Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda ilk dəfə təşkil olunan kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Mərasimdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və Koreyanın Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən Dünya Taekvondosunun prezidenti Çunqvon Çu birinciliyin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Taekvondo dünyada geniş yayılmış idman növüdür. İnsanlar bu növlə kiçik yaşdan məşğul olurlar. Bizim qurum da taekvondonun bütün dünyada yayılması, uşaqların və gənclərin bu növlə məşğul olması üçün çalışır. Gələn ilin fevralında Böyük Britaniyada taekvondo üzrə dünya çempionatı keçiriləcək. Burada toplaşan idmançıların da qarşıdakı illərdə dünya arenalarında bacarıqlarını göstərəcəklərinə inanıram".
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. Federasiya prezidenti birincilikdə kiçikyaşlı idmançıların yarışında 400-dən çox idmançının iştirak etdiyini diqqətə çatdırıb. "Yarışda 400-dən çox uşağın mübarizə aparması ölkəmizdə taekvondoya olan yüksək səviyyədə maraqdan xəbər verir. Ümid edirəm ki, onlar dünya arenalarında da ölkəmizi uğurla təmsil edəcəkər", - deyə Kəmaləddin Heydərov deyib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də öz növbəsində idmançılara uğurlar arzulayıb: "Bu gün uşaqlar üçün böyük bayramdır. Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımız dünya miqyaslı yarışlarda uğurla mübarizə aparırlar. Onların sırasında taekvondoçular da var. Bu gün yarışda iştirak edən uşaqlar da gələcəkdə dünya çempionatında, olimpiadada ölkəmizi təmsil edəcəklər. Yeni nəslə bu imkanı yaratdığı üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm. Dünya Taekvondosu da daim Azərbaycanda bu idman növünün inkişafına töhfə verib. Onlara da təşəkkür edirəm".
Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq isə çıxışında yüksək təşkilatçılıqdan məmnunluq ifadə edib: "Bu birincilik Azərbaycanda ilk dəfə keçirilir. Bu təşəbbüsə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Uşaqlar bu idman növü ilə məşğul olmaqla həm sağlam həyat tərzi sürürlər, həm də ədəb-ərkanlı davranmağı öyrənirlər. Koreya ilə Azərbaycan müxtəlif sahələrdə sıx münasibətdədir. İdman da bu birliyin möhkəmlənməsində mühüm yer tutub. Gələcəkdə ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq".
Rəsmi çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, birincilikdə 20 çəki dərəcəsi üzrə 446 idmançı mübarizə aparır.
Taekvondo üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib