Bakıdakı Dünya Kubokunda stend atıcılığının dairəvi növündə qaliblər müəyyənləşdi

Bakıdakı Dünya Kubokunda stend atıcılığının dairəvi növündə qaliblər müəyyənləşdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışları davam edir.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün qadınlar və kişilər arasında stend atıcılığının dairəvi növündə qaliblər müəyyənləşib. 

Qadınlar arasında keçirilən yarışlarda təcrübəli Danka Bartekovanın qalib olacağına ümid bəslənilsə də, slovakiyalı atlet bürünc medala layiq görülüb. Qızıl medal uğrunda mübarizədə ABŞ-ı təmsil edən Ousten Smitlə italyalı Martina Maruzzo münasibətlərinə aydınlıq gətirib. Yarışboyu inamlı çıxışı ilə seçilən O.Smit qızıl medala yiyələnib. M.Maruzzo isə gümüş medalla kifayətlənib.

Bakıda keçirilən Dünya Kuboklarında ardıcıl 3-cü dəfə qızıl medal qazanan Ousten Smit qalibiyyətlə bağlı düşüncələrini bölüşüb:

“Bakı mənim üçün etimadı gücləndirən yerdir. İllərdir beynəlxalq yarışlarda mübarizə aparıram və hər dəfə Bakıdan qızıl medalla qayıdıram. Bu uğur mənə əlavə motivasiya verir. Qazandığım medalı hər zaman yanımda olaraq mənə dəstək verən, uğurlarım üçün dua edən anama və atama həsr edirəm.

Medal uğrunda mübarizədə Danka Bartekova ən təhlükəli rəqibim idi. O, mən və mənim kimi gənc stend atıcılar üçün ideal olub. Dankanı uşaq yaşlarımdan tanıyıram və izləyirəm. Etiraf edim ki, hər dəfə ondan ehtiyat etmişəm.

Finalboyu inamlı görünməyimin sirri nə idi? Bu, mental məşqlərin nəticəsidir. Atıcılıq 10 faiz fiziki, 90 faiz psixoloji hazırlıq tələb edir. Həlledici mərhələdə psixoloji baxımdan özümü idarəetmə bacarığı məndə əminlik yaradırdı”.

Kişilərin mübarizəsinin final mərhələsində nadir hallarda rast gələ biləcəyimiz hadisə baş verib. Medallar uğrunda yarışan üç atletin hər birinin fərqli qitələri (Asiya, Amerika, Avropa) təmsil etməsi maraq doğurub.

Qızıl medalı qazanmaq üçün çinli Jianlin Lyu ilə argentinalı Federiko Gil münasibətlərinə aydınlıq gətirib. Yarışboyu dəqiq atışları ilə seçilən Federiko həlledici anda büdrəyərək gümüş medala sahib olub. Qızıl medal isə çinli Jianlin Lyunun aktivinə yazılıb. Bürünc medalın sevincini İngiltərəni təmsil edən Ben Levellin yaşayıb.

Bu yarışda Argentinanın adına ilk medalı qazanan Federiko Gil fikirlərini bildirib:

“Bakıya tez-tez gəlirəm. Bu, üçüncü səfərim olsa da, burada qazandığım ilk medaldır. Dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən birində yarışmaq mənim üçün xoşdur. Möhtəşəm tədbirdə uğur qazandığım üçün özümü xoşbəxt hiss edirəm.

Əlbəttə, məqsədim “qızıl” qazanmaq idi. Təcrübəm də buna imkan verirdi. Amma bəzən təcrübə də kömək etmir. Bu gün bunun şahidi oldunuz. Günəş şüası hədəfləri dəqiq görməyimdə müəyyən çətinliklər yaradırdı. Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, çinli rəqibim fərqli rəngli gözlükdən istifadə etdiyi üçün atışları dəqiq alınırdı”.

 

Bakıdakı Dünya Kubokunda stend atıcılığının dairəvi növündə qaliblər müəyyənləşdi Bakıdakı Dünya Kubokunda stend atıcılığının dairəvi növündə qaliblər müəyyənləşdi