən bəhs edən yazını oxucularına təqdim edir.
Atıcılarımız Olimpiya Oyunlarında
Azərbaycan atıcılıq idman növündə ilk dəfə 1988-ci ildə keçirilən Seul Olimpiadasında təmsil olundu. Həmin vaxt SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 18 nəfər idmançı daxil edilmişdi. 6 medalın qazanıldığı oyunlarda stend atıcısı Valeri Timoxin mükafatçılar sırasından kənarda qalmışdı. O, 149 xallıq nəticə ilə 52 idmançı arasında 11-ci yeri tutmuşdu.
1992-ci ildə keçirilən XXV Yay Olimpiya Oyunlarında artıq SSRİ-nin dövlət quruluşu məhv olmuşdu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazanmışdılar. Suverenlik əldə etmiş respublikalar öz milli Olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında çıxış etdi. Beləliklə, komandamız açılış mərasimində təşkil olunan paradda tribunanın önündən üçrəngli Azərbaycan bayrağı altında keçmişdi. Azərbaycanı Barselona 1992-də 5 idmançımız - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı) və Valentina Popova (tennis) təmsil edirdi. Həmin heyətdə yer alan Valeri Timoxin olimpiadada 145 xallıq nəticə ilə 60 idmançı arasından 25-ci yerə layiq görülmüşdü.
1996-cı ildə təşkil olunan Atlanta Olimpiadasında 197 ölkədən 10 min 788 idmançı iştirak edirdi. Atletlər burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Ölkəmizi okeanın o tayında bu dəfə Valeri Timoxindən başqa İradə Aşumova da təmsil edirdi. Valeri Timoxin 116 xallıq nəticə ilə 54 idmançı arasında 38-ci yeri tutmuşdu. İradə Aşumova isə 10 metr pnevmatik tapançadan atəşaçmada 381 xal toplayaraq, ilk onluqda yer almışdı.
Ölkəmiz üçün atıcılıq idman növündə yeni dövr XX əsrin son olimpiadasına təsadüf etdi.
199 ölkənin iştirakı ilə təşkil olunan Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi.
Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftaxetdinova qazandırdı. Dairəvi stend yarışlarını 98 xalla (73+25) birinci yerdə başa vuran xanım təmsilçimiz müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionu kimi tarixdə yer aldı. Qeyd edək ki, onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira Meftaxetdinova bu növdə iki Olimpiya rekordu müəyyənləşdirdi.
Olimpiya Oyunlarının vətəni sayılan Afinada təşkil olunan XXVIII Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. Yeni minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan Vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Həmin mükafatçılar arasında atıcılarımız da yer almışdılar. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəşaçmada İradə Aşumova 687,3 (588+99,3) bürünc mükafata yiyələndi. Onun pnevmatik tapançadan 10 metr metr məsafəyə atəşaçma cəhdi 8-ci (481,4 (386+95,4)) yerlə yekunlaşmışdı. Dörd il əvvəl Olimpiya çempionu adını qazanan Zemfira Meftaxetdinova bu dəfə dairəvi stenddə 93 xalla (71+22)+1 bürünc mükafatla kifayətləndi. Bununla da o, Olimpiya oyunlarının ikiqat mükafatçıları sırasında yer aldı.
XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 44 idmançı ilə təmsil olunurdu. Uzaq şərqə ikiqat Olimpiya mükafatçısı kimi yollanan Zemfira Meftaxetdinova yarışları 63 xalla 15-ci pillədə başa vurdu. Bu xanım idmançımızın olimpiadalardakı sonuncu çıxışı kimi yadda qalsa da, onun göstərdiyi nəticələr müstəqil Azərbaycanın idman salnaməsində qızıl hərflərlə həkk olundu. Sonrakı Olimpiya oyunlarında İradə Aşumova, Ruslan Lunyov, Emin Cəfərov çıxış etsələr də, onların medal qazanmaq cəhdi baş tutmadı. Lakin bu hələ son deyil. Hazırda Azərbaycan Atıcılıq Federasiyası yeni idmançıların yetişməsi üçün böyük işlər görür. İnanırıq ki, yaxın illərdə Azərbaycan idmançıları Olimpiya oyunlarının mükafatçıları sırasında yer alacaqlar. Yeri gəlmişkən qeyd edək ki, Ruslan Lunyov Paris-2024 Olimpiya Oyunlarına vəsiqə əldə edən ilk idmançımızdır.
