Olimpiya Oyunları təkcə idmandakı rekordlardan və əldə olunan nailiyyətlər ibarət deyil. Oyunların əsas prinsipi ədalət, qarşılıqlı yardım, hörmət və dostluqla əlaqəlidir. Bütün dünya bu prinsiplərin hələ də əsas olduğunu Paris-2024-də bir daha hiss etdi. XXXIII Yay Olimpiya Oyunlarında Braziliya və Anqola həndbolçuları arasında baş vermiş hadisə dünya mediasının manşetinə çevrildi.
Qadın həndbolçular arasında keçirilən turnirin ilkin seçmə mərhələsinin son oyununda Braziliya və Anqola milliləri qarşılaşdı. Hər iki komanda üçün oyunun nəticəsi vacib idi. Qalib tərəf Parisdə qalıb, məğlub isə mübarizəni dayandıracaqdı. Görüşün 36-cı dəqiqəsində Anqola millisi rəqibinə 8:16 hesabı ilə uduzurdu. Bu məqamda Afrika təmsilçisinin kapitanı Albertina Kasoma dizindən zədə aldı. Ona ilkin yardım göstərilsə də, yekun qərara görə o, meydanı tərk etməli idi. Komandanın həkimi və qapıçısı idmançının zədəli ayağına təzyiq göstərmədən ayağa qalxmasına kömək etməyə çalışdılar. Kasoma ən azı ehtiyat oyunçular üçün nəzərdə tutulmuş skamyaya ağrısız çatmalı idi. Bu zaman bütün zalın ayaq üstündə alqışladığı bir hadisə baş verdi. Onun rəqibi, Braziliya millisinin üzvü Tamires Morena Lima de Araujo anqolalı qızın köməyinə çatdı. O, özündən xeyli hündür və böyük olan Albertinanı qucağına alaraq skamyaya apardı.
“Albertina uzun illərdir mənim dostumdur. İkimiz də Rumıniya çempionatında oynayırıq. Mən ona kömək etməyə bilməzdim. Mənim ona xüsusi sevgim var. Mən onu qucağıma götürəndə bu sözləri dedi: "Çox sağ ol dostum. Məni yalnız sən qaldıra bilərdin. Dizim çox incidir”, - deyə Araujo bildirib.
Məlumat üçün bildirək ki, qarşılaşmada Braziliya komandası qalib gələrək, 1/4 finala yüksəlib. Amma bu görüşün idman nəticəsi haradasa arxa planda qaldı. Çünki Olimpiya Oyunları bir daha sübut etdi ki, bəşəriyyət nəticələrdən daha vacibdir.
Hazırladı: Anar Əhmədov