İslam Həmrəyliyi Oyunları da sərrastlarımız üçün yaddaqalan olub
Azərbaycan atıcıları Olimpiya Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarında da mükafatçılar sırasında yer alıblar. Təmsilçilərimiz bu oyunlarda ilk dəfə olaraq 2017-ci ildə paytaxtımızın ev sahibliyi etdiyi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında fərqləndilər. İslamiada çərçivəsində mayın 13-17-də təşkil olunan atıcılıq yarışları paytaxtımızın ən müasir idman obyektlərindən biri olan Bakı Atıcılıq Mərkəzində keçirildi. Atıcılarımız bu idman növündə ümumilikdə 10 - 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazandılar.
Yarışlarda uğurla iştirak edən Azərbaycan yığma komandasının üzvü Ruslan Lunyov 5 qızıl medala sahib çıxdı. O, 25 metrdən tapança ilə mərkəzə atəşaçma, eyni məsafədən sürətli atəşaçma, həmçinin standart tapança ilə atəşaçma və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada qızıl medallara layiq görüldü.
R.Lunyov növbəti qızıl medalını isə 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışında qazandı. Belə ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət cütlüyümüz finalda Oman yığmasına qalib gələrək, qızıl medala layiq görüldü. Bu, R.Lunyovun Bakı-2015-də qazandığı 5-ci qızıl medalı oldu. Azərbaycan yığması səngər stendi üzrə qarışıq komanda yarışlarında da üstünlüyü əldən vermədi. Belə ki, Əli Hüseynli və Aydan Camalova dueti 43 xal toplayaraq, qızıl medala layiq görüldülər.
Yığmamız dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medalla kifayətləndi. Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət cütlüyümüz finalda yalnız Bəhreyn komandasına güzəştə getdi. Qadınlar arasında səngər stendi yarışını isə Şəfəq Əmrahova gümüş medalla başa vurdu.
Atıcılıq yarışlarında dairəvi stend üzrə mübarizədə Nurlana Cəfərova gümüş medal qazandı.
Qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında isə idmançımız Nigar Nəsirova bürünc medala sahib oldu.
Atıcılarımız İslamiada yarışlarında növbəti uğurunu Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında əldə etdilər. Belə ki, stend atıcımız Nurlana Cəfərova İslamiadanın gümüş medalını qazandı. O, skit reytinq yarışlarında ikinci nəticə göstərdi. Stend atıcılığı üzrə skit qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Beləliklə, Konya-2021-də 12 idmançı ilə təmsil olunan Azərbaycan atıcıları yarışları 1 qızıl və 1 gümüş medalla başa vurdular.
Bu nəticələr bir daha onu deməyə əsas verir ki, Azərbaycan Atıcılıq Federasiyası bu növünün inkişafına böyük diqqət və qayğı ilə yanaşır. Yeni gənc nəslin yetişməsini qarşısına məqsəd qoyan federasiya rəhbərliyi həmçinin ölkəmizdə təşkil olunan nüfuzlu yarışlara da uğurla ev sahibliyi edir.
Belə ki, bu ilin avqust ayında Bakıda keçiriləcək dünya çempionatı da belə yarışlardan biri sayılır. Xatırladaq ki, bu barədə qərar Beynəlxalq Atıcılıq İdman Federasiyasının İcraiyyə Komitəsinin Kiprdə keçirilən iclasında qəbul edilmişdi. Dünyanın ən sərrast atıcılarının iştirakı ilə keçiriləcək yarışda hər Olimpiya növündə 4 lisenziya uğrunda mübarizə aparılacaq.
İnanırıq ki, paytaxtımız bu yaxınlarda təşkil olunan atıcılıq üzrə dünya kubokunda olduğu kimi, dünya çempionatında da uğurlu təşkilatçılıq nümayiş etdirəcək.
Anar Əhmədov
Azər Əlizadə